Dövlət dəstəyi şimal bölgəsində aqrar inkişafı necə dəyişir? – REPORTAJ
Azərbaycanın şimal bölgəsi uzun illərdir meyvəçilik, fındıqçılıq və heyvandarlıq sahəsində ölkənin əsas istehsal mərkəzlərindən biri hesab olunur. Son illərdə isə bu bölgədə aqrar sahənin inkişafı müasir texnologiyaların tətbiqi, dövlət dəstəyi və ixrac imkanlarının genişlənməsi hesabına yeni mərhələyə qədəm qoyub.
Far.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkil etdiyi media turu çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən müxtəlif təsərrüfatlarla tanış olduq. Səfər zamanı müasir meyvə bağları, fındıq plantasiyaları, aqroturizm məkanı, soyuducu anbar kompleksi və heyvandarlıq təsərrüfatlarında görülən işlər, eləcə də dövlət dəstəyinin real nəticələri ilə yaxından tanış olmaq imkanı əldə etdik.
Media nümayəndələrinə bildirildi ki, AKİA tərəfindən kənd təsərrüfatı istehsalçılarına əkin, məhsul, toxum, barama və heyvan subsidiyaları verilir. Eyni zamanda texnika və avadanlıqların, müasir suvarma sistemlərinin, soyuducu anbar komplekslərinin, damazlıq heyvanların alınmasına güzəştli maliyyə dəstəyi göstərilir. Agentlik fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırmaq, onların bilik və bacarıqlarını artırmaq məqsədilə müxtəlif maarifləndirmə layihələri də həyata keçirir.
Media turunun ilk dayanacağı aqroturizm təsərrüfatı oldu. Burada kənd təsərrüfatı ilə turizm bir araya gətirilərək həm istehsal, həm də istirahət imkanları yaradılıb.
Aqroturizm məkanının direktoru Vüsal Şərifli bildirib ki, məqsəd insanları kənd həyatı ilə yaxından tanış etməkdir.
"Aqroturizm kənd təsərrüfatı ilə turizmin vəhdətindən yaranan fəaliyyət növüdür. Təsərrüfatımızda meyvəçilik, arıçılıq, heyvandarlıq, balıqçılıq və digər kənd təsərrüfatı sahələri fəaliyyət göstərir. Biz də bu təsərrüfatın üzərində turizm xidmətləri qurmuşuq.
Burada müxtəlif heyvanlar və cins atlar var. Onları qonaqlar üçün daha maraqlı etmək məqsədilə personajlaşdırmışıq. Beləliklə, ziyarətçilər həm flora, həm də fauna ilə yaxından tanış olur, təbiətin qoynunda vaxt keçirirlər."
Onun sözlərinə görə, bağlarda yetişdirilən alma, armud və gilas həm daxili bazara təqdim olunur, həm də xarici bazarlara ixrac edilir.
"Dövlət dəstəyi xüsusilə superintensiv bağların salınmasında mühüm rol oynayır. Bu dəstək sahibkar üçün həm motivasiya yaradır, həm də təsərrüfatın rentabelliyini artırır."
Daha sonra media nümayəndələri müasir meyvə bağlarına baş çəkdilər. Burada yüzlərlə hektar sahədə alma, armud, şaftalı, nektarin və gilas yetişdirilir.
Təsərrüfatın baş icraçı direktoru Arif Qədimli bildirib ki, hazırda 356 hektar meyvə bağı mövcuddur.
"Şaftalı, nektarin və armudun yığım mövsümü davam edir. İlin əvvəlində hava şəraiti əlverişsiz keçsə də, məhsuldarlıq göstəricilərimiz qənaətbəxşdir. Şaftalı və nektarin üzrə hər hektardan 26–27 ton, armud üzrə isə 30–35 ton məhsul əldə etməyi planlaşdırırıq."
O bildirib ki, məhsullar soyuducu anbarlarda emal olunduqdan sonra həm ölkə daxilində satışa çıxarılır, həm də ixrac edilir.
"Əsas ixrac bazarımız Rusiyadır. Bununla yanaşı, Dubaya da məhsul göndəririk. Qarşıdakı əsas məqsədimiz yeni ixrac bazarlarına çıxmaq və həmin bazarların tələblərinə uyğun məhsul istehsal etməkdir."
Arif Qədimlinin sözlərinə görə, növbəti əkin mövsümlərində əlavə 200 hektar şaftalı və nektarin bağının salınması, həmçinin yeni soyuducu anbar kompleksinin tikintisi nəzərdə tutulur.
Meyvələrin yığıldıqdan sonra keçdiyi mərhələlərlə tanış olmaq üçün media nümayəndələri soyuducu anbar kompleksinə baş çəkiblər.
Kompleksin rəhbəri Nazir Qardaşov bildirib ki, hazırda əsasən nektarin, şaftalı, yastı şaftalı və gilas qəbul edilir.
"Məhsullar İtaliya istehsalı olan müasir çeşidləmə avadanlıqları vasitəsilə keyfiyyət və ölçüsünə görə ayrılır. Alma məhsulunu 12 aya qədər yüksək keyfiyyətdə saxlamaq mümkündür. Bu isə bazarın ilboyu eyni keyfiyyətdə məhsulla təmin olunmasına imkan yaradır."
Onun sözlərinə görə, məhsullar əsasən Rusiya və Dubaya ixrac edilir. Soyuducu anbar kompleksinin tikintisində və avadanlıqların alınmasında dövlət dəstəyindən istifadə olunub.
Şimal bölgəsinin əsas ixrac məhsullarından biri də fındıqdır. Növbəti dayanacaqda media nümayəndələri geniş fındıq bağları ilə tanış olublar.
Fındıq bağlarının əməliyyat direktoru və baş aqronomu Şəmistan Novruzlu bildirib ki, hazırda təsərrüfatda 600 hektara yaxın fındıq bağı mövcuddur.
"Bağlarımızda yerli sortlarla yanaşı, İtaliyadan gətirilmiş məhsuldar sortlar da becərilir. Dövlət dəstəyi hesabına innovativ texnologiyalar tətbiq edir, yeni bağlar salırıq. Məqsədimiz məhsuldarlığı artırmaq, məhsulun keyfiyyətini yüksəltmək və Azərbaycan fındığının dünya bazarında rəqabət qabiliyyətini daha da gücləndirməkdir."
Onun sözlərinə görə, istehsal olunan məhsullar əsasən Avropa ölkələrinə ixrac edilir.
Media turunun son dayanacağı isə heyvandarlıq təsərrüfatı olub.
İstehsal rəhbəri Eldar Kərəmov bildirib ki, müəssisə əkinçilik, yem istehsalı və heyvandarlıq istiqamətləri üzrə fəaliyyət göstərir.
"Heyvandarlıq üçün lazım olan yem bitkilərini öz torpaq sahələrimizdə yetişdiririk. Məhsullar yem zavodunda emal olunaraq təsərrüfatın yem bazasını təmin edir."
O qeyd edib ki, hazırda təsərrüfatda 2 500 baş iribuynuzlu heyvan saxlanılır.
"İllik 110 ton ət, 10 min ton süd istehsal olunur. Bir sağmal inəkdən gündə orta hesabla 25–26 litr süd əldə edilir."
Eldar Kərəmovun sözlərinə görə, heyvandarlıq avadanlıqlarının alınmasına 60 faiz, digər ferma avadanlıqlarına isə 40 faiz dövlət dəstəyi göstərilir ki, bu da iri təsərrüfatların inkişafına ciddi təkan verir.
Quba, Qusar və Xaçmaza təşkil olunan media turu bir daha göstərdi ki, aqrar sahəyə ayrılan dövlət dəstəyi yalnız statistik göstəricilərdə deyil, müasir bağlarda, yüksək texnologiyalı istehsal prosesində, ixrac olunan məhsullarda və regionlarda yaradılan yeni iş yerlərində də öz real nəticəsini göstərir. Bu gün şimal bölgəsində yetişdirilən məhsullar təkcə Azərbaycan bazarına deyil, dünyanın müxtəlif ölkələrinə də yol açır.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
Bakının bəzi hissəsində internet kəsildi
-
Bilgəhdəki çimərlik zibildən təmizləndi
-
Çin Aİ-nin 14 təşkilatını ixrac nəzarəti tətbiq olunan ölkələrin siyahısına daxil edib
-
Aleksandr Sokolov: Rusiyanın Kirov vilayətində raket hücumu zamanı 6 nəfər ölüb
-
"Körpülərin İstismarı və Təmiri Müəssisəsi" ləğv olunur













