Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər - Yenilənib-2
Far.Az xəbər saytı

Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər - Yenilənib-2


Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Estoniya xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.

Bu barədə "Far.Az"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Görüşdə Azərbaycan-Estoniya münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, habelə siyasi, nəqliyyat, rəqəmsallaşma, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

İki ölkə arasında qarşılıqlı təmasların intensivləşməsi və səfərlərin artması məmnunluqla qeyd edilib. Bu amillərin ikitərəfli əlaqələrə yeni dinamika qazandırdığı vurğulanıb.

Xarici İşlər Nazirlikləri arasında müntəzəm siyasi və konsulluq məsləhətləşmələrinin davam etdirilməsi, habelə parlamentlərarası əlaqələrin dərinləşdirilməsinin vacibliyi qeyd edilib. Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsinin və mövcud razılaşmaların səmərəli icrasının əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayacağı vurğulanıb.

Nazir Ceyhun Bayramov Estoniyanın Azərbaycanda səfirliyinin təsis edilməsi münasibətilə həmkarını bir daha təbrik edib. Səfirliyin fəaliyyətə başlamasının ikitərəfli münasibətlərin inkişafına, siyasi dialoqun genişləndirilməsinə və əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verəcəyi qeyd olunub.

Tərəflər cari ilin noyabrın 4-də Azərbaycan ilə Estoniya arasında Ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasının ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Komissiyanın işinin ticarət, rəqəmsal inkişaf, innovasiya, süni intellekt, enerji, nəqliyyat və təhsil sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi və inkişafı üçün əlverişli zəmin yaradacağına əminlik ifadə olunub.

Həmçinin Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, təqdim olunan güzəştlər, müasir infrastruktur və geniş iqtisadi dividentlər barədə məlumat verilib. Estoniya şirkətlərinin bu sahədə fəaliyyətinin həm ikitərəfli iqtisadi əlaqələrin, həm də ümumilikdə region ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə yaradacağı imkanlar vurğulanıb.

Orta Dəhlizin inkişafı, onun regional və beynəlxalq nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsində rolu, habelə dəhlizin tranzit potensialının artırılması və mövcud imkanlardan daha səmərəli istifadə edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində sıx əməkdaşlığın və namizədliklərin qarşılıqlı dəstəklənməsi praktikasının davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov həmkarına regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və bu istiqamətdə atılan addımlar barədə məlumat verib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri nəzərə çatdırılıb. Minaların yaratdığı təhdidlərin aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Görüş zamanı həmçinin beynəlxalq gündəliyin aktual məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün yekunda nazirlər birgə mətbuat konfransında çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Estoniya xarici işlər naziri Marqus Tsahkna arasında geniştərkibli görüş olub.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

Görüş zamanı nazirlər Azərbaycan-Estoniya münasibətlərinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri, eləcə də əsas regional və beynəlxalq məsələlər ətrafında ətraflı müzakirələr aparıblar.

Nazirlər ikitərəfli təmasların və qarşılıqlı səfərlərin intensivləşməsini məmnunluqla qeyd edərək, siyasi dialoqun gücləndirilməsinin, xarici işlər nazirlikləri arasında müntəzəm siyasi və konsulluq məsləhətləşmələrinin davam etdirilməsinin, həmçinin parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Ceyhun Bayramov 2026-cı ildə Estoniyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması münasibətilə estoniyalı həmkarını təbrik edib. O, səfirliyin fəaliyyətinin ikitərəfli münasibətlərin möhkəmlənməsinə, siyasi dialoqun genişlənməsinə və əməkdaşlığın institusional əsaslarının güclənməsinə töhfə verəcəyini bildirib.

Ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Nazirlər noyabrın 4-də keçirilmiş Azərbaycan-Estoniya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının əhəmiyyətini vurğulayıb, növbəti iclasın əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün əlavə imkanlar yaradacağını qeyd ediblər. Həmçinin nəqliyyat, rəqəmsallaşma, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Ceyhun Bayramov həmkarını Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, regionda baş verən son hadisələr və sülh gündəliyinin irəli aparılması istiqamətində atılan addımlar barədə məlumatlandırıb.

O, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsinə yönəlmiş tədbirlər, eləcə də mina təhlükəsinin yaratdığı davam edən humanitar çətinliklər barədə qarşı tərəfə məlumat verib.

Nazirlər beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Estoniya xarici işlər naziri Marqus Tsahkna arasında təkbətək görüş başlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

Oxşar xəbərlər

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər