Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) Azərbaycan Texniki Universitetində (AzTU) yaradılmış Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyasını istifadəyə verib.
Bu barədə "Report"a XRİTDX-dən məlumat verilib.
Bildirilib ki, laboratoriya XRİTDX ilə AzTU arasında 2022-ci ildə imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində qurulmuş, laboratoriyanın müasir xüsusi proqram təminatları və əlavə texnoloji avadanlıqlarla təchiz olunması istiqamətində müvafiq işlər isə Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli 4060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası"nın Tədbirlər Planının icrasına uyğun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçirilib.
Laboratoriyanın açılış mərasimində XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev, AzTU-nun rektoru Vilayət Vəliyev və digər qonaqlar iştirak ediblər.
Azərbaycanda ilk dəfə istifadəyə verilən bu laboratoriyada real kiberinsident ssenariləri üzrə praktiki çalışmaların aparılması, rəqəmsal sübutların araşdırılması, zərərli proqram təminatlarının davranışının öyrənilməsi, tərs mühəndislik (reverse engineering), kod və zərərverici analizi, habelə kiberhücumların texniki izlərinin araşdırılması üçün müvafiq imkanlar yaradılıb. Bununla yanaşı yeni istifadəyə verilmiş laboratoriya dövlət informasiya resurslarının və kritik informasiya infrastrukturlarının kibertəhlükələrdən qorunması, texniki ekspertiza imkanlarının gücləndirilməsi, müasir kibertəhlükələrin araşdırılması və bu sahədə yerli peşəkar potensialın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Labaratoriyada yaradılan bu imkanlardan istifadə etməklə tələbələr, müəllim və tədqiqatçılar, o cümlədən dövlət qurumlarının mütəxəssisləri müvafiq sahədə XRİTDX tərəfindən keçiriləcək praktik təlimlərə qoşulmaqla yanaşı ölkəmizi hədəf alan xüsusi təyinatlı kiberhücumların və zərərli proqram təminatlarının xüsusiyyətlərini daha dərindən araşdıra, onların istifadə etdiyi hücum metodlarını və texnikalarını müəyyənləşdirə, əlaqəli təhdid aktorları və hücum kampaniyaları üzrə texniki atributsiya imkanlarını tədqiq edə biləcəklər.
Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin – Azərbaycan Dövlət CERT-nin (CERT.gov.az) zərərvericilərin analizi və tədqiqi istiqamətində fəaliyyətinin davamı olaraq formalaşdırılıb.
Laboratoriyanın fəaliyyət istiqamətlərindən biri də dövlət informasiya sistemlərində istifadə olunan son istifadəçi təhlükəsizliyi və antivirus mühafizə həllərinin kontrollu mühitdə texniki təhlili, sınaqdan keçirilməsi və dövlət qurumlarında istifadə üçün seçilməsidir. Bu fəaliyyət Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli 287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası"nın 5.4-cü bəndindən irəli gələn vəzifələrin texniki təminatına xidmət edir.
Eləcə də, tədbir çərçivəsində, ənənəvi olaraq, XRİTDX tərəfindən AzTu-da 2025–2026-cı tədris ilinin ikinci semestri üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilmiş növbəti müsabiqənin qalibləri mükafatlandırılmışdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













