Fərid Qayıbov: "Təxirə salınan "SportAccord" tədbiri növbəti il Azərbaycanda keçiriləcək"
Far.Az xəbər saytı

Fərid Qayıbov: "Təxirə salınan "SportAccord" tədbiri növbəti il Azərbaycanda keçiriləcək"


İlin əvvəlində təxirə salınan "SportAccord" tədbiri növbəti il Azərbaycanda keçiriləcək.

"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "ExpoSport Azerbaijan 2026" idman sərgisinin açılış mərasimində bildirib.

Nazir paytaxtda mötəbər beynəlxalq yarışların keçirildiyini bildirib:

"Hazırda Bakı dünyanın idman paytaxtıdır. Bu mənada, ölkədə irimiqyaslı tədbirlər, dünya və Avropa çempionatları, eləcə də digər turnirlər təşkil olunur. Böyük idman sərgisi olan "SportAccord" da planlaşdırılırdı. Təəssüf ki, bəzi məsələlərə görə həmin tədbir ilin əvvəlində təxirə salındı. Lakin növbəti il yenidən Azərbaycanda baş tutacaq. Buna görə də Bakının dünyanın idman paytaxtı olduğu bu ildə sərgi keçirmək qərarına gəldik".

O, "ExpoSport Azerbaijan 2026" idman sərgisinin iki gün davam edəcəyini diqqətə çatdırıb:

"Federasiyalar da bu təşəbbüsü maraqla qarşıladılar. Burada idman şirkətləri də təmsil olunur. Əsas məqsəd ölkə idmanının təbliğatıdır. Sevindirici haldır ki, məktəblərdən, o cümlədən özəl təhsil müəssisələrindən çoxlu sayda uşaqlar, universitetlərdən gələnlər, tələbələr, gənclər və ümumilikdə bütün yaş kateqoriyalarından olan insanlar buraya qatılıblar. Tədbir iki gün davam edəcək. Stendlərdə federasiyalar xahiş etdilər ki, növbəti dəfə sərgi daha geniş ölçüdə təşkil olunsun".

F.Qayıbov son 30 il ərzində idman sahəsində mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb:

"Azərbaycan idmanı xeyli inkişaf edib. Demək olar ki, bütün idman növləri burada uğurla təşkil olunur. Ümumiyyətlə, ölkədə idman dövlət siyasətidir. Bunu ölkə rəhbəri müəyyənləşdirib və son 30 il ərzində belə bir irəliləyişə nail olunub, bu uğurlar əldə edilib".

Gənclər və idman naziri stendlərdən hər hansı birinin adını ayrıca çəkmək istəmədiyini söyləyib:

"Çox maraqlı stendlər var idi və federasiyalar fərqlənməyə çalışırdılar. Diqqət çəkən məqamlar olsa da, onları bir-bir qeyd etmək istəmirəm. Yaxşı hal odur ki, qurumlar bir-birinə yaxınlaşırlar. Hazırda hamı bir yerdə çalışır, əldə olunan nəticələr və güc də məhz bu birlikdədir".

Qeyd edək ki, noyabrın 28-nə qədər davam edəcək sərgidə ziyarətçilər müxtəlif idman növləri, müasir idman texnologiyaları və avadanlıqları ilə tanış olmaq, ustad dərslərində, interaktiv oyunlarda, idman nümayişlərində, hədiyyəli viktorinalarda və avtoqraf sessiyalarında iştirak etmək imkanı qazanacaqlar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər