Gijs de Best: "Rəqəmsallaşma və tənzimləmə Azərbaycanın istehlak bazarında yeni imkanlar yaradır"
Far.Az xəbər saytı

Gijs de Best: "Rəqəmsallaşma və tənzimləmə Azərbaycanın istehlak bazarında yeni imkanlar yaradır"


İstehlakçı tələbatının dəyişməsi, rəqəmsallaşmanın sürətlənməsi və innovasiyaların biznes modellərinə təsiri qlobal bazarları yeni mərhələyə daşıyır. Belə bir şəraitdə şirkətlər təkcə mövcud ehtiyaclara uyğunlaşmır, həm də fərqli iqtisadi və sosial xüsusiyyətlərə malik ölkələrdə fəaliyyət strategiyalarını yenidən qururlar.

"Philip Morris International" (PMI) da istehlakçı davranışlarındakı dəyişikliklərə uyğun olaraq strategiyasını yeniləyir, elmi araşdırmalara və tüstüsüz məhsulların inkişafına yönələn investisiyalarını artırır. Şirkətin regional yanaşması, bazarlar arasındakı fərqlər, rəqəmsal həllər və Azərbaycanın bu prosesdəki yeri barədə PMI-nın Cənubi Asiya, Hind-Çin, MDB və Yaxın Şərq-Afrika regionu üzrə prezidenti Gijs de Best Dubayda keçirilən "TECHNOVATION" tədbiri çərçivəsində "Report"a müsahibəsində danışıb.

Onun sözlərinə görə, şirkət istehlakçı vərdişlərindəki dəyişiklikləri təxminən 10–15 il əvvəl daha fəal şəkildə diqqətə almağa başlayıb. Bu addım PMI-nın öz gələcək istiqamətini yenidən qiymətləndirməsinə və istehlakçı yönümlü yanaşmanı gücləndirməsinə gətirib çıxarıb: "Dünyanın dəyişdiyini görürdük, öz fəaliyyətimizi və bazardakı mövcudluğumuzun səbəbini yenidən dəyərləndirirdik. İstehlakçılar dəyişirdi və biz də buna uyğunlaşaraq onların tələblərinə fokuslanmağa çalışırdıq. Anladıq ki, dünyada 1 milyard, Azərbaycanda isə təxminən 1,5 milyon siqaret çəkən daha yaxşı alternativlərə layiqdir. Ona görə də bu istiqamətdə çalışır, investisiya yatırır, yeni məhsullar yaradır, onları kommersiyalaşdırır və elmi araşdırmalara vəsait ayırırıq".

Tənzimləmə və müstəqil elmi araşdırmalar bazarın inkişafında əsas amillərdir

Gi.de Best hesab edir ki, tüstüsüz məhsullar bazarının formalaşması təkcə şirkətlərin investisiyalarından asılı deyil. Bu prosesdə hökumətlərin, tənzimləyici qurumların və müstəqil elmi ictimaiyyətin üzərinə də böyük iş düşür.

O, dövlətlərin bu sahədə üç əsas istiqamətdə addım atmasının vacibliyini qeyd edib: müstəqil elmi araşdırmaların aparılması, məhsulların keyfiyyət və təhlükəsizlik standartlarının müəyyənləşdirilməsi, eləcə də istehlakçıların məlumatlandırılması üçün müvafiq kommunikasiya imkanlarının yaradılması.

"Biz öz elmi araşdırmalarımızı aparırıq, lakin hökumətləri də müstəqil tədqiqatlar həyata keçirməyə çağırırıq. Çünki bizim təqdim etdiyimiz nəticələr şirkət tərəfindən əldə olunduğuna görə cəmiyyətdə və ya qurumlarda hər zaman tam etibarlı qəbul edilməyə bilər. Dövlətlər öz araşdırmalarını aparmalı, nəticələrə əsaslanaraq qərar verməli və uyğun tənzimləmə mexanizmləri tətbiq etməlidirlər", – PMI rəsmisi bildirib.

Onun fikrincə, tənzimləmə yalnız məhsulların bazara çıxış qaydalarını müəyyən etməklə bitməməli, həm də onların xüsusiyyətləri barədə dəqiq məlumatların istehlakçılara çatdırılmasına şərait yaratmalıdır. Bununla yanaşı, vahid məhsul standartlarının tətbiqi bazarda keyfiyyətə nəzarət və istehlakçı hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. G.de Best Azərbaycanın bu sahədə müəyyən irəliləyiş əldə etdiyini bildirərək, ölkədə tüstüsüz məhsullarla bağlı könüllü standartların tətbiqini müsbət addım kimi dəyərləndirib.

93 ölkəni əhatə edən strategiya: vahid məqsəd, fərqli bazar prioritetləri

PMI prezidentinin sözlərinə görə, onun rəhbərlik etdiyi region 93 ölkəni əhatə edir və Vyetnamdan Seneqala, Şərqi Avropadan Cənubi Afrikaya qədər geniş bir coğrafiyanı birləşdirir. Bu ölkələr iqtisadi inkişaf səviyyəsi, rəqəmsal imkanlar, dövlət idarəçiliyi və istehlakçı vərdişləri baxımından bir-birindən ciddi şəkildə fərqlənir.

Məhz buna görə şirkət bütün bazarlara eyni qəliblə yanaşmır. Regional strategiyanın əsasını tüstüsüz gələcəyə keçid təşkil etsə də, hər ölkənin özünəməxsus xüsusiyyətləri və inkişaf dinamikası nəzərə alınaraq fərdi fəaliyyət planı hazırlanır: "Qlobal hədəfimiz tüstüsüz gələcəkdir və bu mövqeyimiz dəyişməzdir. Amma hər bazara eyni cür yanaşmaq mümkün deyil. Ölkələri ayrı-ayrılıqda təhlil edir, mövcud vəziyyəti dəyərləndirir və bundan sonra necə irəliləyəcəyimizi planlaşdırırıq. Dubayla Malavinin, yaxud Banqladeş və Pakistanın prioritetləri eyni ola bilməz".

G.de Best rəqəmsallaşmanın regional strategiyada xüsusi yer tutduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, məhsulların izlənməsi və nəzarəti sistemləri həm bazarın şəffaf idarə olunmasına, həm də qanunsuz ticarətlə mübarizəyə ciddi dəstək verir. Bəzi bazarlarda qanunsuz məhsul dövriyyəsinin böyük miqyas aldığını deyən PMI rəsmisi, rəqəmsal izləmə və nəzarət mexanizmlərinin bu problemin qarşısını almaqda əsas vasitəyə çevrildiyini bildirib.

Azərbaycan regional strategiyada prioritet bazarlardan biridir

G.de Best Azərbaycanın şirkətin regional strategiyasında xüsusi mövqeyə malik olduğunu vurğulayıb. O, ölkədəki rəqəmsal inkişafı, bazarın müasirləşməsini və tənzimləmə istiqamətində atılan addımları müsbət qiymətləndirib.

PMI rəsmisinin sözlərinə görə, Azərbaycan şirkətin tüstüsüz məhsullarının uğurla bazara təqdim edildiyi prioritet bazarlardan biridir: "Hindistan, Vyetnam və Tailand kimi bir sıra ölkələrdə isə tüstüsüz məhsullara ciddi məhdudiyyətlər tətbiq olunub və bəzi hallarda onların satışı qadağan edilib. Nəticədə, siqareti tərgitməyən yetkin siqaret çəkənlərin daha yaxşı alternativlərə keçid imkanları məhdudlaşır.

Onun sözlərinə görə, şirkətin uzunmüddətli strategiyasında tüstüsüz məhsulların payının artırılması əsas xətt kimi götürülüb. PMI rəhbərinin müəyyən etdiyi hədəfə əsasən, 2030-cu ilə qədər şirkətin xalis mənfəətinin üçdə ikisindən çoxu tüstüsüz məhsulların satışından əldə olunmalıdır. G. de Best bildirib ki, bu hədəfə doğru irəliləyiş davam edir. Bununla belə, yeni bazarların açılması və yetkin siqaret çəkənlər üçün alternativ məhsulların əlçatanlığının artırılması bu keçidi daha da sürətləndirə bilər.

Hazırda şirkətin xalis gəlirlərinin 40 %-i tüstüsüz məhsullardan əldə olunur.

Alternativ məhsulların qəbulunda istehlakçı davranışı və dövlət siyasəti həlledicidir

PMI nümayəndəsi hesab edir ki, tüstüsüz məhsulların ictimai səhiyyəyə potensial müsbət təsiri birbaşa onların istehlakçılar tərəfindən necə qəbul olunmasından asılıdır. O, bu prosesi iki əsas amilin - riskin azaldılması potensialı və istehlakçıların məhsulu mənimsəmə səviyyəsinin - qarşılıqlı təsiri kimi izah edib. Yəni alternativ məhsulun üstünlükləri olsa belə, istehlakçı ona keçid etmədiyi halda real nəticə əldə olunmur: "Bizim işimiz istehlakçının qəbul edəcəyi məhsul yaratmaqdır. Qızdırılan, lakin yandırılmayan tütün texnologiyasının əsas üstünlüyü ondadır ki, burada təbii tütündən istifadə olunur və bu, ənənəvi siqaret çəkmə ritualını müəyyən qədər qoruyub saxlayır. Siqaret çəkənlər üçün isə bu ritual çox vaxt vərdişin ayrılmaz hissəsidir".

G. de Best bazarlar arasında keçid sürətinin fərqlənməsini təkcə istehlakçı vərdişləri ilə deyil, həm də dövlət siyasəti və tənzimləmə yanaşmaları ilə əlaqələndirib. O, Yaponiya və İsveçi nümunə göstərərək bildirib ki, bu ölkələrdə alternativ məhsulların geniş yayılmasında müstəqil araşdırmalar, düzgün tənzimləmə, məhsullara çıxış imkanı və istehlakçıların vaxtında məlumatlandırılması həlledici rol oynayıb.

Gənclərin qorunması şirkətin əsas prioritetidir

Azərbaycanda rəqəmsal mühitin sürətlə genişlənməsi və gənclər arasında texnologiyalardan aktiv istifadə tüstüsüz məhsullar bazarında yeni imkanlar açmaqla yanaşı, daha məsuliyyətli nəzarət mexanizmləri də tələb edir.

G. de Best yetkinlik yaşına çatmayanların bu məhsullara çıxışının qarşısının alınmasının şirkət üçün əsas prioritet olduğunu bildirib.

Onun sözlərinə görə, bu məqsədlə PMI rəqəmsal yaş yoxlama sistemlərindən, üz tanıma və yaşın müəyyənləşdirilməsi texnologiyalarından istifadə edir. Rəqəmsal infrastrukturu güclü olan bazarlarda onlayn platformalara giriş zamanı yaş təsdiqi, fiziki satış nöqtələrində isə avtomatlaşdırılmış sistemlər və əlavə şəxsiyyət yoxlanışı tətbiq olunur. Rəqəmsal imkanların nisbətən məhdud olduğu bazarlarda isə çatdırılma zamanı şəxsiyyət vəsiqəsinin yoxlanılması kimi üsullara üstünlük verilir.

Bununla belə, PMI rəsmisi hesab edir ki, təkcə şirkətlərin gördüyü tədbirlər yetərli deyil. Qanunsuz ticarətin qarşısının alınması və yaş məhdudiyyətlərinin tam işləməsi üçün dövlət nəzarəti və müvafiq qurumların dəstəyi mütləqdir. Onun fikrincə, rəqəmsal həllər və məsuliyyətli biznes yanaşması məhsulların kənar şəxslər tərəfindən istifadəsinin qarşısını almağa kömək etsə də, davamlı nəticə üçün biznes və dövlət qurumlarının birgə fəaliyyəti vacibdir.

Oxşar xəbərlər

Tüstüsüz gələcəyin Astanasında - Qazaxıstanın paytaxtından 2030-a baxış
Forbes Philip Morris International-ı Net Zero liderləri siyahısına daxil edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Tommazo Di Covanni: "İstehlakçılar tüstüsüz məhsullar haqqında tam məlumat almalıdırlar"
Daşkəndin plov qoxulu tüstüsü və Mərkəzi Asiyanın incisindən tüstüsüz gələcəyə doğru - FOTOREPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər