Vüsal Hacıyev: "İstixana sektorunda kadrlara ehtiyac artır"
Far.Az xəbər saytı

Vüsal Hacıyev: "İstixana sektorunda kadrlara ehtiyac artır"


Azərbaycanın istixana sektorunda texnologiya ilə yanaşı, kadrlara ehtiyac artır.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəis müavini Vüsal Hacıyev "Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə" konfransında deyib.

Onun sözlərinə görə, istixana kompleksləri Azərbaycanın əsas ixrac məhsullarının istehsal olunduğu sahələrdəndir: "Bu komplekslər müasir tələblərə cavab verən və qabaqcıl texnologiyaların tətbiq edildiyi müəssisələrdir. Sensorlar vasitəsilə idarəetmə, mikroiqlimin tənzimlənməsi, gübrələmə və bitki mühafizəsi istiqamətində müasir, hədəfyönümlü tədbirlərin həyata keçirilməsi istixana təsərrüfatlarında xüsusi əhəmiyyət kəsb edir. İstixanalarda çalışan aqronomlara müraciət edərək bildirmək istəyirəm ki, qarşıdakı dövrdə istixanaların həcminin daha da artması gözlənilir. Bu baxımdan, sahənin inkişafı ilə yanaşı, ixtisaslı kadrların sayının artırılması və onların peşəkar inkişafına yönəlmiş tədbirlərin genişləndirilməsi də vacibdir".

V.Hacıyev bildirib ki, dövlət tərəfindən də kadrların inkişafı istiqamətində müəyyən addımlar atılır: "Bu yaxınlarda elan olunduğu kimi, ABŞ-nin Oklahoma Universiteti ilə birgə ikili diplom və ikili təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Dövlət Aqrar Universiteti də bu istiqamətdə fəaliyyətini davam etdirir. Aqronomların peşəkar inkişafı üçün Aqrar Xidmətlər Agentliyinin təlim mərkəzi də fəaliyyət göstərir. Mərkəz mütəmadi olaraq təlimlər keçirir və həm fermerlərin, həm də aqronomların bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verir".

O qeyd edib ki, bununla yanaşı, aqronomların özləri də peşəkar inkişaflarına xüsusi diqqət yetirməlidirlər: "Beynəlxalq səviyyəli tədbirlərdə, təlimlərdə, seminarlarda və sərgilərdə iştirak etməklə bilik və təcrübələrini artırmağa, sahədəki yenilikləri mənimsəməyə çalışmalıdırlar".

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər