Vaqif Sadıqov: "Braziliya futbolunun yeni nəsli ümidləri doğrultmur, köklü islahatlar qaçılmazdır"
Far.Az xəbər saytı

Vaqif Sadıqov: "Braziliya futbolunun yeni nəsli ümidləri doğrultmur, köklü islahatlar qaçılmazdır"


DÇ-2026-nın 1/8 finalında Norveçə uduzaraq mübarizəni dayandıran Braziliya yığmasının uğursuzluğundan sonra ölkə futbolunda inqilabi dəyişikliklər labüddür.

Bunu "Far.Az"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

O, Cənubi Amerika təmsilçisinin özünəməxsus oyun üslubundan uzaqlaşdığını və yeni nəslin yığmanı zirvəyə daşımağa tam hazır olmadığını bildirib:

"Braziliya yığması özünə oxşamır. Karlo Ançelottini komandaya gətirməklə böyük ümidlər bəsləyirdilər, ancaq reallıq fərqli oldu. Baş məşqçi özü də oyundan sonra bildirdi ki, yeni nəslə, adlara və ulduzlara ehtiyac var. Əsas problem budur. Günahkar axtarmağa lüzum yoxdur. Braziliya futbolunda inqilabi dəyişikliklərin edilməsi labüddür. Ümumi sistemdə boşluqlar var. Ümid edirəm ki, bu dəyişikliklərdən sonra istədiyimiz Braziliyanı görəcəyik. Hazırda üzdə olan futbolçular əvvəlki nəsillərlə müqayisədə ümidləri doğrultmağa hazır deyil. Braziliya futbolunu yüksəltmək üçün yeni ulduzlara ehtiyac var".

AFFA rəsmisi Karlo Ançelottinin komandasının dünya çempionatının seçmə mərhələsində performansının da ümid vermədiyini bildirib:

"Seçmə mərhələdə göstərilən performans Braziliya yığmasının dünya çempionatında böyük uğura imza atmasını onsuz da sual altında qoyurdu. Karlo Ançelottinin hansı addımları atmasından asılı olmayaraq, dəyişikliklər zaman tələb edir. Lakin təəssüf ki, milli komandalarda məşqçilərə vaxt verilmir, hər kəs dərhal nəticə gözləyir. Amma keçmişə nəzər salsaq, Ançelottiyə qədər yerli mütəxəssislərin rəhbərliyi altında da Braziliya komandası Avropa təmsilçilərinə uduzurdu. Ola bilər, Ançelotti hansısa dəyişikliklər etmək istəyib və bu özünü doğrultmayıb. Mən onun hansı addımları atdığını bilmirəm. Digər tərəfdən, Norveç yığmasına qarşı bir sindrom var və bu, hələ də qalmaqdadır. DÇ-2026-dakı nəticəyə görə sırf bir nəfərin - baş məşqçinin üstünə getmək düzgün deyil".

Qeyd edək ki, DÇ-2026-nın 1/8 finalında Norveç yığmasına 1:2 hesabı ilə məğlub olan Braziliya mübarizəni dayandırıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər