DİN Ukrayna polisiylə keçirdiyi birgə əməliyyat nəticəsində beynəlxalq axtarışda olan kiberdələduzlar Azərbaycana gətirilib
Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib.
Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) Ukrayna polisi ilə birgə həmin ölkənin ərazisində keçirdiyi növbəti əməliyyat da kiberdələduzluğun beynəlxalq miqyasda təşkil olunduğunu və Azərbaycan vətəndaşlarının xaricdən idarə edilən mütəşəkkil şəbəkələrin hədəfinə çevrildiyini ortaya qoyub.
Keçirilən tədbir nəticəsində Azərbaycan vətəndaşlarının pul vəsaitlərini ələ keçirmək məqsədilə Ukraynadan idarə olunan mütəşəkkil kiberdələduzluq şəbəkəsinin fəaliyyəti ifşa edilib.
Araşdırmalarla müəyyən olunub ki, şəbəkənin fəaliyyəti Ukraynanın bir neçə şəhərində müxtəlif xidmət ofisləri adı altında yaradılmış "Call Center"lər vasitəsilə təşkil olunub. Cinayətkar şəbəkəyə yeni üzvlərin cəlb olunması məqsədilə "Telegram" platformasında informasiya texnologiyaları və müştəri xidmətləri sahəsində yüksək əməkhaqqı vəd edən iş elanları yerləşdirilib. Nəticədə bəzi ölkə vətəndaşları Ukraynada qanunsuz fəaliyyət göstərən həmin mərkəzlərə cəlb ediliblər.
"Call Center"lərdə şəbəkə üzvləri xüsusi hazırlanmış danışıq ssenariləri əsasında Azərbaycan vətəndaşlarına zəng edərək müxtəlif psixoloji manipulyasiya üsullarından istifadə ediblər. Onlar özlərini hüquq-mühafizə orqanlarının, mobil operatorların, bankların və investisiya şirkətlərinin əməkdaşları kimi təqdim edərək vətəndaşlara hesablarında şübhəli əməliyyatların aparıldığı, pullarının təhlükədə olduğu, bank kartlarının bloklanacağı və ya adlarından qanunsuz maliyyə əməliyyatlarının həyata keçirildiyi barədə yalan məlumatlar veriblər. Digər hallarda isə vətəndaşların kiberdələduzluq əməllərinin qurbanına çevrilməsi üçün yüksək gəlir vəd edən saxta investisiya təkliflərinin adından istifadə olunub.
Şəbəkə üzvləri yaratdıqları qorxu və təşviş vəziyyətindən, yaxud asan qazanc əldə etmək istəyindən istifadə edərək vətəndaşları tələsik qərar verməyə, vəsaitlərini guya təhlükəsiz hesablara köçürməyə, bank kartı məlumatlarını, SMS təsdiq kodlarını və digər məxfi şifrələrini açıqlamağa sövq ediblər.
Ukrayna Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərlə Kiyev şəhərində fəaliyyət göstərən qanunsuz "Call Center"lərdə işləyən 11 nəfər, o cümlədən şəbəkənin əsas təşkilatçıları kimi beynəlxalq axtarışa verilmiş Nəriman İskəndərov, Elsun Əliyev, Elşad Musayev və Elşən Şükürov saxlanılaraq Azərbaycana gətiriliblər.
Məlum olub ki, Ruslan Zakirov, Yasəf Bayramov, Elsevər Məmmədov, Dmitri Duşin və Ruslan Matveyev xaricdəki şəbəkə üzvləri ilə "Telegram" vasitəsilə əlaqə saxlayaraq kiberdələduzluq yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılmasında iştirak ediblər. Onlar talanmış pulları istifadələrində olan bank kartı hesablarında cəmləyərək razılaşdırılmış faiz məbləğini götürdükdən sonra qalan hissəni kriptovalyutaya çevirərək xaricə göndəriblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə başçıları barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər şəxslərlə bağlı isə istintaq araşdırmaları aparılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
-
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU













