"Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik ilk oxunuşda təsdiqlənib
Far.Az xəbər saytı

"Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik ilk oxunuşda təsdiqlənib


Milli Məclis Azərbaycanda müəyyən hüquqi şəxslərin digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmalar üçün ayrıca tənzimləmə qaydasının müəyyənləşdirilməsini, satınalmalar üzrə müqavilələrin elektron formada (təchizatçı qeyri-rezident olduğu halda istisna edilir) rəsmiləşdirilməsini ilk oxunuşda qəbul edib.

"Far.Az" xəbər verir ki, bununla bağlı "Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik layihəsi parlamentin payız sessiyasının bugünkü - ilk iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, təklif olunan dəyişikliklərin əsas məqsədi adıçəkilən qanunun 3.2.8-1-ci altmaddəsində sadalanan hüquqi şəxslərin müəyyən maliyyə mənbələri istisna olmaqla digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmaları qanunun tətbiq dairəsindən çıxarmaqdır.

Yeni 3.2.8-1-ci maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmin qurumun idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin satınalmalarını əhatə edir. İstisna, həmçinin onların təsisçisi və iştirakçısı olduqları hüquqi şəxslərin iştirak payına uyğun satınalmalarına şamil olunur. Qanunun tətbiq edilməməsi həmin satınalmaların digər maliyyə vəsaiti hesabına həyata keçirilməsi ilə şərtləndirilir. Satınalmalar dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları və büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirildikdə bu istisna tətbiq olunmur.

Qanunun 3.2.8-ci maddəsinə təklif edilən dəyişikliklə 3.2.8-1-ci maddədə nəzərdə tutulan hüquqi şəxslərin 3.2.8-ci maddənin əhatəsindən istisna edilməsi və onların ayrıca kateqoriya kimi müəyyənləşdirilməsi nəzərdə tutulur. Yeni 3.10-1-ci maddəyə əsasən, həmin hüquqi şəxslər tərəfindən malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək. Bununla yanaşı, 3.2.8-1-ci maddədə nəzərdə tutulan satınalmalar üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməlidir. Qalib təchizatçının qeyri-rezident olduğu hallar və Qanunun 15.3-cü maddəsində göstərilən satınalmalar bu elektronlaşdırma tələbindən istisna edilir.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna dəyişiklik edilməsi təklif olunur
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər