Vaşinqton Bəyannaməsi: İlham Əliyevin müəllifi olduğu sülh gündəliyinin beynəlxalq miqyasda təsdiqi
Far.Az xəbər saytı

Vaşinqton Bəyannaməsi: İlham Əliyevin müəllifi olduğu sülh gündəliyinin beynəlxalq miqyasda təsdiqi


Otuz illik qeyri-sabitlik və müharibə vəziyyətindən sonra 2025-ci ilin 8 avqust tarixində nəhayət Cənubi Qafqazda real sülhün ayaq səsləri eşidilməyə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-yə səfəri və Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyannamə bölgənin tarixində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub.

Bu hadisə sadəcə Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması demək deyildi. Bu, eyni zamanda dünyanın son onilliklərdə yaşadığı ən mühüm diplomatik hadisələrdən biri kimi qiymətləndirilməlidir.

Üstündən bir il keçdikdən sonra bu tarixi hadisənin yaratdığı siyasi və diplomatik nəticələrə, əldə edilən irəliləyişlərə nəzər saldıqda həm üçtərəfli bəyannamənin, həm ABŞ-la Azərbaycan arasında əldə edilən razılaşmanın regionun təhlükəsizlik arxitekturasına təsiri daha aydın görünür.

Vaşinqton görüşü təkcə Ermənistan-Azərbaycan münaqişəsinin həllin və paralel olaraq Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı deyil, həm də Prezident İlham Əliyevin milli maraqlara əsaslanan ardıcıl diplomatik strategiyasının yaratdığı yeni reallığın beynəlxalq müstəvidə qəbulu sayılır.

2020-ci il müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan liderinin səyi və diplomatik gedişləri sayəsində regionda yeni status-kvo formalaşdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə sülh müqaviləsinin baza prinsipləri müəyyənləşdirildi, dövlətlərin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və qarşılıqlı münasibətlərin normallaşdırılması prosesin əsas istiqamətlərinə çevrildi.

Paralel olaraq da regionun geosiyasi gündəmi dəyişməyə başladı. Bu da o mənaya gəlir ki, uzun illər qlobal güclərin rəqabət meydanı kimi təqdim edilən Cənubi Qafqaz regionu artıq rəsmi Bakının təşəbbüsü ilə əməkdaşlıq, iqtisadi inteqrasiya, nəqliyyat bağlantıları və dayanıqlı təhlükəsizlik platformasına çevrilir. Bu faktorları da nəzərə aldıqda, əminliklə deyə bilərik ki, Vaşinqton razılaşmaları həm də rəsmi Bakının sülh gündəliyinin müəllifi olaraq regional proseslərin istiqamətini müəyyənləşdirən əsas siyasi mərkəzə çevrildiyini üzə çıxardı.

2022-ci ildə irəli sürülən və növbəti danışıqlar mərhələsinin əsas hüquqi bazasını təşkil edən beş prinsip faktiki olaraq Bakı-İrəvan danışıqlarının və sülhə gedən prosesin yol xəritəsi sayıldı. Beləliklə, İlham Əliyevin müəllifi olduğu sülh gündəliyi sadəcə yeni reallıq yaratmır, eyni zamanda bu reallığın beynəlxalq hüquqa söykənən siyasi və diplomatik çərçivəsini müəyyənləşdirdi.

Vaşinqton danışıqları həm də ABŞ-nin Cənubi Qafqaz siyasətində köklü dəyişikliklərin təzahürü idi. Sələfi Co Baydendən fərqli olaraq, Donald Trampın hansısa lobbi qruplarının maraqlarından deyil, Birləşmiş Ştatların praqmatik maraqlarından çıxış etməsi Cənubi Qafqazda sülhün əldə edilməsi üçün əlverişli beynəlxalq şərait yaradırdı.

Əvvəlki illərdə rəsmi Bakı Bayden administrasiyasının selektiv yanaşması, ermənipərəst mövqeyi ilə qarşılaşdığı halda, Tramp administrasiyası Azərbaycana münasibətində daha praqmatik xətt götürdü.

ABŞ Prezidenti həmkarı İlham Əliyevə ünvanlandığı məktublarda Azərbaycanı regionda əsas tərəfdaş kimi dəyərləndirir, onun sülh gündəliyini dəstəklədiyini ifadə edirdi. Azərbaycan Prezidenti də Trampa məktublarında Azərbaycan-ABŞ münasibətlərinin qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayır, Cənubi Qafqazda davamlı sülhün beynəlxalq hüququn norma və prinsiplərinə söykənməsi zərurətini önə çəkirdi.

Nəticədə Vaşinqton sammiti göstərdi ki, qarşılıqlı hörmətə əsaslanan siyasi dialoq və balanslı vasitəçilik mühiti formalaşdıqda, illərlə dalana dirənmiş görünən məsələlər ətrafında belə tarixi nəticələr əldə etmək mümkündür. Bu baxımdan, Ağ Evdə keçirilən görüş yalnız Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı deyil, həm də ABŞ-Azərbaycan münasibətlərində qarşılıqlı etimadın bərpasını və strateji dialoqun yeni mərhələyə yüksəldiyini nümayiş etdirdi.

Məhz bu siyasi atmosfer və qarşılıqlı etimad Vaşinqton Bəyannaməsinin imzalanmasını və konkret hüquqi-siyasi nəticələrinin əldə olunmasına imkan yaratdı. Bu sənədin imzalanması və xarici işlər nazirləri tərəfindən sülh sazişinin razılaşdırılmış mətninin paraflanması 2020-ci ildən davam edən sülh danışıqlarının ən mühüm diplomatik nəticəsi idi.

Bakı ilə İrəvan arasında sülhün bərqarar olması ümumilikdə Cənubi Qafqazın siyasi və iqtisadi gələcəyini müəyyən edən amil sayılmalıdır. Kommunikasiyaların açılması, nəqliyyat marşrutlarının bərpası və regional iqtisadi əməkdaşlığın inkişafı Azərbaycan və Ermənistanla yanaşı, regionun digər dövlətləri üçün də yeni imkanlar deməkdir. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən Cənubi Qafqazın tranzit potensialı daha da artacaq, beynəlxalq yükdaşımaların həcmi genişlənəcək, yeni investisiyalar və iri infrastruktur layihələri üçün əlverişli zəmin formalaşacaq. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Azərbaycan regionda əməkdaşlıq mühitini formalaşdırmağa çalışır. Sülhün imzalanması Cənubi Qafqazı uzun illər geosiyasi rəqabət və münaqişə məkanı kimi tanıdan stereotipləri dəyişərək onu beynəlxalq əməkdaşlıq, enerji təhlükəsizliyi, logistika və ticarət əlaqələrinin inkişaf etdiyi sabit regiona çevirə bilər.

Məhz bu iqtisadi inteqrasiya perspektivinin praktik təzahürlərindən biri də Vaşinqtonda təqdim olunan TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsidir. Bu layihəyə eyni zamanda sülhü dəstəkləyən, onun iqtisadi dayaqlarını formalaşdırmağı hədəfləyən strateji təşəbbüs kimi yanaşmaq lazımdır. Layihə Cənubi Qafqazı qlobal nəqliyyat-logistika zəncirlərinin mühüm həlqəsinə çevirməyi, Azərbaycan və Ermənistan ərazisindən keçən kommunikasiya xətlərinin beynəlxalq ticarət sisteminə inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur. Bu isə təkcə iki ölkə arasında əlaqələrin normallaşması deyil, həm də Orta Dəhliz kimi qlobal ticarət yollarının səmərəliliyinin artırılması, yükdaşımaların diversifikasiyası və regionun tranzit əhəmiyyətinin daha da yüksəldilməsi deməkdir.

Azərbaycan üçün TRIPP layihəsi yeni imkanlardan daha çox, uzun illər həyata keçirilən nəqliyyat və logistika strategiyasının beynəlxalq səviyyədə təsdiqi deməkdirsə, Ermənistan nöqteyi-nəzərdən bu, yeni bazarlara çıxış imkanı, özünütəcrid siyasətinin sonu, Azərbaycanın təşəbbüsü ilə reallaşan regional layihələrə qoşulmaq, iqtisadiyyatını dirçəltmək üçün fürsət və imkandır. Bu, İrəvana imkan verir ki, ölkənin tranzit imkanlarını genişləndirsin və uzunmüddətli iqtisadi inkişafı üçün yeni perspektivlər açsın.

Bu gün Cənubi Qafqazın gündəmini əməkdaşlıq, nəqliyyat layihələri, inteqrasiya, dayanıqlı sülh müəyyən edir. Bu status-kvonun da memarı Azərbaycan və onun prezidenti İlham Əliyevdir. 44 günlük müharibədəki qələbə, 2023-cü ildə lokal xarakterli antiterror tədbirindən sonra dövlət suverenliyinin tam bərpası, Prezidentin ardıcıl diplomatik gedişləri regionun siyasi xəritəsini kökündən dəyişdi. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi, beş baza prinsipi, kommunikasiyaların açılması təşəbbüsləri, Vaşinqtonda əldə olunan razılaşmalar və TRIPP kimi strateji layihələr göstərir ki, regionun gələcək inkişaf istiqaməti artıq Bakının formalaşdırdığı siyasi baxış üzərində qurulur.

Kamil Məmmədov

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər