CPC: Orta Dəhlizlə yükdaşımaların ümumi həcmi 2021-ci illə müqayisədə 9 dəfə artıb
Son illərdə Orta Dəhliz heyranlıq doğuran artım dinamikası nümayiş etdirib - 2025-ci ilə qədər bu marşrutla daşınan yüklərin ümumi həcmi 4,12 milyon ton təşkil edib ki, bu da 2021-ci ilin göstəricilərini 9 dəfə üstələyir.
"Report" xəbər verir ki, bu barədə ABŞ-də fəaliyyət göstərən "Caspian Policy Center"in (CPC) məqaləsində qeyd olunub .
Müəllifin sözlərinə görə, bu yük axınının demək olar ki, hamısı Xəzər dənizindən keçib. Bunun nəticəsində inkişaf etmiş liman infrastrukturu və kifayət qədər dəniz potensialı marşrutun fəaliyyət qabiliyyətinin həlledici amillərinə çevrilib. Sərhəd məntəqələrində və Xəzər dənizindəki limanlarda ləngimələr 2024-cü ildə daşıma həcmlərinin faktiki olaraq 8,4 % azalmasını şərtləndirib ki, bu da infrastrukturun modernləşdirilməsinə kəskin ehtiyac olduğunu əyani şəkildə nümayiş etdirir.
"Düzgün liman idarəçiliyi və nizamlanmış gömrük prosedurları yükdaşımaların səmərəliliyini artırmağa qadir olsa da, bərə əlaqəsinin məhdud buraxılış qabiliyyəti Orta Dəhlizin gələcək inkişafı üçün fiziki maneə yaradır. Bununla əlaqədar olaraq Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzər dənizini problemli "dar boğaz"dan nəqliyyat sisteminin dayaq elementinə çevirmək məqsədilə yeni gəmilərin alınmasına və gəmiqayırma müəssisələrinin inşasına böyük investisiyalar yönəldiblər", - məqalədə qeyd olunub.
Müəllif vurğulayıb ki, Azərbaycana gəlincə, gəmiqayırma sənayesinin nisbətən gənc iştirakçısı olmasına baxmayaraq, ölkə artıq Xəzərdə əsas oyunçu nüfuzunu qazanıb. Bakı Gəmiqayırma Zavodu 2013-cü ildə fəaliyyətə başlayıb və bütün Xəzəryanı dövlətlər arasında ən qabaqcıl texniki təchizata malikdir:
"Müəssisə hər il dedveyti 15 min ton olan 4-dək tankerin və ya dedveyti 60-70 min ton olan 2 tankerin istehsalı üçün nəzərdə tutulub. Fəaliyyət göstərdiyi müddət ərzində tərsanədə 14 gəmi inşa edilib, daha 11-i tikinti mərhələsindədir, 6-sı isə layihələndirmə mərhələsindədir. Əgər cari sifarişlərin əsas hissəsi daxili sifarişçilərin payına düşürsə, 4 gəmi xarici dövlətlər üçün nəzərdə tutulub.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iki gəmi sifariş edib, onlardan biri artıq inşa edilir, Qazaxıstan isə daha iki gəmi sifariş verib. Rusiya da beş neft tankeri sifariş etməyə maraq göstərib, lakin hazırda Bakı Gəmiqayırma Zavodu əlavə layihələri yerinə yetirmək üçün sərbəst istehsal gücünə malik deyil".
Xarici sifarişçilərlə işləməklə yanaşı, tərsanə Azərbaycan üçün diplomatik alətə çevrilib. Müəllif xatırladır ki, 2026-cı ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan dövlət başçısı Sərdar Berdiməhəmmədova "Dostluq" neft tankerini hədiyyə edib. Bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilib və bu jest həm Azərbaycanın gəmiqayırma sahəsindəki nailiyyətlərini, həm də onun Xəzərdə regional əlaqələrin möhkəmləndirilməsinə olan səyini əyani şəkildə nümayiş etdirib.
Qazaxıstan isə öz növbəsində inkişaf etmiş hərbi-dəniz sektoru ilə paralel olaraq mülki gəmiqayırma sahəsində mövqelərini gücləndirir. Kurık limanında hər il 2 ticarət və 5 köməkçi gəmi buraxmaq qabiliyyətinə malik, dəyəri 135 milyard tenge (292 milyon ABŞ dolları) olan yeni tərsanənin inşası aparılır. Eyni zamanda, Manqistau vilayətində ikinci gəmiqayırma müəssisəsinin inşası ilə bağlı Niderlandın "Damen" şirkəti ilə 100 milyon avro dəyərində müqavilə imzalanıb.
Türkmənistan isə mayda ilk gəminin - quru yük gəmisinin istismara verildiyi Türkmənbaşıdakı Balkan Gəmiqayırma Zavodunun imkanlarından istifadə edir.
Eyni zamanda, Rusiya və İran "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə töhfə vermək üçün gəmiqayırma imkanlarını inkişaf etdirir. Belə ki, Həştərxan vilayətindəki Rusiya tərsanələri Volqa-Don kanalının qabarit məhdudiyyətlərini nəzərə alaraq konteyner və quru yük gəmilərinin istehsalı proqramlarını həyata keçirir. İran isə logistik və mövsümi çətinliklərə baxmayaraq, istehsal gücləri və Rusiyanın su arteriyaları üzərindən həyata keçirilən tədarüklər vasitəsilə Xəzər donanmasını genişləndirir.
"Xəzəryanı dövlətlər ticarət donanmalarının və gəmiqayırma potensialının genişləndirilməsinə mühüm resurslar yatırır. Azərbaycan, Qazaxıstan və Türkmənistan Avropa ilə Asiya arasında birləşdirici halqa kimi Orta Dəhlizin səmərəliliyinin artırılmasına diqqət yetirir, Rusiya və İran isə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində maraqlarını irəli sürməyə köklənir. Suyun səviyyəsinin aşağı düşməsinin daimi bir təhlükə təşkil etməsinə baxmayaraq, dibdərinləşdirmə işləri kimi müvəqqəti həllər ticarət dövriyyəsini qoruyub saxlamağa imkan verir. Bu ölkələrin dəniz ticarətini inkişaf etdirmək üçün sahilyanı ərazilərindəki səyləri göstərir ki, nə qədər ki, Xəzərdə su olacaq, o, strateji kəsişmə nöqtəsi olaraq qalacaq", - müəllif vurğulayıb.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













