Cənubi Qafqaza sülh qazandıran Azərbaycan - "Sentrokaspi"ni gömən Bakı - ŞƏRH
Far.Az xəbər saytı

Cənubi Qafqaza sülh qazandıran Azərbaycan - "Sentrokaspi"ni gömən Bakı - ŞƏRH


Bu gün Bakının daşnak - "Sentrokaspi diktaturası"ndan azad edildiyi tarixi gündür.

1918-ci ilin martında ermənilər Azərbaycanda, indiki Ermənistan ərazisində, Güney Azərbaycanın bir sıra şəhər və kəndlərində havadarlarının yardımı ilə azərbaycanlılara qarşı soyqırım törətdilər. Bu fakt Azərbaycanın siyasi qüvvələr, ziyalılar, mütərəqqi insanların dost və düşməni tanımasına, ölkənin gələcəyinin müəyyənləşməsinə şərait yaratdı.

1918-ci il martın əvvəllərində daşnak-bolşevik Stepan Şaumyan Moskvaya göndərdiyi teleqramda Bakı Sovetinin qoşunlarının 7 min bolşevik və 4 min erməni silahlısından ibarət olduğunu yazmışdı.

Həmin ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Bakı başda olmaqla Azərbaycanın işğaldan azad olması uğrunda mütəşəkkil mübarizə həmin tarixdən sonra başlamışdı.

1918-ci il avqustun 1-də Bakı şəhərində daşnaklar və menşeviklər tərəfindən "sentrokaspi hökuməti" qurulmuşdu. Onlar cəmi 45 gün hakimiyyətdə qalmışdı. Bu oyuncaq diktatura yarandığı ilk gündən Bakını Qafqaz İslam Ordusundan qorumaq üçün İranda (Ənzəlidə) yerləşən ingilis hərbi qüvvələrini rəsmən köməyə çağırmış və şəhərə daxil olmalarını tələb etmişdi. Bu tələb nəticəsində avqustun 4-də ilk ingilis hərbi dəstəsi Bakıya gəlmişdi.

"Sentrokaspi hökuməti" bolşeviklərdən ibarət Bakı Kommunasını süquta uğratmış, özünün diktaturasını qurmuşdu.

1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakını azad etməyə başlamışdı.

Sentyabrın 14-də Qafqaz İslam Ordusunun Bakı üzərinə qəti hücumu zamanı ingilislər şəhəri tərk etdikdən sonra çıxılmaz vəziyyətdə qalan "Sentrokaspi diktaturası" xarici konsulluqların vasitəçiliyi ilə şəhərin təslim edilməsi şərtlərini qəbul etmək məcburiyyətində qalmışdı. Sentyabrın 15-də isə diktatura tamamilə ləğv edilmiş və Bakı azad olunmuşdu.

Bakının azad olunması Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsi üçün təməl idi. Çünki Bakı nefti Azərbaycan iqtisadiyyatının əsasını təşkil edirdi. Eləcə də Böyük Britaniya və onun müttəfiqlərinin bu sahəyə xüsusi marağı var idi.

Bakı kommunası və "Sentrokaspi diktaturası"nın Azərbaycan türklərinə, müsəlmanlara qarşı savaşı sonralar indiki Ermənistan ərazisində, Güney Azərbaycanda Urmiya, Salmas, Xoy, Muğan və başqa bölgələrdə, Azərbaycanın Gəncə, Quba, Şamaxı, Qarabağ, Bakı ölkənin digər şəhər və rayonlarında davam edib. Bu, sonralar Ermənistanın Azərbaycana qarşı müharibəsi, onun torpaqlarının işğalı ilə özünü göstərib.

Deməli, Bakının hər iki halda - Bakı kommunası və "Sentrokaspi diktaturası" tərəfindən işğalının əsas mahiyyəti onu ermənilərə təhvil vermək olub. Xarici qüvvələrin əsas hədəfi Bakını ermənilərin nəzarətinə verib, onun neftini istismar etmək imiş.

Elə bu kimi səbəblərdən də Azərbaycanın tanınmasını ABŞ ləngitdi. O vaxt Ştatlar Azərbaycanın müstəqilliyinə himayədarlıq etməmişdi.

Keçmiş çar Rusiyası ərazisində qurulmuş yeni dövlətlərin müstəqilliyinə yardım edilməməsi, onların dəstəklənməməsi daha böyük faciənin baş verməsinə şərait yaratmışdı. Nəticədə bolşevik işğalı 70 ilə yaxın sürmüşdü.

Sovetlərin dağılması ilə "Sentrokaspi diktaturası" və kommunanın başladığı anti-Azərbaycan hərəkatı yenidən baş qaldırdı. 1988-ci ildən sovet hərbçilərinin dəstəyi ilə ermənilərin azərbaycanlıları Ermənistandakı dədə-baba yurdlarından qovmaq prosesi davam etdi. Bu, sonrakı illərdə Azərbaycanın başqa rayonlarına da keçdi. Ermənistan yenə də xarici havadarlarının yardımı ilə Azərbaycanın Qarabağ və ətraf rayonlarını işğal etdi. Erməniləri müdafiə adı altında sovet ordusu Bakıda, Neftçalada, Lənkəranda dinc sakinləri qətlə yetirdi.

Sonrakı illərdə də Ermənistanın işğal etdiyi ərazilərdə, o cümlədən Xocalıda yerli azərbaycanlılara qarşı soyqırım törədildi.

Azərbaycan Birinci Qarabağ müharibəsində işğalın qarşısını müəyyən mənada ala bilmişdi. Ancaq 2020-ci il sentyabrın 27-də başlamış İkinci Qarabağ müharibəsi 102 il əvvəl ermənilərin və havadarlarının öldürdüyü, qətlə yetirdiyi on minlərlə azərbaycanlının qanını, intiqamını aldı. Azərbaycan torpaqları işğaldan azad edildi. Bununla da təkcə Azərbaycanda deyil, elə Cənubi Qafqazda da yeni şərait yarandı.

Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etməklə Ermənistanı da xülyadan, onun inkişafına mane olan problemlərdən xilas etdi.

Daha sonra Azərbaycan Türkiyə ilə Şuşa bəyannaməsini imzaladı. Bu vaxtilə Nuru paşanın başçılıq etdiyi ordunun gəlişinə qarşı olan qüvvələrə 103 il sonra verilən yeni ismarış idi. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, bu müddət ərzində dövlət müstəqilliyini və suverenliyini möhkəmləndirir. Ermənistanın işğalı nəticəsində Qarabağ və ətraf rayonlardan qaçqın düşmüş sakinlər evlərinə qayıdırlar. İşğalçı dövlətin törətdiyi cinayətlər nəticəsində dağılmış sosial, mədəni, inzibati binalar bərpa olunur. Yeni yollar, infrastruktur layihələri, qovşaqlar, tunellər və s. salınır.

Azərbaycana qarşı olanlar belə hazırda onun beynəlxalq miqyasda artan nüfuzu ilə hesablaşırlar. Ölkə qlobal təhlükəsiz energetika təchizatında aparıcı rollardan birinə malikdir. Rəsmi Bakının təşəbbüsü ilə Zəngəzur yolu (TRIPP) layihəsinin gerçəkləşməsi istiqamətində də Vaşinqtonla İrəvan mühüm addımlar atır.

Azərbaycanın Ermənistana təqdim etdiyi sülh təklifi əsasında Bakı ilə İrəvan arasında mühüm işlər görülür. Tərəflərin rəsmiləri biri-birinin ərazisində görüşürlər. Azərbaycan Ermənistana tranzit yolunu açaraq bu ölkəyə taxıl, tikinti materialları, neft məhsullarının keçməsinə şərait yaradır.

Rəsmi Bakı İrəvana əməkdaşlıq, sülh və münasibətlərin normallaşdırılmasının faydalı olduğunu əməli addımları ilə nümayiş etdirir. Azərbaycan ikitərəfli münasibətlərin yaranması üçün vacib olan etimad mühitinin formalaşması istiqamətində mütərəqqi addımlar atır.

Rəsmi Bakı davranışı, əməli işləri ilə qarşı tərəfə bir əsrdən artıq davam edən türk düşmənliyi xəstəliyindən xilas olmaq üçün şərait yaradır. Ermənistanın mövcud təcavüzkar konstitusiyasını dəyişdirəcəyi, ermənilərin qondarma soyqırımın beynəlxalq miqyasda tanınması hikkəsindən imtinası, Ağrı dağı, habelə qonşu dövlətlərə yersiz ərazi iddiasından əl çəkməsi və başqa bu kimi "dənizdən-dənizə" xülyası ətrafında formalaşmış "ermənilik" etnik ideoloji sistemindən uzaqlaşmaq istiqamətində fəaliyyətini, cəhdlərini bunun nəticəsi saymaq olar.

Azərbaycanı parçalayıb, onu əyalətlər şəklində özünə birləşdirmək istəyənlər, azərbaycanlıları Cənubi Qafqazdan köçürməyə çalışanlar, ermənilərin xislətindən "Sentrokaspi diktaturası" adı altında istifadə etmək istəyənlər də baş verənlər fonunda mövqelərində dəyişiklik etməyə məcbur olublar.

Azərbaycan yürütdüyü daxili və xarici siyasi kursu, torpaqlarının işğaldan azad olunması, regionda sülh, normallaşma prosesi istiqamətində atdığı addımlarla Cənubi Qafqazı beynəlxalq miqyasda cəlbedici edib.

Rəsmi Bakı Prezident İlham Əliyevin rəhbərliyi ilə Xəzərdən keçən Orta dəhlizin əsas təşəbbüskarlarındandır. Layihə 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın uyğun nəqliyyat, dəmir yolu və liman strukturlarının birgə iştirakı ilə təsis edilib. Türkiyə, Çin və Mərkəzi Asiyanın başqa ölkələri də layihəyə fəal şəkildə qoşulublar.

Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəhəng infrastruktur layihələri ilə bu marşrutun ən mühüm loqistika və tranzit qovşağı da bu istiqamətdə atılmış mühüm addımlardandır.

Azərbaycan 108 il öncəki Cənubi Qafqazın siyasi, iqtisadi, mədəni, əməkdaşlıq, hərbi sahələrdə və geosiyasi baxımdan mahiyyətini dəyişdi. 108 il əvvəl düşmən kəsilən etnosu, onun havadarlarını sülhə, əməkdaşlığa, dinc yanaşı yaşamağa yönəltdi. Rəsmi Bakı bununla Cənubi Qafqazın münaqişəli obrazını dağıdaraq ona yeni mütərəqqi imic qazandırdı.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xocalıda soyqırım qurbanlarının xatirəsinə flaşmob keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər