Nurlan Babazadə: "Gömrük əməliyyatlarının bir qismi səlahiyyətli iqtisadi operatorlara ötürüləcək"
Far.Az xəbər saytı

Nurlan Babazadə: "Gömrük əməliyyatlarının bir qismi səlahiyyətli iqtisadi operatorlara ötürüləcək"


Azərbaycanda səlahiyyətli iqtisadi operator (SİO) statusunun verilməsi, dayandırılması və ləğv edilməsinə dair yeni qaydalar hazırlanacaq. Artıq Prezident İlham Əliyev bununla bağlı Gömrük Məcəlləsində edilmiş dəyişikliyi təsdiq edib. Dövlət başçısının imzaladığı müvafiq fərmana əsasən, Nazirlər Kabineti səlahiyyətli iqtisadi operator statusunun verilməsi, dayandırılması və ləğv edilməsi qaydasını, həmçinin bu statusun əldə olunması üçün müraciətə əlavə edilən sənədlərin siyahısını 6 ay müddətində hazırlayıb ona təqdim etməlidir. Bundan əlavə, hökumət qanunvericilik aktlarının yeni dəyişikliklərə uyğunlaşdırılmasını təmin etməli, qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. Bu mövzuda "Far.Az"un suallarını Dövlət Gömrük Komitəsinin Gömrük Siyasəti Baş İdarəsinin Qanunvericilik şöbəsinin rəisi Nurlan Babazadə cavablandırıb:

- Azərbaycanda SİO statusunun verilməsi, dayandırılması və ləğvi ilə bağlı yeni qaydaların hazırlanmasını zəruri edən əsas səbəblər hansılardır?

- Qlobal ticarətin inkişafı və beynəlxalq təchizat zənciri boyu artan imkanlar, gömrük inkişaf modeli prinsiplərinə uyğun olaraq biznes subyektləri üçün sadələşdirilmiş gömrük həllərini bir araya gətirən səlahiyyətli iqtisadi operator institutunun tətbiqini zəruri edib. Sadələşdirilmiş və təhlükəsiz ticarət prinsipləri üzərində qurulan səlahiyyətli iqtisadi operator institutu etibarlı tərəfdaşlar üçün dövlət tənzimləmə mexanizmlərinin modern əsaslarla tətbiqi aləti, o cümlədən gömrük-biznes əməkdaşlığının nümunəvi platformasıdır.

Səlahiyyətli iqtisadi operatorlar xarici ticarətin asanlaşdırılması məqsədilə gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından prioritet qaydada istifadə edən xarici ticarət iştirakçılarıdır. Adıçəkilən institutun inkişaf etdirilməsinin hüquqi əsasları ölkə Prezidentinin 2025-ci il 5 dekabr tarixli sərəncamı ilə təsdiqlənmiş "Etibarlı Tərəfdaş Konsepsiyası" və "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2026-cı il 19 iyun tarixli qanunun tətbiqi və "Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" qanunun tətbiqi barədə" ölkə Prezidentinin 2011-ci il 15 sentyabr tarixli fərmanında dəyişiklik edilməsi haqqında" ölkə Prezidentinin 2026-cı il 4 avqust tarixli fərmanı ilə müəyyən edilib. Gömrük orqanları ilə biznes subyektləri arasında etibarlı tərəfdaşlıq modelinə və qarşılıqlı dialoqa əsaslanan bu institutun təkmilləşdirilməsi xarici ticarət əməliyyatlarının daha çevik, sürətli və proqnozlaşdırıla bilən qaydada həyata keçirilməsinə imkan yaradacaq. SİO qlobal təchizat zəncirinin idarə edilməsində yüksək təhlükəsizlik, səmərəlilik və etibarlılıq standartlarına sadiqliyin nümunəsidir.

- Yeni qaydalar mövcud mexanizmdən hansı əsas fərqləri ilə seçiləcək? Biznes subyektləri üçün hansı dəyişikliklər nəzərdə tutulur?

-Yeni qaydaların tətbiqi ilə SİO fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsi, müvafiq fəaliyyət istiqamətləri və etibarlılıq səviyyələri üzrə təsnifləşdirilməsi, habelə onlara təqdim olunan sadələşdirmə və üstünlüklərin artırılması nəzərdə tutulur. Həmçinin gömrük əməliyyatlarının bir qisminin gömrük orqanlarından səlahiyyətli iqtisadi operatorlara ötürülməsi mexanizminin formalaşdırılması planlaşdırılır.

Qeyd olunanlarla yanaşı, gömrük ödənişlərinin bir müddət sonra ödənilməsinə imkan yaradacaq ikipilləli buraxılış sistemindən istifadə, idxal əməliyyatları üzrə malların birbaşa fəaliyyət zonalarına aparılması, ixrac əməliyyatları üzrə məhsulları birbaşa dövlət sərhədindən buraxılış məntəqələrinə göndərilməsi, habelə idxal, ixrac və tranzit əməliyyatları üzrə dövlət xidmətlərinin göstərilməsi zamanı qanunvericiliklə nəzərdə tutulan sadələşdirmə və üstünlüklərdən istifadə edə imkanları ticarət dövriyyəsinin genişlənməsinə xidmət edəcək.

- SİO statusunun alınması üçün hansı meyarlar mövcuddur? Yeni qaydalarda SİO statusunun dayandırılması və ya ləğvi hansı hallarda tətbiq ediləcək?

-Azərbaycan Gömrük Məcəlləsinə və Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş "Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması Qaydaları"na əsasən bu statusu əldə etmək istəyən şəxslər malların təyinat yerinə çatdırılmasını Ümumdünya Gömrük Təşkilatının müəyyən etdiyi təhlükəsizlik norma və standartlarına uyğun təmin etmək imkanına, gömrük və vergi qanunvericiliyinin tələblərinə riayət göstəricilərinə, gömrük nəzarəti baxımından əhəmiyyətli kommersiya və nəqliyyat sənədlərinin idarə edilməsinə dair qənaətbəxş sistemə, gömrük ödənişlərini və digər ödənişləri həyata keçirmək üçün yetərli maliyyə imkanlarına, informasiya mübadiləsini lazımi səviyyədə təmin edən texniki bazaya malik olmalıdır.

SİO statusu "Lisenziya və icazələr haqqında" Qanuna müvafiq olaraq icazə əsasında əldə olunur. SİO statusunun dayandırılması və ya ləğvi əsasları da sözügedən qanuna uyğun olaraq Ümumdünya Gömrük Təşkilatının standartları və tələbləri nəzərə alınmaqla təkmilləşdiriləcək.

- SİO statusuna malik Azərbaycan şirkətlərinin digər ölkələrin analoji proqramları ilə qarşılıqlı tanınması istiqamətində yeni addımlar planlaşdırılırmı?

-"Etibarlı Tərəfdaş Konsepsiyası"nda nəzərdə tutulmuş tədbirlərə əsasən səlahiyyətli iqtisadi operatorların qarşılıqlı tanınması haqqında hökumətlərarası sazişlərin həmsərhəd və digər ölkələrlə imzalanması üzrə işlərin aparılması nəzərdə tutulur. Qarşılıqlı tanınma sazişləri nəticəsində səlahiyyətli iqtisadi operator statusuna malik şəxslər, xüsusilə ixracatçılar sazişlərin tərəfi olan ölkələrdə sərhədkeçmə və gömrük rəsmiləşdirilməsi proseslərində müvafiq sadələşdirilmələrdən istifadə imkanına malik olacaqlar. Bu isə mal və nəqliyyat vasitələri üzrə əməliyyatların daha sürətli və təhlükəsiz həyata keçirilməsinə, sərhəddə gözləmə müddətinin qısaldılmasına və logistika xərclərinin azalmasına şərait yaradacaq. Həmçinin qarşılıqlı tanınma sazişləri Azərbaycanın xarici ticarət iştirakçılarının tərəfdaş ölkələrin bazarlarına çıxış imkanı yaratmaqla ixrac potensialımızın artırılmasına təkan verəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər