Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının üçtərəfli görüşü keçirilib
Far.Az xəbər saytı

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının üçtərəfli görüşü keçirilib


Avqustun 10-da Vaşinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker və Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan arasında üçtərəfli görüş keçirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş 8 avqust 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton Sammitinin birinci ildönümündə baş tutub və Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə həsr olunub.

Görüş zamanı tərəflər Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) təşəbbüsü ilə bağlı son vəziyyət və növbəti addımlar barədə fikir mübadiləsi aparıblar. Bu çərçivədə, müvafiq anlaşmaların həyata keçirilməsinin irəlilədilməsi, habelə TRIPP-in maneəsiz regional bağlantının, iqtisadi inkişafın və davamlı sülhün təmin olunmasına töhfə vermək potensialının reallaşdırılması istiqamətində səylər müzakirə edilib.

Tərəflər, həmçinin Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə davam edən prosesə dair fikir mübadiləsi aparıb, əldə olunmuş razılaşmalar əsasında bu istiqamətdə praktiki işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qarşılıqlı etimadın möhkəmləndirilməsinə və sülh prosesinin davamlı şəkildə həyata keçirilməsinə dəstək verən etimad quruculuğu tədbirlərinə xüsusi diqqət yetirilib.

Tərəflər Vaşinqton Sammitinin birinci ildönümündə üçtərəfli görüşə ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə edib və əldə olunmuş öhdəliklərin konkret nəticələrə çevrilməsinin əhəmiyyətini vurğulayıblar.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər