XİN başçıları Azərbaycan-Almaniya münasibətlərini müzakirə ediblər
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.
Bu barədə BAKU.WS-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüşdə Azərbaycan-Almaniya münasibətlərinin cari vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Gələn il Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd ediləcəyi məmnunluqla xatırlanaraq, iki ölkənin liderləri səviyyəsində təmasların mövcud strateji tərəfdaşlıq gündəliyinin formalaşdırılmasında müstəsna rolu vurğulanıb.
Siyasi dialoqun, o cümlədən Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ölkələrimiz arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, ikitərəfli gündəliyin aktual məsələlərinin nəzərdən keçirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
İqtisadi əməkdaşlığın münasibətlərin əsas istiqamətlərindən biri olduğuna diqqət çəkilib, ticarət dövriyyəsinin artım dinamikası, Almaniya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, investisiya imkanları və biznes əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Enerji sahəsində əməkdaşlığın, o cümlədən Azərbaycanın Almaniyaya qaz ixracına başlamasının münasibətlərdə yeni mərhələ açdığı qeyd edilib. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və texnologiyalar sahələrində əməkdaşlıq perspektivlərinə toxunulub.
Azərbaycan ilə Almaniya arasında həm sərnişin, həm də yük daşımaları məqsədilə uçuşların və onların təyinat məntəqələrinin sayının artırılması imkanları nəzərdən keçirilib.
Almaniya şirkətləri Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının yaratdığı imkanlardan faydalanmağa, habelə işğaldan azad edilmiş ərazilərdəki bərpa və yenidənqurma layihələrində iştiraka dəvət edilib.
Humanitar sahədə əlaqələrin, xüsusilə təhsil, elm, mədəniyyət, turizm və regionlararası əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində roluna toxunulub.
Almaniyanın ali təhsil müəssisələrində çox sayda azərbaycanlı tələbənin təhsil alması məmnunluqla qeyd olunub, ali məktəblər, o cümlədən texniki təhsil ocaqları arasında mübadilələrin genişləndirilməsi, Azərbaycanda alman dilinin tədrisi imkanlarının artırılması və eləcə də Azərbaycan-Almaniya Universitetinin təsisi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanda tarixən mövcud olmuş alman icmalarının irsinin ikitərəfli münasibətlərin mühüm mədəni bağlarından biri olduğu qeyd edilib.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional məsələlər, Cənubi Qafqazda mövcud vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi barədə fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə həmkarına məlumat verib.
Nazirlər tərəfindən Şərqi Avropa və Yaxın Şərq regionlarında davam edən münaqişələrin siyasi dialoq və diplomatik danışıqlar yolu ilə həllinin vacibliyinə dair həmfikirlik ifadə olunub.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər naziri Yohan Vadeful arasında geniştərkibli görüş keçirilib.
BAKU.WS xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, həmçinin əsas regional və beynəlxalq hadisələr barədə hərtərəfli müzakirələr aparıblar.
Azərbaycan və Almaniya 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünə yaxınlaşdığı bir vaxtda nazirlər qarşılıqlı hörmət, konstruktiv dialoq və ortaq maraqlara əsaslanan tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini bir daha təsdiq ediblər.
Bildirilib ki, Azərbaycan Prezidentinin 2026-cı ilin iyulunda Almaniyaya rəsmi səfəri zamanı qəbul edilmiş İkitərəfli Tərəfdaşlıq üzrə Strateji Gündəlik münasibətlərimizin irəliyə aparılması üçün mühüm çərçivə təmin edir.
Nazirlər iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verdiklərini bir daha vurğulayıblar. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsinin 1,4 milyard ABŞ dollarına çatması vurğulanıb və qeyd olunub ki, 2026-cı ilin yanvarından Azərbaycanın Almaniyaya qaz ixracına başlaması fonunda ticarət, investisiya, enerji, sənaye, nəqliyyat və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar mövcuddur.
Onlar bildiriblər ki, 2026-cı ilin iyulunda Azərbaycan-Almaniya İşgüzar Şurasının yaradılması da hər iki ölkənin iş adamları icmalarının cəlb edilməsi üçün yeni platforma təmin edir.
C.Bayramov Orta Dəhlizin inkişafı, Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və inkişaf layihələrində alman şirkətləri üçün mövcud imkanları vurğulayıb.
Nazirlər regional hadisələr, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər. C.Bayramov həmkarını işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma səyləri, keçmiş məcburi köçkünlərin geri qayıtması və minaların yaratdığı davam edən problemlər barədə məlumatlandırıb.
Nazirlər təhsil, mədəniyyət və elm vasitəsilə insanlararası əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Almaniyanın xarici işlər naziri Yohan Vadeful arasında təkbətək görüş başlayıb.
BAKU.WS xəbər verir ki, görüş Azərbaycan Xarici İşlər Nazirliyində baş tutur.
Qalereya
Oxşar xəbərlər
XİN başçıları Azərbaycan-Almaniya münasibətlərini müzakirə ediblər - Yenilənib-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
Azərbaycan və Qazaxıstan XİN başçıları regional vəziyyəti geniş müzakirə ediblər
Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













