Ali Məhkəmə faizlə borc verən vətəndaşlara XƏBƏRDARLIQ edib
Far.Az xəbər saytı

Ali Məhkəmə faizlə borc verən vətəndaşlara XƏBƏRDARLIQ edib


Ali Məhkəmə faizlə borc verməyin riskləri barədə vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə Far.Az-ə Ali Məhkəmədən məlumat verilib.

Ali Məhkəmənin bununla bağlı izahında bildirilib ki, faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk baxışdan sadə görünsə də, praktikada vətəndaşlar üçün ciddi hüquqi risklər yarada bilər. Buna görə də belə əməliyyatlara başlamazdan əvvəl bəzi vacib məqamları nəzərə almaq tövsiyə olunur:

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə faiz tələb edə bilər. Yəni faizlə borc vermək prinsip etibarilə qanunla qadağan olunmur və fiziki şəxslər arasındakı bu münasibətlərə məişət dilində adətən "sələmçilik" deyilir. Əsas risklər bu münasibətlərin necə rəsmiləşdirilməsindən qaynaqlanır. Praktikada fiziki şəxslər arasında borc münasibətləri çox vaxt qeyri-rəsmi şəkildə qurulur. Yazılı müqavilə tərtib olunmur və ya tərtib edilsə belə, əsas şərtlər – borcun məbləği, faiz dərəcəsi, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilmir. Bu isə mübahisə yarandıqda sübutetməni çətinləşdirir".

Qeyd edilib ki, ödənişlərin nağd şəkildə və sənədsiz aparılması da ciddi problemlərə səbəb olur: "Hər bir ödənişin qəbz, köçürmə sənədi və ya digər sübutlarla rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunması baxımından vacibdir. Digər mühüm məqam isə fəaliyyətin xarakteri ilə bağlıdır. Əgər şəxs davamlı və sistemli şəkildə müxtəlif şəxslərə faizlə borc verirsə, bu fəaliyyət artıq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti dövlət qeydiyyatından keçməklə həyata keçirilməlidir. Əks halda, belə fəaliyyət qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyət yarada bilər.

Məhkəmə təcrübəsindən görünür ki, borc verən şəxslərin davranışlarında qanunsuz sahibkarlıq fəaliyyəti və ya digər hüquq pozuntularının əlamətləri aşkar edildikdə məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilir".

O da qeyd edilib ki, bu riskləri minimuma endirmək üçün aşağıdakı tövsiyələrə əməl etmək məqsədəuyğundur: "Borc münasibətlərini mütləq yazılı müqavilə ilə rəsmiləşdirmək, müqavilədə bütün mühüm şərtləri (məbləğ, faiz, müddət, qaytarılma qaydası və s.) aydın şəkildə göstərmək, ödənişləri mümkün qədər bank vasitəsilə həyata keçirmək və ya digər formada sənədləşdirmək, bu fəaliyyət mütəmadi xarakter daşıyırsa, onun hüquqi statusunu (sahibkarlıq kimi) qanunvericiliyin tələblərinə uyğun düzgün müəyyən etmək. Nəticə olaraq, faizlə borc vermək hüquqi baxımdan mümkündür, lakin bu münasibətlərin düzgün qurulmaması həm maliyyə itkilərinə, həm də hüquqi məsuliyyətə səbəb ola bilər. Buna görə də belə əməliyyatlarda ehtiyatlı davranmaq və mümkün hallarda hüquqşünas məsləhəti almaq tövsiyə olunur".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər