Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi"
Far.Az xəbər saytı

Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi"


"Barselona"nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Sabah"la oyunda çox əziyyət çəkdiklərini etiraf edib.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Bakı təmsilçisinin güclü rəqiblərə qarşı layiqli mübarizə apardığını bildirib:

"Sabah" bu turnirdə ilk dəfə çıxış edir. Rəqiblər də həqiqətən olduqca güclüdürlər. Buna baxmayaraq, komanda çox inamlı oynayır. Bu sözləri hətta səfərdə böyük hesabla uduzduqları "Mançester Yunayted"lə görüşə də aid etmək olar. Orada da qol imkanları çox idi, təəssüf ki, istifadə edə bilmədilər. "Barselona" ilə oyuna gəlincə, bu gün futbolda tam güclə oynamadan, rahat çıxıb qələbə qazanmaq anlayışı yoxdur. Rəqibin baş məşqçisi və futbolçuları da matçdan sonra mətbuata açıqlamalarında çox əziyyət çəkdiklərini etiraf etdilər. İlk dəqiqələrdə, birinci hissədəki oyuna baxsaq, məşqçiləri də çox əsəbi idi, istəkləri alınmırdı. "Sabah" onlara imkan vermirdi və həmin ərəfədə 2 real qol epizodu yarandı. Bəlkə də həmin hücumlar qolla nəticələnsəydi, görüş başqa cür davam edə bilərdi. Buna baxmayaraq, "Barselona" təcrübəlidir. Belə uzaq səfərlərə gəlməyi çox xoşlamasalar da, futbolçular öz səviyyələrini ortaya qoydular. Fərdi keyfiyyət öz sözünü dedi. Bəlkə də cüzi, individual səhvlər var idi ki, bunlara yol verilməməli idi. Birinci qola baxsaq, orada böyük təhlükə yox idi, sadəcə, cinahdan asmadan sonra qapıçının qaytardığı top rəqibdə qaldı. Bunlar da ustalıq göstəricisidir, qarşıdakı komanda "Barselona"dır".

A.Abbasov "Sabah"ın uzunillik zəhmətin bəhrəsini gördüyünü və bu yarışda böyük təcrübə topladığını vurğulayıb:

""Sabah" bu il ən yaxşısını edib. Klub olaraq Çempionlar Liqasına vəsiqə qazanıblar və neçə ildir qurulan işin bəhrəsini görürlər. Komandanın hansı yollardan keçdiyinə, nələrə dözdüyünə, nələri düz etdiyinə və 9-10 il ərzində bu səviyyəyə çatdığına fərqli prizmadan yanaşmaq lazımdır. Bu, Azərbaycanın digər klublarına da nümunə olmalıdır. Demək ki, hər şey mümkündür. "Sabah" bu mövsüm təcrübə qazanır, əldə olunan istənilən xal isə bonusdur. Məncə, bu kollektiv böyüyür, futbolçular da bu turnirdə inkişaf edəcəklər. Gələcəkdə bunun faydasını görəcək və daha münasib rəqiblərlə matçlarda yaxşı çıxış edəcəklər".

Millinin baş məşqçisi paytaxtdakı oyun atmosferini və təşkilatçılığı da yüksək qiymətləndirib:

"Dünən stadionda əsl futbol ab-havası var idi, böyük komandaların gəlişi azarkeşlər üçün də maraqlı oldu. Azərbaycan tanındı. Özüm də arenada idim və yaxın ölkələrdən nə qədər tərəfdarın gəldiyini gördüm. Belə geniş azarkeş kütləsini cəlb etmək oyunun təşkilatçılarının mühüm nailiyyətidir. Uğurlar arzulayıram, inanıram ki, "Sabah" bu görüşlərdən böyük təcrübə qazandı".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun "Sabah" - "Barselona" matçı qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisi turnirdə növbəti görüşünü dekabrın 8-də İspaniyada "Vilyarreal" komandasına qarşı keçirəcək.

Oxşar xəbərlər

AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Röya Ayxan "Baldır Yar"ı təqdim etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər