Mikayıl Müşfiqin vəfatından 88 il ötür
Far.Az xəbər saytı

Mikayıl Müşfiqin vəfatından 88 il ötür


Bu gün azərbaycanlı şair və pedaqoq Mikayıl Müşfiqin anım günüdür. Onun vəfatından 88 il ötür.

Mikayıl Müşfiq iyunun 5-i 1908-ci ildə Xızıda doğulub. Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından olub.

Uşaq olan zaman valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyüb. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. 1927-1931-ci illərdə Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub (bu məktəb indi onun adını daşıyır).

Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeirilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. İlk kitabı - "Küləklər" 1930-cu ildə nəşr olunub.

Müşfiq Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rol oynayıb.

Şair bədii tərcümə ilə də ciddi məşğul olub. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilib.

Bunlar A.S.Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birlikdə), Taras Şevçenkonun "Kobzar"(Əhməd Cavadla birlikdə), Yegişe Çarensin "Şeirlər", S.Y.Marşakın "Huşsuza bax, huşsuza", M.F.Axundovun "A.S.Puşkinin ölümünə şərq poeması" kitablarıdır.

1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürüb. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb.

1938-ci il 6 yanvarda cəza tədbirləri dövründə 29 yaşında güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.

Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç, 108) qarşısına xatirə lövhəsi vurulub.

Şairin "Yenə o bağ olaydı", Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Mikayıl Müşfiqin doğum günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər