Xurram Teşabayev: "Özbəkistan Azərbaycan vasitəsilə Avropaya 5 QVt-dək "yaşıl enerji" tədarük etməyə hazırdır" - MÜSAHİBƏ
Far.Az xəbər saytı

Xurram Teşabayev: "Özbəkistan Azərbaycan vasitəsilə Avropaya 5 QVt-dək "yaşıl enerji" tədarük etməyə hazırdır" - MÜSAHİBƏ


Özbəkistan və Azərbaycan siyasi tərəfdaşlığı mərhələli şəkildə irimiqyaslı iqtisadi əməkdaşlığa çevirirlər. Son illərdə ölkələr qarşılıqlı ticarətin həcmini əhəmiyyətli dərəcədə artırıb, birgə investisiya portfeli formalaşdırıb, sənaye, nəqliyyat, energetika və kənd təsərrüfatı sahələrində layihələrə start veriblər. Hazırda diqqət mərkəzində ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması, dəyəri 10 milyard ABŞ dollarınadək olan investisiya layihələrinin reallaşdırılması, Orta Dəhlizin inkişafı və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni istehsal zəncirlərinin yaradılması kimi iddialı hədəflər yer alır.

Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev "Report"a müsahibəsində iki ölkə iqtisadiyyatlarının daha da yaxınlaşmasına təkan verəcək layihələr, sənaye kooperasiyasının inkişafı, Hacıqabulda yeni avtomobil zavodunun nə vaxt fəaliyyətə başlayacağı, eləcə də logistika və "yaşıl enerji" sahəsində açılan perspektivlər barədə danışıb.

Müsahibəni oxuculara təqdim edirik:

- Özbəkistan və Azərbaycan 2030-cu ilədək ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmağı hədəfləyiblər. 2025-ci ildə qeydə alınan 40 %-lik artımı nəzərə alsaq, bu hədəf həddindən artıq ehtiyatlı görünmürmü? Bu göstəriciyə daha tez nail olmaq üçün Bakıda və Şuşada yeni ticarət evlərinin açılması ilə bağlı planlar varmı?

- 2030-cu ilədək ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması hədəfini həm real, həm də strateji baxımdan mühüm məqsəd kimi qiymətləndiririk. Bu hədəf ölkələrimiz arasında iqtisadi əməkdaşlığın hazırkı səviyyəsini və onun daha da genişləndirilməsi üçün mövcud böyük potensialı əks etdirir. Son vaxtlarda əmtəə dövriyyəsinin müsbət dinamikası, o cümlədən 2025-ci ildə göstəricilərin artması iki dövlət arasında ticari-iqtisadi tərəfdaşlığın planlı şəkildə möhkəmlənməsindən xəbər verir. Belə ki, 2026-cı ilin yanvar-mart aylarında ikitərəfli ticarətin həcmi 80,1 milyon ABŞ dollarına çatıb, bu da əvvəlki ilin eyni dövrünün göstəricilərindən 42,5 % çoxdur (+23,9 milyon ABŞ dolları). Özbəkistanın ixracı 53,9 milyon ABŞ dolları, idxalı isə 26,2 milyon ABŞ dolları təşkil edib. Bu dinamika qarşılıqlı tələbatın sabit olduğunu, işgüzar əlaqələrin intensivləşdiyini və hər iki ölkənin biznes dairələri arasında kooperasiya əməkdaşlığının daha da dərinləşdiyini göstərir.

Bununla yanaşı, vurğulamaq lazımdır ki, həyata keçirilən siyasət yalnız ticarət həcmlərinin artırılmasına deyil, həm də sənaye kooperasiyasının inkişafı, birgə istehsal müəssisələrinin yaradılması və yüksək əlavə dəyər yaradan malların payının artırılması yolu ilə əmtəə dövriyyəsi strukturunun keyfiyyətcə zənginləşdirilməsinə yönəldilib.

Əmtəə dövriyyəsinin hədəf parametrlərinə çatmaq məsələsi hər iki dövlət liderlərinin daim diqqəti mərkəzindədir, ali və hökumətlərarası səviyyələrdə keçirilən ikitərəfli danışıqlar zamanı müntəzəm olaraq müzakirə olunur.

Artımın stimullaşdırılması alətlərindən danışan zaman, birbaşa işgüzar əməkdaşlığın inkişafı, qarşılıqlı investisiya qoyuluşunun təşviqi, həmçinin ticarət və logistika infrastrukturunun müasirləşdirilməsi kimi prioritet istiqamətləri qeyd etmək lazımdır. Azərbaycan ərazisində artıq Özbəkistan ticarət nümayəndəlikləri, ticarət və aqrar evləri, eləcə də "Made in Uzbekistan" brendi altında fəaliyyət göstərən "şou-rum" mövcuddur. Bunlar, Özbəkistan məhsullarının təşviqinə və hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.

Biz analoji infrastrukturun genişləndirilməsini də qarşılıqlı ticarət dövriyyəsinin və sahibkarlıq fəallığının daha da artırılması üçün səmərəli mexanizmlərdən biri kimi nəzərdən keçiririk.

Beləliklə, mövcud müsbət dinamikanın davam etməsi və birgə təşəbbüslərin ardıcıl reallaşdırılması halında, ticarət dövriyyəsinin 1 milyard ABŞ dolları hədəfinə planlaşdırılan müddətdən əvvəl nail olunacağı istisna edilmir.

- Bu yaxınlarda Özbəkistan və Azərbaycan arasında potensial investisiya portfelinin həcminin təxminən 10 milyard ABŞ dollarına çata biləcəyi ilə bağlı iddialı qiymətləndirmə səsləndirildi. Bu həcmdə investisiyaların hansı sahələr hesabına təmin olunması planlaşdırılır? Artımın əsas hərəkətverici qüvvəsi hansı layihələr olacaq?

- 10 milyard ABŞ dolları həcmində potensial investisiya paketi proqnoz xarakterli və ya abstrakt rəqəm deyil. Bu, Özbəkistan və Azərbaycan arasında iqtisadi tərəfdaşlığın yüksək səviyyəsini əks etdirən, artıq icra olunan və perspektivli layihələrin məcmusudur.

Bu investisiya portfelinin əsas hərəkətverici qüvvəsini bir neçə strateji istiqamət təşkil edəcək.

Ən dinamik istiqamətlərdən biri şəhərsalma və turizmdir. Yaşayış və kommersiya daşınmaz əmlakı, mehmanxana infrastrukturu və ərazilərin kompleks mənimsənilməsi sahələrində genişmiqyaslı layihələr həyata keçirilir. Portfelin əhəmiyyətli hissəsini beynəlxalq developerlərin iştirakı ilə olan layihələr formalaşdırır.

Kapital tutumlu istiqamətlər arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat xüsusi yer tutur. Bu sahədəki birgə layihələr uzunmüddətli investisiyalar və xammal bazasının inkişafı üçün bir əsas yaradır.

Aqrar-sənaye kompleksində sənaye kooperasiyası mühüm istiqamət olaraq qalır. Aqroklasterlərin və kənd təsərrüfatı məhsullarının dərin emalı müəssisələrinin yaradılması region daxilində əlavə dəyər formalaşdırmağa və yüksək emal dərəcəsinə malik məhsulların ixracını artırmağa imkan verir.

Avtomobil və elektrotexnika sənayesində əməkdaşlıq fəal şəkildə inkişaf edir. İstehsalın lokallaşdırılması səviyyəsinin artırılması, avtomobillərin birgə yığılması və yeni istehsal müəssisələrinin yaradılması regionda istehsal zəncirlərinin formalaşmasına şərait yaradır.

Tekstil sənayesi də strateji əhəmiyyətini qoruyub saxlayır. Bu sahədə həyata keçirilən birgə layihələr xammalın emal dərinliyinin artırılmasına, ixracın genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına yönəlib.

Bu gün investisiya portfelinə artıq ümumi dəyəri təxminən 6 milyard ABŞ dolları olan 20-dən çox icra olunan layihə və müxtəlif hazırlıq mərhələlərində olan, dəyəri təqribən 1,5 milyard ABŞ dollarına çatan 25-dən çox perspektivli təşəbbüs daxildir.

Ən əhəmiyyətli layihələr sırasında "Agalarov Development" şirkətinin iştirakı ilə Çarvak su anbarının sahilində 5 milyard ABŞ dolları dəyərində beynəlxalq turizm mərkəzinin yaradılması, "PASHA Holding"in iştirakı ilə Daşkənddə 200 milyon ABŞ dolları investisiya ilə "The Ritz-Carlton" brendi altında beşulduzlu hotel kompleksinin tikintisi, "Global Textile" şirkəti tərəfindən Azərbaycanda 104,8 milyon ABŞ dolları dəyərində pambıq-tekstil klasterinin yaradılması, SOCAR ilə birgə Üstyurt regionunda 76 milyon ABŞ dolları həcmində geoloji kəşfiyyat layihələrinin həyata keçirilməsi və Qaşqadərya vilayətində 50 milyon ABŞ dolları investisiya ilə quru inşaat qarışıqları və alçıpan istehsalının təşkili xüsusi yer tutur.

Beləliklə, söhbət iqtisadiyyatın prioritet sektorlarında yeni birgə layihələr hesabına artıq həyata keçirilən və genişlənməkdə davam edən formalaşmış investisiya portfelindən gedir.

- Azərbaycan-Özbəkistan İnvestisiya Fondu artıq ümumi dəyəri təxminən 360 milyon ABŞ dolları olan 15 layihənin həyata keçirilməsində iştirak edir. Bu layihələrdən hansını daha əhəmiyyətli hesab edirsiniz? Daha iri infrastruktur və sənaye layihələrinin maliyyələşdirilməsi məqsədilə Fondun nizamnamə kapitalının artırılması nəzərdə tutulurmu?

- Azərbaycan-Özbəkistan İnvestisiya Fondu artıq ikitərəfli investisiya təşəbbüslərinin praktiki reallaşdırılmasının əsas alətlərindən birinə çevrilib. Bu gün onun portfelində hər iki ölkənin iqtisadiyyatı üçün uzunmüddətli multiplikativ effekt yaratmaq potensialına malik layihələr yer alır.

Flaqman layihələr sırasına sənaye kooperasiyasının inkişafına, yeni iş yerlərinin yaradılmasına və yerli təchizatçılar şəbəkəsinin formalaşmasına kömək edən avtomobilqayırma sahəsindəki layihələri aid etmək olar. Xammalın dərin emalını və ixrac potensialının genişləndirilməsini təmin edən pambıq-toxuculuq klasterlərinin yaradılması üzrə layihələr də az əhəmiyyət kəsb etmir.

Süd emalı sənayesi də daxil olmaqla, aqrar sektorda dayanıqlı əlavə dəyər zəncirləri yaratmağa imkan verən aqroemal sahəsindəki təşəbbüslər əhəmiyyətli rol oynayır. Geologiya və dağ-mədən sənayesi sahəsində əməkdaşlıq perspektivli istiqamət olaraq qalır, nəqliyyat və logistika infrastrukturunun inkişafı isə ölkələrimizin tranzit potensialının möhkəmləndirilməsinə və beynəlxalq daşımaların səmərəliliyinin artırılmasına kömək edir.

Bu layihələrin hamısını birləşdirən cəhətlər onların strateji xarakter daşıması, yüksək miqyaslana bilmə potensialına malik olması və sənaye kooperasiyasının daha da genişləndirilməsi üçün dayanıqlı zəmin yaratmasıdır.

Fondun kapitalının artırılmasına gəldikdə isə, bu məsələ həqiqətən də nəzərdən keçirilir. Energetika, nəqliyyat infrastrukturu, logistika və sənaye kimi sahələrdə daha çox kapital tələb edən layihələrin icrasına keçdikcə, fondun kapitalının artırılması məntiqi və iqtisadi cəhətdən əsaslandırılmış addım kimi görünür. Bu, maliyyələşdirilən layihələrin həcmini əhəmiyyətli dərəcədə artırmağa və Özbəkistanla Azərbaycan arasında investisiya əməkdaşlığına əlavə təkan verməyə imkan yaradacaq.

- Ötən ilin iyun ayında Özbəkistan və Azərbaycan arasında Sənaye Kooperasiyası Proqramı təsdiq edilib. Hansı nəticələri artıq əldə etmək mümkün olub? Azərbaycanda pambıq və süd klasterlərinin yaradılması üzrə layihələr hansı mərhələdədir? Texnoparkların inkişafı üzrə Özbəkistan təcrübəsinin tətbiq edilməsi imkanı nəzərdən keçirilirmi?

- Sənaye kooperasiyası proqramı bu gün artıq konseptual işlənmə mərhələsindən praktiki icra mərhələsinə keçir. Bir sıra istiqamətlər üzrə artıq konkret nəticələr əldə edilib və bir çox layihənin fəal icrasına başlanılıb.

Xüsusən də, Azərbaycanda pambıq klasterlərinin yaradılması işi sistemli şəkildə irəliləyir. Artıq torpaq sahələri müəyyən edilib, əsas investorlar cəlb olunub, təşkilati idarəetmə modelləri formalaşıb. Faktiki olaraq söhbət Özbəkistanda özünü uğurla təsdiq etmiş tam istehsal dövrü - "tarladan hazır məhsula" modelinin tətbiqindən gedir. O, bütün mərhələləri - pambığın yetişdirilməsi, onun dərin emalı və yüksək əlavə dəyəri olan tekstil məhsullarının istehsalını əhatə edir, bu da ixrac potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

Süd emalı sənayesində layihələr mərhələli şəkildə həyata keçirilir. İlk mərhələdə müasir emal texnologiyalarının tətbiqinə, heyvandarlıqda məhsuldarlığın artırılmasına, eləcə də süd məhsullarının istehsalı və satışı üzrə səmərəli sistemin yaradılmasına yönəlmiş pilot model seçilib. Praktiki nəticələr əldə olunduqca bu layihələr genişləndirilə bilər.

Əməkdaşlığın ayrı bir istiqaməti sənaye infrastrukturunun inkişaf etdirilməsidir. Son illərdə Özbəkistan ilk növbədə yüksək texnologiya və emal sahələrində olmaqla, texnoparkların və sənaye zonalarının yaradılması üzrə əhəmiyyətli təcrübə toplayıb. Biz bu təcrübələri azərbaycanlı tərəfdaşlarımızla bölüşməyə hazırıq və texnoparkların inkişafını sənaye kooperasiyasının dərinləşdirilməsinin perspektivli alətlərindən biri kimi nəzərdən keçiririk.

Ümumilikdə, ayrı-ayrı pilot layihələrdən istehsalın lokallaşdırılması, müasir texnologiyaların tətbiqi və yüksək əlavə dəyərin yaradılması prinsiplərinə əsaslanan tammiqyaslı istehsal ekosistemlərinin formalaşdırılmasına ardıcıl keçiddən danışmaq olar.

- Hacıqabulda "Chevrolet" avtomobillərinin istehsalı üzrə birgə layihə artıq yaxşı nəticələr nümayiş etdirib (9 mindən çox maşın). Tam istehsal dövriyyəsinə malik zavodun tikintisi hazırda hansı mərhələdədir və Azərbaycanda istehsalın lokallaşdırılması üzrə hansı göstəricilərə nail olunması planlaşdırılır?

- Hacıqabuldakı avtomobil istehsalı layihəsi Özbəkistan və Azərbaycan arasında sənaye kooperasiyasının ən uğurlu nümunələrindən biridir. 2022-ci ildə "Chevrolet" avtomobillərinin və "Isuzu" avtobuslarının iriqovşaqlı yığımına başlanılması bu əməkdaşlığın yüksək potensialını təsdiqləyib və layihənin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.

Hazırda layihənin növbəti mərhələsinə – tam istehsal dövriyyəsinə malik zavodun tikintisinə start verilir. "Azermash CP" və "Uzavtosanoat" SC şirkətləri ilə birgə ümumi dəyəri 84,3 milyon ABŞ dolları olan layihənin ikinci mərhələsi həyata keçirilir.

Artıq əsas hazırlıq işləri başa çatdırılıb: təchizatçılar müəyyən edilib, texnoloji avadanlıqların və istehsal xətlərinin sifarişi verilib, həmçinin yeni istehsal kompleksinin tikintisi davam etdirilir. Burada, xüsusən də, "Chevrolet Cobalt" modelinin istehsalı təşkil olunacaq.

Müəssisənin 2027-ci ilin ortalarında istismara verilməsi planlaşdırılır. Bundan sonra istehsal iriqovşaqlı yığımdan tam sənaye dövriyyəsinə keçəcək, bu da istehsal həcmini əhəmiyyətli dərəcədə artırmağa və avtomobil çeşidlərinin genişləndirməyə imkan verəcək.

İkinci mərhələnin əsas vəzifələrindən biri istehsalın lokallaşdırma səviyyəsinin mərhələli şəkildə artırılmasıdır. Azərbaycanda istehsal olunan komponentlərin istifadəsinin genişləndirilməsi, yerli təchizatçılar şəbəkəsinin yaradılması və daha mürəkkəb texnoloji proseslərin mənimsənilməsi nəzərdə tutulur. Bu, ölkə daxilində yaradılan əlavə dəyərin artırılmasına, əlaqəli sənaye sahələrinin inkişafına və müasir avtomobil istehsalı ekosisteminin formalaşdırılmasına töhfə verəcək.

- Hər iki ölkə bərpa olunan enerji sahəsinin inkişafına fəal şəkildə investisiya yatırır. Bu gün "yaşıl energetika" sahəsində hansı birgə layihələr diqqət mərkəzindədir? "Yaşıl" elektrik enerjisinin və hidrogenin Xəzər vasitəsilə Avropaya ixracı ilə bağlı planlar nə dərəcədə realdır?

- "Yaşıl energetika" sahəsində əməkdaşlıq ölkələrimiz arasındakı qarşılıqlı fəaliyyətin ən perspektivli istiqamətlərindən biridir.

Hazırda Xəzər dənizinin dibi ilə çəkiləcək infrastrukturdan istifadə etməklə elektrik enerjisinin ixracı layihələrinin həyata keçirilməsi, eləcə də "yaşıl hidrogen" istehsalının inkişaf etdirilərək sonradan Avropa bazarlarına çıxarılması istiqamətində praktiki işlər aparılır.

Özbəkistan, Azərbaycan və Qazaxıstan tərəfindən "yaşıl enerjinin" inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişin imzalanması mühüm addım oldu. Bu təşəbbüsün praktiki olaraq həyata keçirilməsi üçün Bakıda layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması ilə məşğul olan "Green Corridor Union" birgə müəssisəsi yaradılıb.

Layihə çərçivəsində yeni enerji istehsal güclərinin yaradılması nəzərdə tutulur, bu da Özbəkistana gələcəkdə Avropaya 2-5 QVt ekoloji təmiz elektrik enerjisi ixrac etməyə imkan verəcək.

Şübhəsiz ki, söhbət əhəmiyyətli investisiyalar və beynəlxalq koordinasiya tələb edən irimiqyaslı və texniki cəhətdən mürəkkəb layihələrdən gedir. Bu layihələrin strateji əhəmiyyətini qiymətləndirmək çətindir: onlar Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə Avropa İttifaqının enerji bazarına inteqrasiya etməyə, ixrac marşrutlarını şaxələndirməyə və qlobal enerji keçidinə töhfə verməyə imkan yaradacaq.

- Bakı Beynəlxalq Dəniz Limanı Orta Dəhlizin əsas həlqələrindən birinə çevrilir. Onun Özbəkistan ixracatçıları üçün əhəmiyyətini necə qiymətləndirirsiniz? Biznesin nəqliyyat xərclərini azaltmağa imkan verəcək yeni dəstək tədbirləri nəzərdən keçirilirmi?

- Bakı limanı artıq bu gün Orta Dəhliz vasitəsilə Özbəkistan məhsullarının xarici bazarlara çıxışının təmin edilməsində əsas rol oynayır və regionun tranzit potensialının inkişafı üçün strateji cəhətdən mühüm logistika qovşaqlarından biridir.

Biz onun infrastrukturundan Özbəkistan ixracatçıları tərəfindən istifadənin səmərəliliyini yüksək qiymətləndiririk. Son illərdə bu marşrut üzrə yükdaşımaların həcmi davamlı olaraq artır, ixrac edilən məhsulların nomenklaturası genişlənir, ölkələrimizin nəqliyyat-logistika operatorlarının qarşılıqlı fəaliyyəti möhkəmlənir.

Azərbaycanlı tərəfdaşlarımızla birgə marşrutun rəqabət qabiliyyətinin artırılması üzərində işi davam etdiririk. Xüsusilə, Özbəkistanın ixracçıları üçün yüklərin aşırılmasına güzəştlərin tətbiqi, kompleks tarif həllərinin tətbiqi, logistika prosedurlarının optimallaşdırılması, həmçinin konteyner və ixrac yüklərinə prioritet xidmət göstərilməsi də daxil olmaqla əlavə dəstək tədbirləri müzakirə olunur.

Eyni zamanda nəqliyyat infrastrukturunun və dəniz logistikasının inkişafına yönəlmiş layihələr həyata keçirilir. Onların sırasında - Xəzər dənizində birgə donanmanın yaradılması, eləcə də "Uztemiryulkarqo" ASC ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC arasında birgə müəssisənin təsis edilməsi yer alır. Bu təşəbbüslər multimodal daşımaların səmərəliliyini artırmağa, logistika zəncirlərini daha dayanıqlı etməyə və ixracatçıların nəqliyyat xərclərini azaltmağa imkan verəcək.

Biz əminik ki, nəqliyyat-logistika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi qarşılıqlı ticarətin genişləndirilməsinin, Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasının və bütün regionun tranzit potensialının gücləndirilməsinin ən mühüm amillərindən birinə çevriləcək.

- Daha əvvəl birgə Özbəkistan-Azərbaycan logistika mərkəzinin yaradılmasına dair planlar açıqlanmışdı. Bu layihə hansı mərhələdədir, onun harada yerləşdirilməsi nəzərdə tutulur və o, yüklərin çatdırılma sürətinə və qiymətinə necə təsir göstərəcək?

- Birgə logistika mərkəzinin yaradılması Orta Dəhliz çərçivəsində Özbəkistan və Azərbaycan arasında nəqliyyat-logistika infrastrukturunun inkişafı üzrə əsas layihələrdən biridir.

Hazırda prioritet məkan olaraq Bakı Beynəlxalq Dəniz Limanının infrastrukturu, Azərbaycanın dəmir yolu şəbəkəsi və Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirən əsas beynəlxalq nəqliyyat marşrutları ilə inteqrasiya olunmuş ərazi nəzərdən keçirilir.

Layihə gələcəkdə Çindən və Mərkəzi Asiyadan Xəzər regionu istiqamətində yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu marşrutunun reallaşdırılması ilə əlaqədar xüsusi aktuallıq kəsb edir. Bu şəraitdə Bakı limanı Orta Dəhliz vasitəsilə yüklərin Avropa bazarlarına çatdırılmasını təmin edən ən mühüm tranzit qovşağına çevrilir.

Logistika mərkəzi yüklərin konsolidasiyası, malların saxlanması və emalı, konteynerlərin multimodal aşırılması, həmçinin sürətləndirilmiş gömrük və tranzit rəsmiləşdirilməsi funksiyalarını yerinə yetirəcək. Bu, logistik prosesləri optimallaşdırmağa, tədarükləri daha da proqnozlaşdırılan etməyə, Daşkənd-Bakı marşrutu üzrə yüklərin çatdırılma müddətlərini qısaltmağa və daşımaların rəqabətədavamlılığını artırmağa imkan verəcək.

Biz bu layihəyə yalnız ikitərəfli təşəbbüs kimi deyil, həm də Asiya və Avropa arasında qarşılıqlı əlaqəliliyin möhkəmləndirilməsinə yönəlmiş formalaşmaqda olan Avrasiya nəqliyyat arxitekturasının mühüm elementi kimi baxırıq.

- Ekspert mühitində Özbəkistan və Azərbaycan şirkətlərinin "vahid pəncərə" prinsipi üzrə işləyə biləcəyi, qarşılıqlı vergi və gömrük güzəştlərindən istifadə edə biləcəyi "güzgü" adlandırılan xüsusi iqtisadi zonaların yaradılması ideyası müzakirə olunur. Belə bir modelin həyata keçirilməsi nə dərəcədə realdır?

- "Güzgü" xüsusi iqtisadi zonalarının yaradılması ideyası böyük maraq kəsb edir və Özbəkistanla Azərbaycan arasında ticari-iqtisadi, eləcə də investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi üçün perspektivli bir alətə çevrilə bilər.

Hərçənd bu məsələ hələ ki, praktiki şəkildə reallaşdırma mərhələsində olmasa da, konsepsiyanın özü investisiya iqliminin inkişafına dair yanaşmalarımızla uyğunluq təşkil edir. Söhbət "vahid pəncərə" prinsipinin tətbiqi, vergi, gömrük və inzibati güzəştlərin verilməsi, eləcə də investorlar üçün prosedurların sadələşdirilməsi daxil olmaqla, biznes üçün maksimum dərəcədə rahat şəraitin yaradılmasından gedir.

Bu gün əsas diqqət artıq fəaliyyət göstərən əməkdaşlıq mexanizmlərinin – xüsusi iqtisadi zonaların, sənaye parklarının, texnoparkların və birgə investisiya layihələrinin səmərəliliyinin artırılmasına yönəldilib. Bu alətlər artıq öz səmərəliliyini sübut edib və hər iki ölkənin işgüzar dairələrində böyük maraq doğurur.

Bununla yanaşı, biz Özbəkistanın və Azərbaycanın azad iqtisadi zonaları arasında daha sıx qarşılıqlı əlaqə üçün böyük potensial görürük. Söhbət təcrübə mübadiləsindən, istehsalın lokallaşdırılmasından, birgə sənaye klasterlərinin formalaşdırılmasından və istehsal-logistika zəncirlərinin inteqrasiyasından gedir.

Əminəm ki, sənaye əməkdaşlığı genişləndikcə və qarşılıqlı investisiyalar artdıqca, "güzgü" xüsusi iqtisadi zonaları modeli də daxil olmaqla, əməkdaşlığın daha çox inteqrasiya olunmuş formatlarının yaradılması məsələsi praktiki müstəviyə keçə bilər. Belə bir mexanizm investisiyaların cəlb edilməsi, birgə istehsal sahələrinin inkişafı və ölkələrimizin iqtisadi inteqrasiyasının möhkəmləndirilməsi üçün əlavə stimul ola bilər.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər