KİV: Yaponiya Baş naziri növbədənkənar parlament seçkiləri elan etmək niyyətindədir
Yaponiya Baş naziri Sanae Takaiti yanvarın 23-də açılacaq parlamentin növbəti sessiyası başladıqdan dərhal sonra Nümayəndələr Palatasını buraxmaq və növbədənkənar parlament seçkiləri elan etmək niyyətindədir.
"Far.Az" xəbər verir ki, bu barədə "Kyodo" hakim partiya daxilindəki danışıqlardan xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, Takaiti hökumətə hələ oktyabrdan rəhbərlik etsə də, indiyədək seçkilərin keçirilməsi planlarını açıq şəkildə təsdiqləməyib. Mediada dərc olunan məlumatlara görə, səsvermə artıq fevralda baş tuta bilər. Aşağı palataya əvvəlki seçkilər 2024-cü ilin oktyabrında keçirilib.
Növbədənkənar seçkilərin keçirilməsi Liberal Demokrat Partiyası və Yaponiya İnnovasiyalar Partiyasından ibarət hakim koalisiyanın Nümayəndələr Palatasında öz mövqeyini gücləndirməsinə imkan verə bilər. Qanunvericilik prosesində məhz bu palata aparıcı rol oynayır.















