"Textile Horizon" ilk məhsulunun yığımına başlayıb
Far.Az xəbər saytı

"Textile Horizon" ilk məhsulunun yığımına başlayıb


Azərbaycanda daha bir iri şirkət pambıqçı fermerlərin məhsulunun tədarükçüsü kimi fəaliyyətə başlayıb. "Azərşəkər" MMC-nin törəmə şirkəti olan "Textile Horizon" MMC-nin fermerlərlə əməkdaşlıq modeli müqaviləli alıcılıq üzərində qurulub. "Fermeri yüksək məhsuldarlığa həvəsləndirən əsas addım onun məhsuluna alıcı tapmaqda dəstəkdir. Pambığın davamlı istehsalına nail olmaq və etibarlı tədarükünü təmin etmək üçün fermerlərlə əməkdaşlıq modelimizin əsas istiqamətini müqaviləli alıcılıq təşkil edir," – bunu "Textile Horizon" MMC-nin direktoru Nəsib İslamzadə bildirib.

İlk məhsulunun yığımına tərəfdaş fermer şirkəti "Eden Agro"nun Füzuli rayonundakı pambıq sahəsində başlayan şirkətin rəhbəri əməkdaşlığın yalnız alışla məhdudlaşmadığını qeyd edib: "Biz tərəfdaş fermerlərin xərclərini qarşılayır, onları keyfiyyətli toxum, gübrə kimi məhsullarla, həmçinin istehsalın bütün mərhələlərində müasir kənd təsərrüfatı texnika və avadanlıqları ilə təmin edirik. Peşəkar aqronomlarımız bitkiyə lazım olan aqrotexniki qulluq barədə tərəfdaş fermerlərimizə daim dəstək göstərir".

Ərazinin pambığçı fermerləri üçün keçirilən "Açıq Tarla Günü"ndə fermerlərə istehsal prosesinin müxtəlif mərhələlərində şirkətin dəstəyi barədə məlumat verilib və yeni texnikalar nümayiş etdirilib. Kənd Təsərrüfatı nazirinin müavini Seymur Səfərli fermerlərlə belə əməkdaşlıq modelinin Azərbaycanda pambıq istehsalının artımına, bu sahədə fəaliyyət göstərən kiçik və orta fermer təsərrüfatlarının inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Nazir müavini böyük məsuliyyət tələb edən belə tərəfdaşlıqlar vasitəsilə müasir aqrotexniki yanaşmaların və ən son texnologiyaların tətbiqinin fermerlərin yüksək məhsuldarlığa nail olmasına imkan yaradacağına əminliyini əlavə edib.

Azərbaycanda pambıqçılıq üzrə bütöv bir dəyər zənciri yaratmağı planlaşdıran "Textile Horizon" şirkəti iplik, parça və daha sonra isə köynək istehsalı müəssisələrinin tikintisini də nəzərdə tutub.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər