Ruy Jorje: "Dünya çempionatında yaxşı oynasaq, azərbaycanlılar bizimlə qürur duyacaqlar" - MÜSAHİBƏ
Hazırda Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın U-20 millisinin baş məşqçisi Ruy Jorje "Far.Az"a müsahibə verib. Bu ilin martından yığmada çalışan portuqaliyalı mütəxəssis Azərbaycan futbolu ilə bağlı təəssüratlarını bölüşüb, millidəki işindən və komandanın dünya çempionatına hazırlığından danışıb. O, həmçinin U-20 millisindəki istedadlı futbolçular, yerli oyunçuların inkişafı, legioner limiti və qarşıdakı yoxlama oyunları barədə fikirlərini açıqlayıb. Ruy Jorje müsahibəsində Azərbaycan və Özbəkistanın 2027-ci ildə birgə ev sahibliyi edəcəyi dünya çempionatında U-20 millisinin hədəflərindən də söz açıb.
- Bu ilin martından Azərbaycanda işləyirsiniz. Qısa müddət olsa da, ölkə futbolu haqqında sizdə hansı təəssüratlar formalaşıb?
- Bura futbol üçün gəlmişik. Azərbaycanın güclü futbol ölkəsi olmadığını hər birimiz bilirik. Lakin hazırda burada gördüklərim məni sevindirir və hər şeyə görə şadam.
- Baş məşqçisi olduğunuz U-20 millisi haqqında nələr deyə bilərsiniz? Azərbaycanda istedadlı oyunçular var?
- Bəli, ölkədə istedadlı futbolçular var. Onlar özlərini yaxşı tərəfdən göstərməyə hazırdırlar. Lakin hələ ki, tam istədiklərini həyatı keçirməyi bacarmırlar. Bu isə bizim işimizə yaramır. Lazımdır ki, onlar həmişə bacarıqlarını yaxşı formada göstərsinlər.
- Yığmaya yeni təyinat aldığınız vaxt komandanın istəkli olduğunu bildirmişdiniz. Hazırda kollektivdə durum necədir?
- Onlar hələ də istəklidirlər. Futbolçuların hazırkı davranışlarından çox razıyam. Oyunçular çalışırlar ki, verilən tapşırıqları düzgün yerinə yetirsinlər. Həmişə yeni nəsə öyrənməyə meyillidirlər. İndiyə qədər olan hər şey yaxşıdır.
- Gəldiyiniz vaxtdan bəri nələri dəyişmək mümkün olub?
- Bu suala belə cavab vermək olar ki, mən gəldiyim gündən bu yana baxış bucaqlarını fərqli göstərməyə çalışmışam. Məsələn, futbola fərqli yanaşma, bəlkə də fərqli məşqlər. Lakin nəyi dəyişdiyimi bilmək üçün komandanın əvvəlki durumunu bilməliyəm. Onu bilmədiyim üçün suala tam dəqiq cavab vermək çətindir.
- Qarşıda U-20 millisini Moldova və Yaponiya seçmələri ilə yoxlama oyunları gözləyir. Bu matçlarla bağlı nə deyə bilərsiniz? Yaponiyanı rəqib seçməyinizin xüsusi səbəbi var?
- Əslində hazırlığın bu mərhələsində Yaponiya ilə oynamaq istəmirdik. Lakin indiki vaxtda rəqib tapmaq asan deyil. Hazırda onlar bizim üçün çox güclü rəqibdir. Biz bunu bilirik. Amma hazırlaşmalıyıq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Nəticəyə görə çox narahat olmuruq. Çünki bu, yoxlama matçıdır. Öz futbolumuza diqqət yetirərək, oyunumuzda etməli olduğumuz şeyləri nəzərdən keçiririk. Yaxşı olardı ki, Yaponiya kimi yığmalarla gəlcəkdə qarşılaşaq.
- Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı üçün U-20-nin optimal heyətinin nə vaxt formalaşacağını düşünürsünüz?
- Əlbəttə, nə qədər çox təlim-məşq toplanışında iştirak etsək, bizim üçün yaxşı olar. Komandamızın daha yaxşı olması üçün bunu daha çox etmək lazımdır. Hazırlıq çox olsa, komanda daha yaxşı vəziyyətə gələr. Bir müddət sonra daha yaxşı inkişaf edəcəyimizi və dünya çempionatına hazır olacağımızı düşünürəm. İndiki vəziyyətdə futbolçular məni, mən də onları yaxşı başa düşürəm. Artıq onlarla bir-birimizə öyrəşmişik.
- Sırf yerli futbolçularla dünya çempionatında nəyəsə nail olmaq mümkündür? Yoxsa heyətdə "milliləşdirilmiş" oyunçulara ehtiyac duyulacaq?
- Yerli oyunçularla işləmək mənim üçün xoşdur. Onlar əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Onlarda futbol eşqini, qalibiyyət istəyini görmək məni çox sevindirir. Düşünürəm ki, bu cür yerli futbolçularla uğura nail ola bilərik, yaxşı nəticələr qazanmaq mümkündür.
- Ölkə xaricində izlədiyiniz oyunçular var? Yaxın gələcəkdə belə futbolçuları millidə görə biləcəyik?
- Bəli, yaxın gələcəkdə belə bir şey görə bilərik.
- Milliyə cəlb edə bilmədiyiniz futbolçular olub?
- U-21 millisindən heyətə cəlb etmək istədiyimiz oyunçular var. Lakin yaxın tarixdə U-21 yığmasının oyunları var. Baş məşqçi Rəşad Eyubovla danışmışıq. Həmin oyunlardan sonra U-21 yığmasından gələcək oyunçular var. Bundan başqa, biz daha əvvəlki tarixlərdən toplanışa başladığımız üçün bəzi klublar öz futbolçularını buraxmadılar. Məsələn, ilk toplanışda Əli Bəşirovu hazırlığa cəlb etmək istəyirdik, lakin alınmadı. Həm də zədəsi var idi. İlk toplanışda Premyer Liqada çıxış edən futbolçuları çağırmamışdım. Lakin toplanışın növbəti mərhələsində onlara da dəvət göndərəcəyik. Mən onları lap əvvəldən hazırlıq prosesinə cəlb edib, klublarında heyətə düşmək şanslarını itirmələrini istəməmişəm.
- Premyer Liqada legioner limiti ləğv edilib. Bu səbəbdən hazırda elita klublarının heyətində U-20 millisinə çağırıla biləcək futbolçu, demək olar ki, yoxdur. Bu məqam işinizi nə dərəcədə çətinləşdirir?
- Təbii ki, onlar öz klublarında nə qədər çox oynasalar, bu onlar üçün bir o qədər xeyirlidir. Oyun sayının çox olması daha tez inkişaf deməkdir. Lakin heyətə düşmək üçün mübarizə aparmalıdırlar. Bu, dünyanın hər yerində belədir. Onlar əsas heyətə layiq olduqlarını sübut etməlidilər.
- Doğma meydanda baş tutacaq mundialda U-20-nin hədəfi nə olacaq? Şəxsən sizin üçün hansı nəticə uğurlu sayılacaq?
- Azərbaycanlı futbolçuların keyfiyyətini göstərmək istəyirik. Komanda şəklində baxımlı oyun sərgiləmək istəyirik. İstəyirik ki, bu dünya çempionatında hər bir azərbaycanlı komandası ilə qürur duysun. İlk dəqiqələrdən sona qədər var gücümüzlə mübarizə aparasaq, keyfiyyətli oyun göstərsək, azərbaycanlılıar bizimlə qürur duyacaqlar.
Müxbirlər: Aqil Əsədov, Hidayət Qurbanov
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Qaraçılar məni əhatəyə aldı, bir də gördüm ki…" - Vahid Məcidovla MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













