Manotonq Vonqsay: "Laos Azərbaycan neftinin idxalında maraqlıdır" - müsahibə
Far.Az xəbər saytı

Manotonq Vonqsay: "Laos Azərbaycan neftinin idxalında maraqlıdır" - müsahibə


Azərbaycan və Laos arasında iqtisadi əlaqələrin genişləndirilməsi yalnız ticarət deyil, həm də energetika, logistika və investisiya sahələrində əməkdaşlıq imkanları açır. İkitərəfli iqtisadi münasibətlərin miqyasının hələlik məhdud olmasına baxmayaraq, hər iki ölkə qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin axtarışında və dayanıqlı işgüzar əlaqələrin formalaşdırılmasında maraqlıdır.

İki dövlətin coğrafi mövqeyi xüsusi əhəmiyyət kəsb edir: Laos Cənub-Şərqi Asiya ölkələri ilə Çin arasında əlaqələri gücləndirmək üçün nəqliyyat infrastrukturunu inkişaf etdirir, Azərbaycan isə Asiya və Avropa arasında tranzit qovşağı rolunu artırır. Logistika istiqamətlərinin yaxınlaşması regionlar arasında malların hərəkəti üçün əlavə imkanlar yarada bilər. Energetika sahəsində karbohidrogenlərin idxalından asılı olan Laosa neft tədarükünün şaxələndirilməsi perspektivli istiqamət ola bilər.

Laosun sənaye və ticarət nazirinin müavini Manotonq Vonqsay Azərbaycan-Laos biznes forumunun kuluarında "Report"a müsahibəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə praktiki addımlar, Laosun Azərbaycan məhsullarına marağı və investisiya tərəfdaşlığının perspektivləri barədə danışıb.

Müsahibəni oxuculara təqdim edirik:

- Laos və Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Yaxın illərdə ikitərəfli əməkdaşlığın inkişafı üçün hansı istiqamətlər əsas artım mənbələrinə çevrilə bilər?

- Hazırda ölkələrimiz arasında əmtəə dövriyyəsi çox kiçikdir - təxminən 300 min ABŞ dollarıdır. Lakin belə aşağı göstərici ticarətin genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensialın olmasından xəbər verir.

Hesab edirəm ki, ikitərəfli ticarəti artırmağın konkret yollarını müəyyən etmək üçün birgə işi aktivləşdirmək və daha sıx əməkdaşlıq etmək lazımdır. Bu məsələ ötən gün ölkələrimizin rəhbərləri tərəfindən də müzakirə olunub. Hazırkı biznes və investisiya forumu əsaslı dialoqa başlamaq, işgüzar əlaqələr qurmaq və əmtəə dövriyyəsini artırmağa imkan verəcək praktiki qərarlar hazırlamaq üçün platforma olmalıdır.

- Laos Azərbaycandan neft, neft məhsulları, kimya məhsulları və mineral gübrələrin idxalı imkanını nəzərdən keçirirmi?

- Şübhəsiz ki, biz bu məhsulların idxalında maraqlıyıq. Azərbaycan mallarının, xüsusən də neft və neft məhsullarının keyfiyyətini yüksək qiymətləndiririk.

Hazırda Laos tamamilə qonşu ölkələrdən neft idxalından asılıdır. Buna görə də alternativ təchizat mənbələrinin axtarışında və idxal kanallarının şaxələndirilməsində maraqlıyıq. Əgər biz Azərbaycan neftinin tədarükü üçün qarşılıqlı faydalı mexanizm tapa bilsək, bu, hər iki tərəf üçün yaxşı imkan olacaq.

Bütövlükdə enerji əməkdaşlığı və karbohidrogen tədarükü coğrafiyasının genişləndirilməsi ikitərəfli iqtisadi əlaqələrin bütün sisteminin möhkəmləndirilməsi üçün güclü hərəkətverici qüvvə ola bilər.

- Laos, o cümlədən Çin-Laos dəmir yolu sayəsində, Cənub-Şərqi Asiyanın quru nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirir. Azərbaycan isə öz növbəsində Orta Dəhlizi inkişaf etdirir. Asiya, Qafqaz və Avropa arasında yük daşımalarının səmərəliliyini artırmaq üçün bu nəqliyyat marşrutlarının birləşdirilməsi nə dərəcədə realdır?

- Biz artıq nazirliklərimizin nümayəndələrindən, o cümlədən iqtisadiyyat nazirindən, həmçinin digər həmkarlarımızdan müvafiq təkliflər eşitmişik. Bu marşrutların birləşdirilməsi imkanlarını araşdırmaq lazımdır.

Bizim üçün Laosu nəqliyyat qovşağı kimi istifadə edərək ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) ölkələri arasında malların daha səmərəli hərəkətini təmin etmək, həmçinin Çin və Xəzər nəqliyyat regionu vasitəsilə dünyanın digər hissələri ilə logistik əlaqələri inkişaf etdirmək vacibdir.

Buna görə də bu marşrutların inteqrasiyası imkanlarının öyrənməyi və hansı praktiki həllərin belə bir potensialı reallaşdırmağa imkan verəcəyini müəyyənləşdirməyi zəruri hesab edirik.

Cənub-Şərqi Asiya və Xəzər regionunun nəqliyyat arteriyalarının inteqrasiyası doğrudan da Laos və Azərbaycanı ən vacib tranzit körpülərinə çevirərək Avrasiyanın logistik zəncirlərini kökündən dəyişdirmək iqtidarındadır.

- İşgüzar qarşılıqlı fəaliyyətin hansı mexanizmləri iki ölkənin sahibkarlarına tərəfdaşlar tapmağa və birgə layihələrə başlamağa kömək edə bilər? Biznes Şurasının yaradılması və ya mütəmadi olaraq biznes forumlarının keçirilməsi nəzərdən keçirilirmi?

- Milli Ticarət və Sənaye Palatamızın vitse-prezidentinin Bakıda keçirilən bugünkü biznes forum zamanı artıq qeyd etdiyi kimi, biz iki ölkə arasındakı işgüzar əlaqələrə əlavə təkan verməliyik. Biznes nümayəndə heyətləri mübadiləsinin genişləndirilməsi və azərbaycanlı sahibkarların Laosa səfərlərinin təşkili mühüm addım ola bilər.

Belə səfərlər biznes nümayəndələrinə ölkəmizin iqtisadi və investisiya imkanları ilə birbaşa tanış olmağa, perspektivli istiqamətləri qiymətləndirməyə və potensial tərəfdaşlar tapmağa imkan verəcək. Biz hər iki ölkənin sahibkarlarının bir-birinin bazarlarını daha fəal şəkildə öyrənməsində və imkanların müzakirəsindən konkret layihələrin icrasına keçməsində maraqlıyıq.

- Laos və Azərbaycan arasında ikitərəfli sazişlərin hazırlanması hansı mərhələdədir? İnvestisiyaların qarşılıqlı qorunması haqqında sazişin yaxın vaxtlarda imzalanacağı gözlənilirmi?

- Hazırda biz ikitərəfli investisiya sazişi üzərində işləyirik. Sənədin layihəsi artıq hazırlanıb, tərəflər rəy və təkliflər mübadiləsi aparırlar. Ümid edirəm ki, yaxın vaxtlarda biz daha çox irəliləyiş əldə edə və sazişi imzalaya biləcəyik.

Etibarlı müqavilə-hüquq bazasının yaradılması, xüsusən də ikitərəfli investisiya sazişinin bağlanması hər iki ölkənin investorlarının etimadını möhkəmləndirməyə və uzunmüddətli iqtisadi tərəfdaşlıq üçün şərait yaratmağa kömək edəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər