Ayan Qəmbərova: "Beynəlxalq əməkdaşlıq qiymətləndirmə sektorunun inkişafına yeni imkanlar açır"
Far.Az xəbər saytı

Ayan Qəmbərova: "Beynəlxalq əməkdaşlıq qiymətləndirmə sektorunun inkişafına yeni imkanlar açır"


Azərbaycanın qiymətləndirmə sektoru müasir qlobal iqtisadi çağırışlar, texnoloji inkişaf templəri və rəqəmsal transformasiya dalğası fonunda tamamilə yeni bir keyfiyyət mərhələsinə qədəm qoyur.

Bu fikirləri "Far.Az"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova söyləyib.

Onun sözlərinə görə, ölkəmizdə bu sahənin tənzimlənməsi, institusional baxımdan gücləndirilməsi və beynəlxalq standartlara tam uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir: "Bu prosesdə beynəlxalq əməkdaşlığın miqyasının artırılması, qabaqcıl qlobal təcrübələrin yerli bazara effektiv şəkildə adaptasiya edilməsi və peşəkar əlaqələrin coğrafiyasının genişləndirilməsi həlledici rol oynayır. Moskvada təşkil olunan və "Rəqəm və pul: texnologiyalar, aktivlər, maliyyə" adlı beynəlxalq konfrans da bu qəbildəndir. Tədbir çərçivəsində Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrin dövlət qurumlarının, aparıcı peşəkar təşkilatların, iri bankların və nüfuzlu konsaltinq şirkətlərinin nümayəndələrinin bir araya gəlməsi regional miqyasda peşəkar dialoqun nə qədər dərinləşdiyini və əhəmiyyət qazandığını açıq şəkildə göstərir. Belə beynəlxalq tədbirlər təkcə mövcud təcrübələrin qarşılıqlı təqdimatı ilə məhdudlaşmır, eləcə də müxtəlif dövlətlərin qarşılaşdığı real problemləri, onların aradan qaldırılması üçün tətbiq olunan mexanizmləri və qabaqcıl texnoloji yanaşmaları birbaşa müzakirə müstəvisində öyrənməyə imkan yaradır. Eyni zamanda Azərbaycanın bu sahədə həyata keçirdiyi köklü islahatların beynəlxalq auditoriyaya çatdırılması ölkəmizin formalaşdırdığı yanaşmaların qlobal peşəkar mühitdə tanıdılmasına güclü təkan verir".

AQP rəsmisi qeyd edir ki, müxtəlif ölkələrin qiymətləndirici qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi metodologiyanın təkmilləşdirilməsi, peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, operativ məlumat mübadiləsi, rəqəmsal alətlərin tətbiqi və keyfiyyətə nəzarət mexanizmlərinin optimallaşdırılması üçün yeni və geniş fürsətlər açır: "Əsas məqsəd həmin əlaqələri real və praktik əməkdaşlıq mexanizmlərinə çevirməkdir. Birgə müzakirələr, ekspertlərin qarşılıqlı mübadiləsi, ixtisasartırma təlimləri və metodoloji təcrübənin dərindən mənimsənilməsi milli qiymətləndirmə institutunun gələcək inkişafına birbaşa töhfə verir.

Müasir dövrdə qiymətləndirmə sahəsində baş verən texnoloji transformasiya artıq sadəcə ayrı-ayrı proqram təminatlarının işlədilməsi məsələsi deyil. Bu mürəkkəb proses məlumatların toplanmasından, onların dəqiq strukturlaşdırılmasından və təhlilindən başlayaraq, fundamental qiymətləndirmə metodologiyalarına, yekun hesabatların hazırlanmasına və keyfiyyətə nəzarətin bütün mərhələlərinə qədər bütöv bir zəncirin yenidən qurulmasını tələb edir".

AQP sədrinin müavini vurğulayır ki, Palatanın 2025-2030-cu illəri əhatə edən strategiyasında nəzərdə tutulan müasir rəqəmsal ekosistemin əsas xüsusiyyətlərindən biri də məhz bu fəaliyyət istiqamətlərinin vahid və mərkəzləşdirilmiş sistemdə əlaqələndirilməsidir: "Qiymətləndiricinin fərdi rəqəmsal kabineti, zəngin məlumat platforması, avtomatlaşdırılmış keyfiyyətə nəzarət sistemi, geniş bilik bazası, analitik monitorinq və inteqrasiya platformalarının qarşılıqlı sinergiyada işləməsi həm mütəxəssisin gündəlik əmək fəaliyyətini əhəmiyyətli dərəcədə asanlaşdıracaq, həm də təqdim olunan qiymətləndirmə nəticələrinin obyektivliyinə və keyfiyyətinə nəzarəti maksimum səviyyədə gücləndirəcək.

Bununla belə, tətbiq olunan texnologiyalar heç bir halda insan faktorunu tamamilə əvəz etmək məqsədi daşımır. Əksinə, rəqəmsal alətlər və süni intellekt qiymətləndiricinin peşəkar mühakiməsini daha keyfiyyətli məlumat bazası, dəqiq analitik imkanlar və avtomatlaşdırılmış yoxlama mexanizmləri ilə dəstəkləməlidir. Süni intellektin və avtomatlaşdırma həllərinin sürətlə genişləndiyi müasir şəraitdə peşəkar qərar qəbuletmə məsuliyyəti və qiymətləndiricinin birbaşa metodoloji rolu qətiyyən unudulmamalı və qorunub saxlanılmalıdır".

O hesab edir ki, qiymətləndirmə bazarının hərtərəfli inkişafı tək bir qurumun və ya yalnız qiymətləndiricilərin səyləri ilə məhdudlaşmır: "Bu sahə bank sektoru, daşınmaz əmlak bazarı, tikinti sektoru, sığorta sistemləri, maliyyə institutları və dövlət idarəçiliyi mexanizmləri ilə sıx şəkildə bağlıdır. Məhz buna görə də müasir tələblərə cavab verən qiymətləndirmə sisteminin qurulması bütün əlaqəli tərəflərin koordinasiyalı və sıx əməkdaşlığını tələb edir.

AQP qarşıdakı dövrdə də beynəlxalq tərəfdaşlarla əlaqələrin coğrafiyasını daha da genişləndirməyi, peşəkar təşkilatlar arasında davamlı dialoqu gücləndirməyi və ölkəmizin qazanılmış təcrübəsini qlobal platformalarda layiqincə təmsil etməyi qarşısına əsas məqsəd qoyub", - deyə A. Qəmbərova fikrini yekunlaşdırır.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər