TMB rəsmisi: "Ödəniş sistemləri arasında əlaqələr qurulmalıdır"
Far.Az xəbər saytı

TMB rəsmisi: "Ödəniş sistemləri arasında əlaqələr qurulmalıdır"


Sərhədlərarası ödənişlərin sadələşdirilməsi üçün ödəniş sistemləri arasında əlaqələr qurulmalıdır.

"Far.Az" xəbər verir ki, bunu Türkiyə Mərkəzi Bankının (TMB) Ödəniş Sistemləri və Maliyyə Texnologiyaları üzrə icraçı direktoru Ahmet Buğday Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycandakı Ani Ödənişlər Sistemi əməliyyatları real vaxt rejimində həyata keçirməyə imkan yaradır: "AzQR və açıq bankçılıq sahəsində atılan addımlar rəqəmsal ödəniş ekosisteminin inkişafını dəstəkləyir. Hər iki ölkədə əldə edilən təcrübə qarşılıqlı məlumat mübadiləsi, yeni biznes modellərinin hazırlanması baxımından mühüm imkanlar yaradır. Lakin ödəniş sistemlərinin inkişafında qarşımızda duran digər mühüm vəzifə milli səviyyədə əldə etdiyimiz irəliləyişləri sərhədlərarası ödənişlərə necə tətbiq edəcəyimizdir. Bu gün ölkələrimiz daxilində saniyələr ərzində ödəniş həyata keçirə bilirik. Bununla belə, sərhədlərarası əməliyyatlarda müxtəlif sistemlərin iş saatları, vasitəçi qurumlar və tənzimləyici tələblər müəyyən çətinlik yarada bilir. Ticarətin getdikcə daha çox sərhədləri aşdığı dünyada ödənişlərin də eyni rahatlıqla həyata keçirilməsi böyük əhəmiyyət daşıyır".

"Bu istiqamətdə ödəniş sistemləri arasında əlaqələr qurulması, vahid standartlar hazırlanması, maliyyə təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi mühüm imkanlar yaradır. Maliyyə sisteminin gələcəyinə nəzər saldıqda bu əməkdaşlığa ehtiyacın daha da artacağını görürük. Bunun üçün müxtəlif ölkələrin eyni texnologiyadan və ya ödəniş sistemindən istifadə etməsi vacib deyil. Əsas məsələ fərqli infrastrukturların təhlükəsiz və səmərəli şəkildə qarşılıqlı uzlaşaraq işləyə bilməsidir. Tokenləşdirmə və rəqəmsal valyuta sahələrdə aparılan işlər də sərhədlərarası maliyyə əməliyyatları üçün yeni imkanlar yaratmaq potensialına malikdir", - deyə TMR rəsmisi əlavə edib.

O, həmçinin deyib ki, mərkəzi banklar innovativ maliyyə xidmətləri üçün şərait yaratmalıdır: "Biz açıq bankçılıqdan rəqəmsal Türk Lirəsi layihəsinə, tokenləşdirmədən süni intellektin daxili proseslərdə və ödənişlər sahəsində tətbiqinə qədər bir çox istiqamətdə işlər aparırıq. Lakin mərkəzi bankların hər bir yeni maliyyə məhsulunu, xidmətini və ya texnologiyasını özlərinin hazırlamasına ehtiyac yoxdur. İlkin öhdəliklərimizə kritik ödəniş infrastrukturlarının inkişaf etdirilməsi və təhlükəsiz şəkildə idarə olunması, həmçinin bu infrastrukturlar üzərində innovativ xidmətlərin təqdim edilməsinə şərait yaradan mühitin formalaşdırılması daxildir. Özəl sektorun bu prosesdəki rolunu son dərəcə mühüm hesab edirik. Banklar, ödəniş və elektron pul təşkilatları, eləcə də fintex (maliyyə texnologiyaları) şirkətləri mövcud infrastrukturların təqdim etdiyi imkanları yeni məhsul və xidmətlərə çevirərək həm rəqabətin, həm də innovasiyanın inkişafına töhfə verirlər. Sektorun sağlam inkişafı üçün yeniliklərin dəstəklənməsi ilə yanaşı, istifadəçilərin hüquqlarının qorunması da böyük əhəmiyyət daşıyır".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Zakir Nuriyev: "Məqsədimiz maliyyə ekosisteminin daha səmərəli inkişafına töhfə verməkdir"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər