İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
İsrail-İran müharibəsinin yavaşlamasının ardından qonşumuz sevimli adətinə geri döndü, yenə də Azərbaycana qarşı media hücumu başladı.
Heç bir dəlil-sübut olmadan Azərbaycanın hava məkanından İrana qarşı istifadə edilməsi ilə bağlı iddialar ortaya atdılar. Hələ çox böyük arsızlıqla bu iddiaların Azərbaycan tərəfindən sübuta yetirilməsi ilə bağlı media hay-küyünə də başlanıldı. Biz görmüşük ki, iddianı ortaya atan tərəf onun sübutunu da təqdim edir.
İran isə mediasında "fərziyyələr" kimi təqdim etdiyi şayiə ilə bağlı daha sonra prezidenti səviyyəsində "izahat istənildiyini" yazır.
Azərbaycanın dövlət rəhbərliyi, müqəddəs dəyərləri, tanınmış şəxsləri İran mediasının daimi tənqid, böhtan və təhqir hədəfidir.
Azərbaycanın sosial media seqmenti İran xüsusi xidmət orqanlarının hazırladığı şübhə doğurmayan trol dəstəsinin hücumuna məruz qalır.
İran mediası utanmadan Azərbaycan haqqında, Azərbaycan mediası haqqında "Bakı mediası" ifadəsini işlədir. Hər gün İran mediasında Azərbaycanın ərazi bütövlüyünə qarşı ifadələr işlədilir. Hər gün!
Və bu ifadələrin istifadə olunduğu medialar heç bir müxalif qrupa-filan aid deyil! Bunlar hamısı İranın Ali Rəhbəri Əli Xameneinin portreti altında nəşr olunan, onun hər sözünün Quran ayəsi qədər müqəddəs təqdim olunduğu media orqanlarıdır. Bunlar Xameneiyə görə terror çağırışı edən media orqanlarıdır. Bəli, Azərbaycan adını yazmağı özünə yaraşdırmayan, bizi "Bakı mediası" yazmaqla aşağıladığını hesab edən media orqanlarının hamısının əsas sahibi Əli Xameneidir. Azərbaycanda hamı bunu görür və bilir.
İran mediası, konkret olaraq "Səhər" kanalı bu həqiqəti dilə gətirən iki media orqanı - Baku TV və Lent.az-la bağlı terror çağırışı edib. Bu çağırışda qeyd olunub ki, kimlərsə Xamenei əleyhinə danışanlar barədə "fətva" verib. Bu, açıq terror və cinayətə təşəbbüs çağırışıdır. Yəqin ki, məsələnin bu tərəfi ilə hüquq-mühafizə orqanları məşğul olacaqlar.
Qonşumuzun terrorla bəslənib, bu təhdidlərlə öz auditoriyasını toparlamağa çalışdığnı, çox təəssüf ki, yaxşı bilirik.
İranın sifarişi ilə millət vəkili Fazil Mustafanın evinin qarşısında güllələndiyini də unutmamışıq. Məlum, belə işlərdən zövq alırlar.
Məsələ ondadır ki, Lent.az və Baku TV-ni hədələyib "trol media" adlandıran "Səhər" kanalı iki daşın arasında tərəfdarlarını və izləyicilərini trollayıb.
Bizim Xameneinin tərəfdarlarının trollanmasına könlümüz razı gəlmədiyi üçün bu həqiqətdən onları agah edək. "Səhər" kanalı, o cümlədən bütün İran mediası dayanmadan Xameneini "Dünya müsəlmanlarının lideri" adlandırır.
Əvvəla, qeyri-dəqiq olsa da, dünyada təxminən 1.9 milyard müsəlman yaşaması barədə məlumatlar var. Bu müsəlmanların isə cəmi 10-15%-i özünü şiə məzhəbinə aid edir. İndi bu sadə və bəsit statistika var ikən, Xamenei "necə dünya müsəlmanlarının lideri" olur?
İkincisi, Xamenei siyasi liderdir, siyasi şəxsdir. Onun vəzifəsinin adını nə istəyirlər, edə bilərlər. Bu şəxs faktiki olaraq İranı teokratik üsulla idarə edən dövlət başçısıdır. İranda onun və rəhbəri olduğu Şuranın icazəsi olmadan heç bir siyasi qərar qəbul olunmur. Heç bir siyasi addım atılmır.
Bir siyasi lider niyə "müqəddəs şəxs" hesab olunmalıdır? Niyə onu tənqid eləmək "müsəlmanların heysiyyəti ilə oynamaq", "dini dəyərlərə toxunmaq və s." kimi qəbul edilməlidir? Bu adam siyasətçidir, dövlət rəhbəridir. Bir gün uranın zənginləşməsindən danışır, bir gün neft razılaşmaları barədə müraciət edir, bir gün İsraillə müharibə əmri verir. Onun iradəsi tərəfdarları, qəbul etdiyi qərarlar isə rəhbərlik etdiyi dövlətin vətəndaşları üçün keçərli ola bilər.
Biz "Bakı mediası" da olarıq, "Təbriz mediası" da. İstəyəndə "Qusar mediası", "Şamaxı mediası", "Lənkəran mediası", "Şuşa mediası" da yazın. Doğma şəhərlərimizin adı ilə çağırılmaq bizi incitmir, qürurlandırır!
"Səhər" kanalı və yandaşındakı medialar, amma siz "Təbriz mediası", "Ərdəbil mediası", "Urmiya mediası", "Xoy mediası" ola bilmirsiniz! Siz danışdığınız dilə və dilində danışdığınız millətə hər gün xəyanət edirsiniz!
Hərə öz yoluna!
Lent.az
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
-
Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
Vətəndaşa 26 min manat qaz borcu yazıldı: Məhkəmə qərarı icra olunmur
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir













