AQTA-dan Qurban bayramı xəbərdarlığı: Küçədə heyvan kəsənlər cərimələnə bilər
Far.Az xəbər saytı

AQTA-dan Qurban bayramı xəbərdarlığı: Küçədə heyvan kəsənlər cərimələnə bilər


27-28 may tarixlərində ölkəmizdə müqəddəs Qurban bayramı qeyd olunacaq. Bayram günlərində ölkə üzrə fəaliyyət göstərəcək heyvan kəsimi və satış məntəqələrinin fəaliyyəti, eləcə də görülən hazırlıq işləri ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində media nümayəndələri üçün brifinq təşkil olunub.

Far.Az xəbər verir ki, brifinqdə AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında bildirib ki, təcrübəyə uyğun olaraq qurbanlıq heyvanların satışı və kəsimi aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə əvvəlcədən müəyyən edilmiş ünvanlarda təşkil olunacaq.

Qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.

Q. Əbdüləliyevin sözlərinə görə, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışının təşkili təmin ediləcək. Eyni zamanda işğaldan azad olunan rayonlarda – Ağdam, Cəbrayıl, Füzuli və Laçında qurbanlıq heyvanların kəsim və satış xidmətləri təşkil olunacaq.

Respublikanın baş dövlət baytarlıq müfəttişi vətəndaşlara və bu sahədə fəaliyyət göstərən şəxslərə müraciət edərək qurban kəsimini dini qaydalarla yanaşı, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə çağırıb. Vurğulayıb ki, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai ərazilərdə heyvan kəsimi və satışının aparılması, həmçinin baytarlıq şəhadətnaməsi və ya arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.

Bayram günlərində vətəndaşlardan sağlamlığı şübhə doğuran heyvanların satışı və ya antisanitar şəraitdə heyvan kəsimi halları ilə rastlaşdıqları təqdirdə hüquq-mühafizə orqanlarına, yerli icra hakimiyyətlərinə və AQTA-nın "1003 – Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur.

Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər