İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin xüsusi buraxılışının təqdimatı olub
Far.Az xəbər saytı

İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin xüsusi buraxılışının təqdimatı olub


41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində qurulan Azərbaycan stendində kitab təqdimatları və ədəbi müzakirələr davam edir.
Noyabrın 3-də - sərginin ikinci günündə “Səninləyik, Türkiyə” kitabının təqdimatı keçirilib.

"Far.Az" xəbər verir ki, tədbirin moderatoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi şair Səlim Babullaoğlu nəşr haqqında məlumat verib. Bildirib ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış kitab 6 fevral 2023-cü il tarixində Türkiyədə baş vermiş və 50 mindən artıq insanın həlak olması, on minlərlə insanın yaralanması ilə nəticələnən dəhşətli zəlzələyə həsr olunub.

Antologiyada türk dövlətləri və böyük türk coğrafiyasının tanınmış şairlərinin şeirləri toplanıb.

Nəşrin ideya və ön sözünün müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyevadır.

Sonra Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın təqdimat iştirakçılarına ünvanlanan məktubu oxunub.

Fondun Aparatının rəhbəri Fəxri Hacıyev, esseist, ədəbiyyatşünas Qismət Rüstəmov, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, şair Fərid Hüseyn çıxış ediblər.

Azər Turan 1939-cu ildə Türkiyənin Ərzincan şəhərində baş vermiş dəhşətli zəlzələ haqqında danışıb, Türk dünyasının böyük fikir adamı, şair, rəssam, həkim Əli bəy Hüseynzadənin həmin fəlakətə şeir həsr etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Bakıda “Mütərcim” nəşriyyatında işıq üzü görən​ nəşrin tərtibçisi, tərcüməçi və redaktoru S.Babullaoğlu, dillər üzrə məsləhətçilər Ömər Məhmətoğlu, Şəmsəddin Kuzəçi, Maya Saparova, Zera Bəkirova və Albina Borisovadır.

Kitabda azərbaycanlı şairlər S.Babullaoğlu və F.Hüseynin də şeirləri yer alıb.

Həmin gün eyni zamanda Türkiyənin nüfuzlu “Heca” dərgisinin 2023-cü ildə işıq üzü görən “Modern Azərbaycan şeiri” adlı xüsusi sayının təqdimatı olub.

Məlumat verilib ki, AYB-nin katibi S.Babullaoğlunun tərtibçiliyi və ön sözü, Ömər Kiçikməhmədoğlunun tərcüməsində hazırlanan xüsusi sayda Rəsul Rza, Əli Kərim, Fikrət Qoca, Nurəngiz Gün, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Adil Mirseyid, Zahid Sarıtorpaq, Rasim Qaraca, Elxan Zal, Həmid Herisçi, Azad Yaşar, Salam Sarvan, Qulu Ağsəs, Səlim Babullaoğlu, Zahir Əzəmət, Aqşin Yenisey, Jalə İsmayıl, Rəbiqə Nazimqızı, Qismət, Fərid Hüseyn, Aqşin Evrən və Səxavət Sahilin şeirləri yer alıb.

Qeyd edək ki, aylıq "Heca" dərgisi 1997-ci ildən Ankarada nəşr olunur.

İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan incəsənət ustalarının ifasında maraqlı konsert proqramı təqdim olunub.

Xalq artisti, xanəndə Mənsum İbrahimov bəstəkar və xalq mahnılarını ifa edib. Xanəndəni Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Siyavuş Kərimov (nağara) müşayiət ediblər.

Konsert proqramı böyük maraq və alqışlarla qarşılanıb.

Konsertdən sonra Azərbaycan stendində ziyarətçilər üçün milli şirniyyatlar təqdim olunub.

Oxşar xəbərlər

Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində ilk dəfə fəxri qonaq kimi çıxış edir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr keçirilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər