Belqradda Azərbaycan Səfirliyinin təşkilatçılığı ilə "Sülh və Suverenlik" adlı şahmat turniri keçirilib
Far.Az xəbər saytı

Belqradda Azərbaycan Səfirliyinin təşkilatçılığı ilə "Sülh və Suverenlik" adlı şahmat turniri keçirilib


Azərbaycanın Serbiyadakı səfirliyi və Serbiya Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə paytaxt Belqradda "Sülh və Suverenlik" adlı şahmat turniri təşkil olunub.

"Report"un Balkan bürosu xəbər verir ki, turnir Taşmaydan parkında yerləşən Azərbaycanın Şahmat pavilyonunda baş tutub.

Turnirdə Serbiyada akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların təmsilçiləri, habelə tanınmış idman xadimləri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə turnirin Müstəqilliyin Bərpası Gününə həsr olunduğunu bildirib:

"Bu tədbirin ənənəvi xarakter daşıyacaq silsilə turnirlərin birincisi olacağına ümid edirik. Şahmat şəxsən mənim üçün olduqca dəyərli və doğma bir sahədir. Bu oyun insanları bir araya gətirən, onları heç bir məğlub tərəf olmadan yarışmağa və qalib gəlməyə sövq edən möhtəşəm bir vasitədir. Məşhur qrossmeyster Lyubomir Lyuboyeviçin də qeyd etdiyi kimi: "Gözəl bir oyunun nəticəsində hər iki tərəf qazanır, çünki bu gözəllik bəşəriyyətin yaddaşında əbədi qalır".

Daha sonra Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirilib:

"Belqradın görkəmli yetirməsi, ötən əsrin dahi qrossmeysteri Svetozar Qliqoriç rəqiblərinə qarşı yüksək idman mədəniyyəti və ədalətli oyunu ilə xatırlanır. Şübhəsiz ki, bu turnir hər kəs üçün böyük uğur gətirəcək, maraqlı və ədalətli mübarizələrə səhnə olacaq. İnanıram ki, şahmat xüsusilə diplomatiya sahəsində çalışanlar üçün əvəzsizdir, çünki o, strateji təfəkkürü, mövcud vəziyyəti obyektiv qiymətləndirməyi və gələcəyə dair aydın baxışı formalaşdırır".

Serbiya Şahmat Federasiyasının Prezidenti Andriya Yorqiç çıxışında Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq gələcək layihələrdən danışıb:

"Gördüyümüz bütün bu işlər məhz bu əlamətdar gün münasibətilə həyata keçirilir. Arzum budur ki, daha tez-tez bir araya gələk və ünsiyyətimizi gücləndirək. Ümid edirəm ki, gələn il təşkil olunacaq mötəbər "EXPO" sərgisində bizim təxminən 100 kvadratmetrlik ayrıca pavilyonumuz olacaq. Orada 93 gün boyunca, sutkada 24 saat fasiləsiz şahmat oynamaq kimi unikal bir təşəbbüsü həyata keçirməyi planlaşdırırıq".

Tədbirin sonunda isə iştirakçılara sertifikat və hədiyyələr verilib.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər