AQP: Beynəlxalq təcrübə qiymətləndirmə sektorunun inkişafını sürətləndirir
Far.Az xəbər saytı

AQP: Beynəlxalq təcrübə qiymətləndirmə sektorunun inkişafını sürətləndirir


Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı beynəlxalq standartların tətbiqi, peşəkar fəaliyyətin keyfiyyətinin yüksəldilməsi və müasir texnologiyaların iş proseslərinə inteqrasiyası ilə sıx bağlıdır.

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova bildirib.

Onun sözlərinə görə, bu şəraitdə beynəlxalq təcrübəyə çıxış, qabaqcıl metodologiyaların öyrənilməsi və peşəkar əməkdaşlıq əlaqələrinin genişləndirilməsi Azərbaycanın qiymətləndirmə sektorunun institusional inkişafı üçün müstəsna əhəmiyyət daşıyır: "Qiymətləndirmə fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması yalnız ayrı-ayrı metodların yenilənməsi ilə məhdudlaşmır, eyni zamanda peşəkar yanaşmanın, metodoloji bazanın və xidmətlərin keyfiyyətinə dair meyarların davamlı inkişafını tələb edir. Azərbaycan qiymətləndiricilərinin beynəlxalq peşəkar mühitdə daha fəal təmsil olunması ölkəmizdə formalaşan təcrübənin beynəlxalq yanaşmalarla müqayisə edilməsinə, yeni metodologiyaların öyrənilməsinə və sektorun inkişaf istiqamətlərinin daha dəqiq müəyyənləşdirilməsinə imkan yaradır. Burada əsas məqsəd beynəlxalq təcrübəni olduğu kimi deyil, Azərbaycanın iqtisadi reallıqlarına, daşınmaz əmlak bazarının xüsusiyyətlərinə və peşəkar fəaliyyətin ehtiyaclarına uyğun şəkildə tətbiq etməkdir".

Onun sözlərinə görə, bütün bunlar qiymətləndirmənin keyfiyyətinin yüksəldilməsinə və bu xidmətlərə olan etimadın möhkəmləndirilməsinə xidmət edəcək: "Oktyabrın 22–24-də Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Avropa Qiymətləndirici Assosiasiyaları Qrupunun (TEGoVA) təşkil etdiyi beynəlxalq qiymətləndirmə konfransı Azərbaycan nümayəndə heyəti üçün beynəlxalq təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyır. Tədbirdə AQP-ni sədr müavinləri Ayan Qəmbərova və Günay İsmayılqızı, Rəyasət Heyətinin üzvləri Rüstəm Vəliməmmədov və Ramil Qasımzadə təmsil ediblər.

Konfrans çərçivəsində TEGoVA-nın İdarə Heyətinin sədri Paulo Barros Trindade ilə keçirilən görüşdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Avropa Qiymətləndirmə Standartlarının tətbiqi, qiymətləndirmə fəaliyyətinin rəqəmsallaşdırılması və qabaqcıl təcrübənin Azərbaycanda tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tədbirin əsas mövzuları sırasında süni intellektin daşınmaz əmlakın qiymətləndirilməsində tətbiqi, rəqəmsal transformasiya və müasir qiymətləndirmə texnologiyaları da yer alıb".

AQP rəsmisi qeyd edib ki, beynəlxalq standartların əhəmiyyəti qiymətləndirmə nəticələrinin daha ardıcıl, əsaslandırılmış və müqayisəolunan şəkildə hazırlanmasına verdiyi töhfə ilə müəyyən olunur: "Ümumi peşəkar prinsiplərin tətbiqi qiymətləndirmə prosesində metodoloji ardıcıllığın qorunmasına, nəticələrin əsaslandırılmasına və müxtəlif bazarlarda formalaşan yanaşmaların müqayisəsinə şərait yaradır. Bununla yanaşı, beynəlxalq standartların səmərəli tətbiqi yerli bazarın xüsusiyyətlərinin, məlumatların əlçatanlığının və mövcud normativ çərçivənin nəzərə alınmasını tələb edir. Qiymətləndirmədə keyfiyyət yalnız yekun rəqəmin müəyyənləşdirilməsi ilə ölçülmür.

Həmin nəticənin hansı məlumatlara, metodologiyaya və peşəkar mühakiməyə əsaslandığı da eyni dərəcədə vacibdir. Buna görə beynəlxalq standartların tətbiqi qiymətləndirmə prosesinin bütün mərhələlərində əsaslandırılmış yanaşmanın təşviqinə, peşəkar məsuliyyətin gücləndirilməsinə və nəticələrin etibarlılığının artırılmasına yönəlməlidir. Yerli təcrübənin beynəlxalq prinsiplərlə uzlaşdırılması da məhz bu baxımdan əhəmiyyətlidir".

A.Qəmbərova rəqəmsal transformasiyanın qiymətləndirmə sektorunun inkişafında ayrıca istiqamət kimi deyil, peşəkar fəaliyyətin səmərəliliyini və analitik imkanlarını genişləndirən vasitə kimi nəzərdən keçirilməli olduğunu söyləyib: "Böyük həcmli məlumatların təhlili, bazar göstəricilərinin müqayisəsi və təkrarlanan əməliyyatların avtomatlaşdırılması qiymətləndirmə proseslərinin daha çevik təşkilinə imkan verə bilər. Bununla belə, bu imkanlardan real fayda əldə edilməsi məlumatların keyfiyyətindən, istifadə olunan modellərin etibarlılığından və nəticələrin peşəkar qiymətləndiricilər tərəfindən yoxlanılmasından asılıdır.

Süni intellekt qiymətləndirmə fəaliyyətində məlumatların emalını sürətləndirə və analitik imkanları genişləndirə bilər. Lakin texnologiyanın təqdim etdiyi nəticə özlüyündə yekun qiymətləndirmə qərarı hesab edilməməlidir. Daşınmaz əmlakın xüsusiyyətləri, bazarın yerli dinamikası, müqayisə üçün seçilən məlumatların uyğunluğu və digər amillər peşəkar təhlil tələb edir. Buna görə rəqəmsal həllərin tətbiqi mütəxəssislərin bilik və bacarıqlarının inkişafı, məlumatların etibarlılığının qorunması və metodoloji nəzarətlə paralel aparılmalıdır".

AQP sədrinin müavini vurğulayıb ki, beynəlxalq tədbirlərdə iştirakın səmərəsi əldə olunan təcrübənin praktik fəaliyyətə nə dərəcədə transformasiya edilməsi ilə müəyyən olunur: "Peşəkar əlaqələrin qurulması, beynəlxalq ekspertlərin yanaşmalarının öyrənilməsi və yeni texnoloji həllərlə tanışlıq sektorun gələcək inkişafı üçün faydalı zəmin yaradır. Növbəti mərhələdə bu biliklərin yerli mütəxəssislərin peşəkar inkişafına, qiymətləndirmə metodologiyalarının təkmilləşdirilməsinə və beynəlxalq standartlarla uyğunluğun gücləndirilməsinə istiqamətləndirilməsi əhəmiyyət daşıyır.

Azərbaycanın qiymətləndirmə sektorunun inkişafını beynəlxalq təcrübənin öyrənilməsi, milli bazarın xüsusiyyətlərinin nəzərə alınması və peşəkar fəaliyyətin keyfiyyətinə ardıcıl yanaşmanın formalaşdırılması vəhdətində görürük. Beynəlxalq əməkdaşlıq bu proses üçün yeni bilik və imkanlar yaradır, rəqəmsal texnologiyalar isə həmin imkanlardan istifadə üsullarını genişləndirir. Əsas məsələ bu istiqamətləri vahid inkişaf yanaşması çərçivəsində birləşdirmək, qiymətləndirmə xidmətlərinin etibarlılığını yüksəltmək və Azərbaycan mütəxəssislərinin beynəlxalq peşəkar mühitlə əlaqələrini davamlı şəkildə inkişaf etdirməkdir", - deyə A.Qəmbərova fikirlərini yekunlaşdırıb.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ayan Qəmbərova: "Beynəlxalq əməkdaşlıq qiymətləndirmə sektorunun inkişafına yeni imkanlar açır"
Azərbaycanda əmlak bazarının strukturu dəyişir: İndi nə almaq daha sərfəlidir?
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər