Katsuya Vatanabe: Azərbaycandakı nəqliyyat və BOEM layihələri Yaponiya şirkətlərini cəlb edir – Müsahibə
Çoxvektorlu xarici siyasət yürüdən Azərbaycanın əsas istiqamətlərindən biri Asiya ölkələri, o cümlədən Yaponiya ilə əməkdaşlığın genişləndirilməsidir. Yaponiya biznesi uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərir, ölkədəki enerji layihələrində fəal iştirak edir. Azərbaycan və Yaponiya 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd edəcək. Tərəflər ikitərəfli əməkdaşlığı dərinləşdirmək məqsədilə mövcud siyasi və iqtisadi əlaqələri genişləndirmək niyyətindədirlər. Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe "Far.Az"a müsahibəsində iki ölkə arasındakı münasibətlərin bu gün necə inkişaf etdiyi və gələcək planlar barədə danışıb.
- Tokio və Bakı arasında siyasi dialoqun hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Ölkələrimiz 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından bəri 30 ildən artıq müddət ərzində qarşılıqlı etimada əsaslanan sıx siyasi dialoq aparıb. Xüsusilə, yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərinin və siyasi məsləhətləşmələrin ardıcıl şəkildə həyata keçirilməsi sayəsində iki ölkə arasında dialoqun davamlı olaraq dərinləşdiyi qənaətindəyik.
Bu ilin iyun ayında xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya səfəri iqtisadiyyat da daxil olmaqla geniş sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində qarşılıqlı niyyətin təsdiqlənməsi üçün olduqca faydalı fürsət oldu və iki ölkə arasında fəal və məzmunlu siyasi dialoqun davam etdirilməsinin vacibliyi bir daha təsdiqlənib.
Eyni zamanda, xarici işlər nazirlərinin görüşündə Hind-Sakit okean regionu, Yaxın Şərq, Ukrayna və Cənubi Qafqazdakı vəziyyət, eləcə də beynəlxalq ictimaiyyətin üzləşdiyi problemlər barədə geniş fikir mübadiləsi aparıldı. İki ölkənin beynəlxalq müstəvidə də dialoq və əməkdaşlığı dərinləşdirməsini böyük əhəmiyyət kəsb edən bir məqam kimi qiymətləndiririk.
İkitərəfli münasibətlərə nəzər salsaq, indiyədək iki ölkə arasında aparılmış siyasi dialoqu davamlı şəkildə konkret əməkdaşlığa çevirmək vacibdir. Xüsusilə Yaxın Şərqdə vəziyyətin qeyri-sabit olduğu bir şəraitdə enerji təhlükəsizliyi də daxil olmaqla geniş sahələrdə əməkdaşlıq Yaponiya üçün gündən-günə daha böyük əhəmiyyət kəsb edir. Bu sahədə Azərbaycandan xam neftin sabit tədarükü ilə bağlı müzakirələrlə yanaşı, dekarbonizasiya, Xəzər dənizi vasitəsilə nəqliyyat və bağlantılılıq, investisiyalar kimi gələcəkdə iki ölkənin əməkdaşlığı genişləndirə biləcəyi sahələr barədə də fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin ikitərəfli sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişinin tezliklə yekunlaşdırılması üçün danışıqların sürətləndirilməsi barədə razılığa gəliblər və siyasi münasibətlərin dərinləşməsinin iqtisadi sahədə konkret nəticələrə də gətirib çıxaracağı gözlənilir.
Xarici işlər naziri Ceyhun Bayramovun səfəri nəticəsində yaranmış müsbət dinamikanı qorumaq, yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərləri və müntəzəm siyasi məsləhətləşmələr vasitəsilə dialoqu davam etdirməklə yanaşı, enerji, iqtisadiyyat, sərmayələr, əlaqəlilik, eləcə də Cənubi Qafqazda sülh və sabitlik kimi geniş sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək vacibdir.
İki ölkə 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü kimi mühüm mərhələni qeyd edəcək. Biz bu fürsətdən istifadə edərək qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərimizi daha da möhkəmləndirmək niyyətindəyik.
- Yaxın illərdə Yaponiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın hansı istiqamətlərini daha perspektivli hesab edirsiniz?
- Hesab edirəm ki, Yaponiya ilə Azərbaycan arasında siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil və insanlararası əlaqələr də daxil olmaqla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur.
Məsələn, iqtisadi sahədə Yaponiya şirkətləri "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yatağı və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsində də iştirak edirlər. Neft-qaz başda olmaqla enerji sektoru bundan sonra da əməkdaşlıq üçün perspektivli sahələrdən biri olaraq qalacaq.
Yaponiya xam neft tədarükünün böyük hissəsini Yaxın Şərq ölkələri vasitəsilə həyata keçirir. Alternativ xam neft tədarük mənbələrinin təmin edilməsi məqsədilə müxtəlif ölkələrlə danışıqlar aparılıb və bu ilin may ayında Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra ilk dəfə Azərbaycan xam nefti Yaponiyaya tədarük edilib. Bu hadisə Yaponiyada iki ölkə arasındakı xoş münasibətlərin rəmzi kimi geniş şəkildə işıqlandırılıb.
Bundan əlavə, Azərbaycan hökumətinin "yaşıl artım" istiqamətində iddialı təşəbbüsləri və ölkənin regional logistika qovşağına çevrilməsi istiqamətində siyasəti də Yaponiya şirkətlərinin maraq göstərdiyi sahələrdəndir.
Bundan başqa, Azərbaycan ilə bağlı məlumatların audiovizual media və digər vasitələrlə daha geniş yayılması da daxil olmaqla, turizm sahəsində əməkdaşlığın inkişafı gözlənilir. 2026-cı ildə Azərbaycanda çəkilmiş Yaponiya televiziya serialının yayımlanmasına başlanılıb və bununla əlaqədar ölkəmizdə Azərbaycana maraq getdikcə artır.
- Azərbaycan 2026-cı il iyulun 1-dən 2027-ci il iyulun 1-nə qədər Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edib. Sizin fikrinizcə, bu, turizmə, işgüzar əlaqələrə və iki ölkə vətəndaşları arasındakı təmaslara necə təsir edəcək? Yaponiya, öz növbəsində, Azərbaycan vətəndaşları üçün viza prosedurlarının daha da sadələşdirilməsi imkanını nəzərdən keçirə bilərmi?
- Azərbaycan hökumətinin viza tələbinin aradan qaldırılması barədə qərarının təkcə turizmin təşviqinə deyil, müxtəlif sahələrdə insanların gediş-gəlişinin fəallaşmasına da təkan verəcəyini düşünürük. Bu qərarın iki ölkə arasında iqtisadi, insanlararası və mədəni əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Yaponiya vizalarına gəldikdə isə hazırda ölkəmizdə "xarici vətəndaşlarla nizamlı birgəyaşayış cəmiyyəti"nin formalaşdırılması böyük ictimai maraq doğuran məsələlərdən biridir. Miqrasiya və yaşayış statusunun idarə olunması, eləcə də ictimai təhlükəsizlik baxımından viza prosedurlarının müvafiq şəkildə həyata keçirilməsi tələb olunur.
Buna görə də hazırkı mərhələdə viza prosedurlarının sadələşdirilməsinin nəzərdən keçirilməsi gündəmdə deyil. Bununla belə, Yaponiya Azərbaycanla insanlararası mübadilənin təşviqinə son dərəcə böyük əhəmiyyət verir və viza məsələsindən başqa müxtəlif yollarla iki ölkə arasında mübadilənin daha da gücləndirilməsini davam etdirmək niyyətindədir.
- Azərbaycan və Yaponiya arasında ikitərəfli ticarətin artırılması üçün hansı tədbirlər görülür? İkitərəfli ticarətin daha da genişləndirilməsi üçün potensial varmı və hansı məhsullar və ya sahələr onun əsas hərəkətverici qüvvələrinə çevrilə bilər? Sizin fikrinizcə, Yaponiya bazarına çıxmaq üçün hansı Azərbaycan məhsulları və sahələri ən böyük perspektivlərə malikdir?
- Hazırkı ikitərəfli ticarətdə ölkəmizdən Azərbaycana ixracda dəmir-polad məhsulları və avtomobillərin, Azərbaycandan Yaponiyaya ixracda isə alüminium ərintiləri və şərab kimi məhsulların böyük paya malikdir.
Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyası da daxil olmaqla ikitərəfli görüşlərin keçirilməsi, iki ölkənin ticarətin təşviqi qurumları olan JETRO və AZPROMO tərəfindən seminarların təşkili, eləcə də ölkələrimizdə keçirilmiş COP29, ITU toplantısı və "Osaka Expo" kimi tədbirlərdə iştirak qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə və ikitərəfli ticarətin artırılmasına töhfə verir.
Məsələn, "Osaka Expo"da Azərbaycan möhtəşəm pavilyon qurmuşdu. Həmin pavilyonda Azərbaycan çayının təqdim edilməsi ziyarətçilər arasında Azərbaycan çayının tanınmasını artırmaqla yanaşı, potensial biznes imkanlarına da yol açıb.
Ticarətin genişləndirilməsinə gəldikdə, mən özüm də Azərbaycanda yaşadığım müddətdə şəxsi səfərlər də daxil olmaqla ölkənin bir çox bölgəsinə ziyarət etmək imkanı əldə etmişəm və hər bir regionun özünəməxsus müxtəlif yerli məhsullarının olduğunu görmüşəm. Gələcəkdə Azərbaycan məhsullarının Yaponiya bazarına çıxarılması üçün müxtəlif imkanların mövcud olduğunu düşünürəm.
- Yaxın illərdə Azərbaycan iqtisadiyyatının hansı sahələrinə Yaponiyanın yeni investisiyalarının yatırılmasını gözləyirsiniz?
- Hazırda əsas investisiyaların neft və təbii qaz başda olmaqla enerji sektorunda cəmləşib. Bununla yanaşı, Azərbaycan hökumətinin yaşıl artım istiqamətində iddialı təşəbbüsləri və ölkənin regional logistika qovşağına çevrilməsi istiqamətindəki səyləri Yaponiya şirkətlərinin maraq göstərdiyi istiqamətlərdəndir.
Azərbaycan barədə məlumatların audiovizual media və digər vasitələrlə yayılması da daxil olmaqla, turizm sahəsində əməkdaşlığın inkişafı da gözlənilir. Bundan əlavə, Azərbaycan hökumətinin özəl investisiyalar üçün cəlbedici iqtisadi sahələri müəyyən etməsi, mədən və metallurgiya sənayesinin inkişafı, rəqəmsal transformasiya, kənd təsərrüfatının və məhsullarının emalı sənayesinin inkişafı, turizm və digər sahələr üzrə tədbirlər həyata keçirməsi də Yaponiya şirkətlərinin diqqətini cəlb edir.
- Azərbaycan və Yaponiya arasındakı investisiyaların təşviqi və qorunmasına dair saziş üzərində işlər hansı mərhələdədir və o, nə vaxt imzalana bilər? Sizin fikrinizcə, bu saziş Yaponiya biznesinin Azərbaycana olan marağını nə dərəcədə artıra bilər?
- Hazırda ikitərəfli sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş üzrə danışıqların yekunlaşdırılması istiqamətində ölkələrimiz arasında müzakirələr davam edir. Hər iki tərəf danışıqların mümkün qədər tez başa çatdırılması üçün intensiv səylər göstərir.
Ümid edirik ki, bu cür səylər hər iki ölkədə investisiya mühitinin yaxşılaşdırılmasına və investisiyaların artmasına töhfə verəcək.
- Yaponiya Asiya və Avropanı birləşdirən regional nəqliyyat və logistika marşrutlarının inkişafında Azərbaycanın rolunu necə qiymətləndirir? Tokio regional nəqliyyat dəhlizlərinin inkişafında və təchizat zəncirlərinin möhkəmləndirilməsində hansı rolu oynaya bilər?
- Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizdə Azərbaycanın əhəmiyyətinin ildən-ilə artdığını hesab edirik. Ətraf ölkələrdə vəziyyətin qeyri-sabit olduğu bir şəraitdə mərkəzi Azərbaycan olan Qafqaz regionu dəniz, quru və hava nəqliyyatı, logistika və insanların hərəkəti baxımından olduqca mühüm regiondur.
Azərbaycan Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının sammitində rəsmi şəkildə iştirak edir və onun region ölkləri ilə əlaqələndirici qovşaq kimi rolunun bundan sonra daha da güclənəcəyini düşünürük.
Bu ilin iyun ayında xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya səfəri zamanı tərəflər region daxilində və onun hüdudlarından kənarda bağların gücləndirilməsi məqsədilə Xəzər dənizi marşrutu üzrə əməkdaşlığın vacibliyi barədə razılığa gəliblər. Bundan sonra da "bağların gücləndirilməsi" əsas anlayış olmaqla bu istiqamətdə fəaliyyətin genişləndirilməsi gözlənilir.
- Yapon şirkətləri uzun illərdir ki, Azərbaycanın neft-qaz sektorundakı layihələrdə fəal iştirak edirlər. Yaponiya neft-qaz və neft-kimya sahələrində Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırırmı?
- Yaponiya şirkətləri uzun illərdir AÇG neft yatağı və BTC boru kəməri layihəsində iştirak edirlər və neft-qaz başda olmaqla enerji sektoru bundan sonra da perspektivli əməkdaşlıq sahələrindən biri olaraq qalacaq.
Layihələr çərçivəsində şirkətlər arasında insan resurslarının inkişaf etdirilməsi və kadr mübadiləsinin həyata keçirilməsi də iki ölkə arasında çox müsbət əməkdaşlıq nümunəsidir.
Azərbaycanda AÇG neft yatağından başqa həm quruda, həm də dənizdə böyük potensiala malik çoxsaylı sahələrin olduğunu və müxtəlif bloklarda kəşfiyyat işlərinin aparıldığını eşitmişik. Maraqlı Yaponiya şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), eləcə də müxtəlif ölkələrin neft və təbii qaz şirkətləri arasında danışıqların uğurla davam etməsini və bunun yeni layihələrdə iştiraka gətirib çıxarmasını gözləyirik.
Neft-kimya sektoruna münasibətdə də Yaponiya şirkətlərinin maraq göstərdiyini eşidirik. Şirkətlərin iştirakı ilə bağlı müzakirələrin kommersiya prinsipləri əsasında aparıldığını və Yaponiya şirkətlərinin hər iki ölkə üçün faydalı və arzuolunan formada iştirakının reallaşmasına ümid edirik.
- Azərbaycanda bərpa olunan enerji mənbələrinin (BOEM) aktiv inkişafını nəzərə alaraq, Yaponiya şirkətləri bu sahədə layihələrin həyata keçirilməsi imkanını nəzərdən keçirirlərmi? Yaponiya hökuməti bu cür təşəbbüslərə maliyyə dəstəyi göstərməyə hazırdırmı?
- Azərbaycanın "yaşıl artım" istiqamətində iddialı təşəbbüsləri, eləcə də COP29 çərçivəsində Yaponiya şirkətləri və digər qurumlarla ölkənizin aidiyyəti qurumları arasında aparılmış müzakirələr əsasında bir sıra müvafiq layihələrin gerçəkləşdirilməsi nəzərdən keçirilir.
Hazırda ilk Birgə Komitə iclasının keçirilməsi istiqamətində müzakirələr aparılan Birgə Kredit Mexanizmindən (JCM) istifadənin də bu layihələrin həyata keçirilməsinə və investisiyalara təkan verəcəyi gözlənilir.
- Azərbaycan və Yaponiya arasında Birgə Kredit Mexanizmi (JCM) üzrə Birgə Komitənin ilk iclası nə vaxt gözlənilir və onun çərçivəsində hansı konkret dekarbonizasiya layihələrinə baxıla bilər? JCM Azərbaycanda BOEM və emissiyaların azaldılması sahəsindəki layihələrə Yaponiya investisiyalarının və texnologiyalarının cəlb edilməsi üçün bir platforma ola bilərmi?
- Bu ilin iyun ayında xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya səfəri zamanı iki ölkə JCM üzrə ilk Birgə Komitə iclasının mümkün qədər tez zamanda keçirilməsi və dekarbonizasiya sahəsində əməkdaşlığın təşviq edilməsi barədə razılığa gəliblər.
Gələcəkdə JCM vasitəsilə Azərbaycanda istixana qazı emissiyalarının azaldılması istiqamətində tədbirlərin genişləndirilməsi ilə yanaşı, Yaponiya şirkətlərinin yaşıl sahədə layihələrinin həyata keçirilməsi və investisiyaların artırılması da daxil olmaqla, iki ölkə arasında iqtisadi fəaliyyətin daha da canlanacağı gözlənilir.
- Yaponiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və inkişafında iştirakı barədə danışa bilərsinizmi? Yeni layihələr üçün potensial varmı? Kənd təsərrüfatı, energetika, infrastruktur, rəqəmsallaşma və digər istiqamətlər daxil olmaqla, hansı sahələrdə əməkdaşlıq üçün böyük perspektivlər görürsünüz?
- 2021-ci ildə TEPSCO adlı Yaponiya şirkəti həmin ərazilərdə bərpa olunan enerjidən və "ağıllı şəhər" konsepsiyasından istifadəni nəzərdə tutan elektrik enerjisinin inkişafı üzrə baş plan hazırlayıb.
Mən özüm də Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən diplomatik korpus nümayəndələri üçün təşkil edilmiş tanışlıq səfərlərində iştirak edərək, ərazidəki vəziyyəti yaxından müşahidə etmək imkanı əldə etdim. Orada Azərbaycan hökuməti tərəfindən yolların və yarımstansiyaların bərpası, yaşayış evlərinin və hava limanlarının tikintisi də daxil olmaqla genişmiqyaslı infrastruktur işlərinin sürətlə həyata keçirildiyinin şahidi oldum.
Qafqaz regionunda sabitlik və müstəqil inkişaf Yaponiya da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır və buna töhfə verə biləcək əməkdaşlıq formalarını nəzərdən keçirmək niyyətindəyik.
- Yaponiya Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) vasitəsilə minalardan təmizləmə sahəsində Azərbaycana gələcək texniki və maliyyə yardımı göstərməyi planlaşdırırmı?
- İlk növbədə, ANAMA başda olmaqla Azərbaycanın aidiyyəti qurumlarının minatəmizləmə sahəsində həyata keçirdiyi səylərə dərin hörmətimizi ifadə etmək istərdik.
Yaponiya mina ilə çirklənmiş ərazilərin geniş sahəni əhatə etdiyini, onların təmizlənməsinin zaman da daxil olmaqla böyük resurslar tələb etdiyini və bu sahədə beynəlxalq ictimaiyyətin əməkdaşlığının vacib olduğunu tam şəkildə anlayır.
Bundan sonra da Azərbaycan tərəfinin ehtiyacları, minatəmizləmə fəaliyyətinin gedişi və beynəlxalq ictimaiyyət tərəfindən göstərilən dəstəyin vəziyyəti barədə məlumat toplamaqla, zərurət yarandıqda Yaponiyanın hansı formada əməkdaşlıq edə biləcəyini nəzərdən keçirmək niyyətindəyik.
- Yaxın gələcəkdə Azərbaycan və Yaponiya arasında hansı yeni təhsil, mədəniyyət və gənclər mübadiləsi proqramları planlaşdırılır? Yaponiya azərbaycanlı tələbələr üçün yeni təqaüd proqramlarına başlamaq imkanını nəzərdən keçirirmi?
- Yaponiya Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən istedadlı insanların qəbul edilməsi məqsədilə müxtəlif təhsil və təqaüd proqramları həyata keçirir. Səfirlik də hər il Yaponiya Hökumətinin dövlət təqaüd proqramı üzrə seçim prosesi keçirir.
Bu proqramlar vasitəsilə indiyədək Azərbaycandan olan çoxsaylı tələbələr Yaponiyada təhsil almaq imkanı əldə edib və hazırda da Azərbaycanın bir neçə tələbəsi Yaponiyanın müxtəlif universitetlərində təhsil alır.
Bundan əlavə, Yaponiyada təhsil təcrübəsi olan Azərbaycan vətəndaşları müxtəlif dövlət qurumlarında, özəl şirkətlərində, təhsil müəssisələrində, eləcə də ölkəmizin şirkətlərində və digər müxtəlif sahələrdə fəal şəkildə fəaliyyət göstərirlər.
Hər iki ölkədə bu cür fəaliyyət göstərən insanların sayının artmasının gələcəkdə insanlararası mübadilənin daha da genişlənməsinə töhfə verəcəyinə ümid edirik.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi
-
Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər?
-
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram
-
Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib













