Ratomir Deliç "Neftçi SOCAR"ın əsas hədəfini açıqlayıb
Far.Az xəbər saytı

Ratomir Deliç "Neftçi SOCAR"ın əsas hədəfini açıqlayıb


3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası üçün əsas hədəf Dünya Qadın Seriyasının final mərhələsinə vəsiqə qazanmaq və orada maksimum nəticə göstərməkdir.

"Report" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Ratomir Deliç Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Mütəxəssis paytaxt təmsilçisinin oyunçularının bu mövsüm ciddi zədələrlə üzləşdiyini söyləyib:

"Lakin bu sınaqdan üzüağ çıxa bildik. Bu proses bir komanda olaraq böyüdüyümüzü və yeni transferlərin komandaya uyğunlaşmasını necə sürətləndirdiyimizin sübutudur. Yeni gələnlərin kollektivə bu dərəcədə tez uyğunlaşması həqiqətən təsirlidir. Onlar sanki illərdir bu komandanın bir parçasıdırlar. ​"Neftçi SOCAR" üçün əsas hədəf Dünya Qadın Seriyasının final mərhələsinə vəsiqə qazanmaq və orada maksimum nəticə göstərməkdir. Hesab edirəm ki, müntəzəm mövsümün sonunda ilk 2 pillədən birini tutmaq üçün hələ də real şanslarımız var və bu, bizə böyük uğur gətirə bilər. ​Bu həftəsonu Azərbaycanda keçiriləcək yarışda meydana yenidən bir-biri ilə oynamamış yeni heyətlə çıxacağıq. Buna baxmayaraq, tam hazır vəziyyətdəyik. Hazırda ən vacib məqam gələn ayın əvvəlindəki həlledici matçlara addım-addım hazırlaşmaqdır. ​Milli komanda olaraq olimpiya təsnifat turnirlərinə vəsiqə uğrunda mübarizədə də yaxşı mövqedəyik. Bu, uzunmüddətli əsas hədəfimizdir. Bir sözlə, bu mövsüm indiyə qədər ortaya qoyduğumuz işlərdən tam razıyam".

Azərbaycan millisinin də baş məşqçisi olan R.Deliç yığmanın bu il indiyədək kifayət qədər uğurlu çıxış etdiyini vurğulayıb:

"Dünya Kubokunda yüksək performans göstərsək də, təəssüf ki, turniri tam heyətlə başa vura bilmədik və son gün bizim üçün xüsusilə çətin keçdi. Buna baxmayaraq, hətta 3 oyunçu ilə belə, xüsusən yarımfinalda əsl əzmkarlıq nümayiş etdirdik. ​Avropa Kubokunun təsnifat mərhələsi də bizim üçün unudulmaz oldu. İki möhtəşəm günü geridə qoyduq və yenə də 3 basketbolçu ilə vacib qələbə qazandıq. Mövsüm ərzində üzləşdiyimiz zədə problemlərinə rəğmən, qızların bütün çətinliklərə sinə gərərək mübarizə aparması və nəticə qazanması qürurvericidir. ​Önümüzdə hələ çox vacib bir turnir var və orada da özümüzü ən yaxşı tərəfdən göstərməliyik. Həmişə dediyim kimi, meydana tam diqqət və yüksək enerji ilə çıxsaq, nəticədən asılı olmayaraq, komandamla fəxr edəcəyəm".

Xatırladaq ki, Azərbaycan millisi və "Neftçi SOCAR" avqustun 15-16-da Dünya Qadın Seriyasının "Sea Breeze"də keçiriləcək mərhələsində çıxış edəcək.​

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Report" komandası 3x3 basketbol turnirində ikinci yeri tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər