Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Far.Az xəbər saytı

Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2


Fransada noyabrın 5-də keçirilən kütləvi etiraz aksiyaları zamanı 448 nəfər saxlanılıb.

"Report" "Le Monde" nəşrinə istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyinin (DİN) açıqlamasında bildirilib.

Məlumata görə, bəzi yerlərdə iğtişaşlarla müşayiət olunan etirazlar zamanı 53 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Axşama doğru etiraz yürüşlərinin əksəriyyəti ciddi insident olmadan başa çatıb, lakin Renn, Marsel, Nant, Lion, Bordo və Strasburq da daxil olmaqla, bir sıra şəhərlərdə radikal əhval-ruhiyyəli qrupların iştirakı ilə toqquşmalar baş verib. DİN-in məlumatına görə, iğtişaş iştirakçıları polislərə müxtəlif əşyalar atıb və pirotexniki vasitələrdən istifadə ediblər.

Xüsusilə ciddi hadisələr Tuluza şəhərində qeydə alınıb. Strasburqda nümayiş zamanı iğtişaşlara qarşı mübarizə aparan polis əməkdaşını təsvir edən maneken yandırılıb. Fransanın daxili işlər naziri Loran Nunyes bu hadisə barədə məlumatın səlahiyyətli orqanlara verilməsini tapşırıb.

Qurumun qiymətləndirmələrinə görə, bütün ölkə üzrə etirazlarda təxminən 575 min nəfər, onlardan 65 mini isə Parisdə iştirak edib. Eyni zamanda, Ümumi Əmək Konfederasiyası (CGT) nümayişçilərin sayını xeyli çox - paytaxtda 350 min nəfər olmaqla, təqribən 1,57 milyon nəfər olaraq qiymətləndirib.

Gün ərzində Fransada ümumilikdə 193 etiraz aksiyası keçirilib. Tətil və nümayiş iştirakçıları əməkhaqlarının artırılmasını və hakimiyyətin əlavə qənaət tədbirlərindən imtina etməsini tələb edirlər.

Bütün Fransada qiymət artımına qarşı kütləvi etiraz aksiyaları davam edir və nümayişlərə qatılanların sayı artıb.

"Report" xəbər verir ki, bu barədə CNEWS telekanalı məlumat yayıb.

Fransa Daxili İşlər Nazirliyi bildirib ki, nümayişlərdə azı 600 min nəfər iştirak edir. Gündüz 270 min iştirakçı barədə məlumat verilib.

Bir gün əvvəl Fransa hakimiyyəti noyabrın 5-də aksiyalar iştirakçılarının ümumi sayının 780 min nəfərə çata biləcəyini proqnozlaşdırıb.

Ən böyük nümayişlərdən biri Parisdə keçirilir. On minlərlə insan Respublika meydanına toplaşıb, oradan isə Volter bulvarı ilə Millət meydanına doğru yürüşə başlayıb. Bir qrup xuliqanın polislə baş verən ayrıca toqquşmasına baxmayaraq, aksiya bütövlükdə sakit keçir. Hüquq-mühafizə orqanları əməkdaşları toqquşma iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Kütləvi tətil əməkhaqqının artırılması üçün çıxış edən və hökumətdən büdcəyə qənaət üzrə əlavə tədbirlərdən imtina etməyi tələb edən həmkarlar ittifaqları tərəfindən təşkil olunub.

Etirazlara həmçinin tələbə təşkilatları və yuxarı sinif şagirdləri də qoşulublar. Onlar məktəblərdə müəllim çatışmazlığı probleminin həll edilməsini, tədris müəssisələrinin vəziyyətinin yaxşılaşdırılmasını və həddindən artıq yüklənmiş dərs cədvəlinə yenidən baxılmasını tələb edirlər. Şagirdlərin bu aksiyaları sentyabrın sonundan etibarən keçirilir.

Bütün Fransa boyunca qiymət artımına qarşı əvvəlcədən elan edilmiş və iğtişaşlarla müşayiət olunan genişmiqyaslı etiraz aksiyaları keçirilir.

"Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Etirazçılar məktəb binalarını, zibil qutularını yandırmağa, mağazaların vitrinlərinə, eləcə də polislərə tərəf daş atmağa başlayıblar. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onlara qarşı gözyaşardıcı qaz tətbiq ediblər.

Bildirilib ki, ölkəni bürüyən etirazlar zamanı Tuluza yaxınlığındakı Turneföy fransız kommunasında orta məktəb yandırılıb. Naməlum şəxslər pirotexniki vasitədən istifadə edərək məktəbə daxil olublar, nəticədə yanğın baş verib. Xəsarət alan yoxdur.

Parisdə ümummilli tətil ilə əlaqədar Eyfel qülləsi bağlanıb.

Bildirilib ki, bu gün etirazlarla əlaqədar qatarların hərəkətində ciddi fasilələr müşahidə olunacaq.

Ölkənin Təhsil Nazirliyi bildirir ki, bu gün müəllimlərin təxminən 16 %-i tətil edir, məktəblərin 33 %-nin (184-dən 60-ı) işində isə fasilələr müşahidə olunur.

Tələbə İttifaqı və Orta Məktəblər İttifaqı (USL) öz növbəsində qeyd edib ki, Fransadakı təxminən 70 universitetin 90 %-i bağlanıb. Bundan əlavə, 1 000 orta məktəb fəaliyyətsiz vəziyyətdədir.

Daha əvvəl Fransanın daxili işlər naziri Loran Nunyes bildirib ki, etirazlar zamanı təhlükəsizliyi təmin etmək üçün bütün ölkə boyu 70 min polis və jandarm cəlb ediləcək.

Oxşar xəbərlər

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib
Fransada etiraz aksiyalarında 511 nəfər saxlanılıb - Yenilənib-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər