"Imagine Adama Azerbaijan" şirkətinin Saatlıda müasir istixana təsərrüfatının açılış və təməlqoyma mərasimi keçirilib
Saatlı rayonunun Azadkənd kəndində İsrailin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən "Imagine Adama" şirkətinin Azərbaycandakı yerli müəssisəsi olan "Imagine Adama Azerbaijan" MMC tərəfindən yaradılmış müasir kənd təsərrüfatı kompleksinin rəsmi açılış və təməlqoyma mərasimi keçirilib. Ümumi sahəsi 25 hektar olan kompleks 672 istixananı, müasir suvarma sistemlərini və qablaşdırma müəssisəsini əhatə edir.
Açılış mərasimində "Imagine Adama Azerbaijan"ın Baş icraçı direktoru Omri Seyner, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Kraus, Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, İsrail-Azərbaycan Ticarət Palatasının ölkə üzrə meneceri Şəbnəm Məmmədova, biznes sektoru, rayon ictimaiyyəti və bir sıra qonaqlar iştirak edib.
Videoçarxın təqdimatından sonra açılış nitqi ilə çıxış edən "Imagine Adama Azerbaijan"ın Baş icraçı direktoru Omri Seyner şirkətin vizyonundan, nə üçün məhz Azərbaycanı seçdiklərindən və gələcək addımlarından danışıb.
O bildirib ki, şirkətin ilkin məqsədi İsraildə yeni bir icma yaratmaq və özünü dolandırmağı bacaran güclü bir cəmiyyət formalaşdırmaq olub. Sonrakı illərdə şirkət məhsullarını İsrail bazarında satmağa, 2000-ci illərin əvvəllərindən isə Rusiya, Avropa, ABŞ və digər bazarlara ixrac etməyə başlayıb.
"Biz inanırıq ki, kənd təsərrüfatı güclü icma yarada bilir. Kənd təsərrüfatı imkanlar açır, birbaşa və dolayı yolla iş yerləri yaradır və ölkəyə xarici valyuta gətirir. Biz bir devizlə irəliləyirik: "Kənd təsərrüfatı icma, icma isə imkanlar yaradır".
O.Seyner qeyd edib ki, şirkətin Azərbaycanla tanışlığı 2022-ci ildə İsrail nümayəndə heyətinin səfəri zamanı başlayıb. Azərbaycanın torpağı, iqlimi, işçi qüvvəsi və müxtəlif bazarlara yaxın coğrafi mövqeyi kənd təsərrüfatı sahəsində böyük potensial yaradır.
"Hazırda Saatlıda ilk layihəmizə başlamışıq. Burada 25 hektar ərazidə 672 istixanamız var. İnanırıq ki, hər hektardan ən azı 120–150 ton məhsul əldə edəcəyik və bunun 90 %-i ixrac keyfiyyətli olacaq".
Şirkət rəhbəri gələcəkdə yeni layihələrin həyata keçirilməsini, məhsul çeşidlərinin artırılmasını və yerli fermerlərə bilik və təcrübə paylaşımı vasitəsilə dəstək göstərilməsini əsas hədəflərdən biri kimi qeyd edib. Sonda Azərbaycan dövlətinə və xalqına yaradılan şəraitə görə təşəkkürünü bildirib.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov tədbirin rayon üçün əlamətdar olduğunu vurğulayaraq Saatlının Azərbaycanın aparıcı aqrar rayonlarından biri olduğunu qeyd edib.
O bildirib ki, müasir aqroparkların yaradılması və innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqi ölkədə aqrar sektorun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
"Bu təsərrüfatın məhsulları artıq həm respublikanın daxilində, həm də xaricdə böyük tələbata malikdir. Bu, bizim üçün bir nümunədir. Çünki Saatlıda heç vaxt tərəvəz məhsulları bu səviyyədə istehsal olunmayıb".
E.Bağırov layihənin gələcəkdə genişlənəcəyinə və Azərbaycanda müasir kənd təsərrüfatının inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Saatlıda həyata keçirilən layihəni Azərbaycan və İsrail münasibətləri baxımından mühüm nailiyyət kimi qiymətləndirib.
"Düşünürəm ki, bu layihə kənd təsərrüfatı sahəsində, aqrar sektorda faktiki olaraq qurulan nəhəng bir potensialdır. Bu, hələ başlanğıcdır".
Səfir layihənin uğurlu nəticələrini yüksək qiymətləndirərək kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün dəstək göstərməyə hazır olduqlarını bildirib.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli bildirib ki, Prezident İlham Əliyevin 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı kənd təsərrüfatı istehsalının rəqabətqabiliyyətliliyini artırmağı və kənd yerlərində dayanıqlı gəlir imkanlarını genişləndirməyi hədəfləyir.
Onun sözlərinə görə, Saatlıda həyata keçirilən layihə istehsalın planlaşdırılması, su və torpaq ehtiyatlarından istifadə, məhsulun bazara hazırlanması və yerli mütəxəssislərin prosesə cəlb olunması baxımından bu məqsədləri dəstəkləyir:
"Bu layihə Azərbaycan və İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın praktiki nümunəsidir. Bu layihə tərəfdaşlarımızın aqrar texnologiyalar sahəsindəki təcrübəsi ilə yerli mütəxəssislərin Azərbaycan torpaqları, iqlimi və bazarları haqqındakı biliklərini bir araya gətirir".
Nazir müavini layihənin iştirakçılarına təşəkkür edərək qarşıdakı mövsümlərdə uğurlar və bol məhsul arzulayıb.
İsrail-Azərbaycan Ticarət Palatasının ölkə üzrə meneceri Şəbnəm Məmmədova bildirib ki, bu tədbir sadəcə yeni müəssisənin açılışı deyil, iki ölkə arasında iqtisadi əməkdaşlığın real nəticəsidir:
"Biz güclü ikitərəfli münasibətlərin real iqtisadi dəyərə, məhsuldar investisiyaya və dayanıqlı biznes tərəfdaşlığına necə çevrildiyinin bariz nümunəsinə şahidlik edirik".
O vurğulayıb ki, İsrailin aqrar texnologiyalar sahəsindəki təcrübəsinin Azərbaycanın kənd təsərrüfatı resursları və strateji coğrafi mövqeyi ilə birləşməsi hər iki ölkə üçün geniş imkanlar yaradır. Bu cür layihələr yerli istehsalın, məşğulluğun və bilik transferinin inkişafına töhfə verir.
Xatırladaq ki, "Imagine Adama Azerbaijan" Saatlıda 25 hektar ərazidə bibər və qarpız istehsalı ilə məşğul olur. Şirkətin istehsal etdiyi məhsullar həm daxili bazara tədarük edilir, həm də xaricə ixrac olunur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













