Səfir: Ukrayna Müdafiə Qüvvələri Bolqarıstana PUA yönəltməyib - YENİLƏNİB
Far.Az xəbər saytı

Səfir: Ukrayna Müdafiə Qüvvələri Bolqarıstana PUA yönəltməyib - YENİLƏNİB


Ukraynanın Bolqarıstandakı səfiri Olesya İlaşuk avqustun 8-də ölkə ərazisinə pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə bağlı insidentlə əlaqədar Bolqarıstanın xarici işlər naziri Velislava Petrova-Çamova ilə görüşdə Ukrayna Müdafiə Qüvvələrinin nə Bolqarıstana, nə də hər hansı digər ölkəyə PUA yönəltmədiyini bildirib.

"Report"un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə O.İlaşuk sosial şəbəkələrdə bildirib.

O qeyd edib ki, Ukrayna tərəfi təhqiqatın aparılmasında əməkdaşlığa tam hazırdır; insidentin əsas səbəbi davam edən müharibədir.

Səfir vurğulayıb ki, Rusiya Ukraynada mülki əhalini və mülki infrastrukturu getdikcə daha şiddətli atəşə tutur ki, bu da qonşu ölkələr üçün birbaşa təhlükə yaradır, müharibənin mümkün qədər tez başa çatması regionda təhlükəsizliyin təmin edilməsi üçün kritik əhəmiyyət daşıyır.

O.İlaşuk vurğulayıb ki, Ukrayna Kremli sülhə məcbur etmək üçün beynəlxalq ictimaiyyətin səylərinin aktivləşəcəyinə ümid edir.

"İnsidentin səbəblərinin araşdırılması çərçivəsində sıx koordinasiyanın davam etdirilməsi ilə bağlı razılıq əldə olunub", – məlumatda bildirilir.

Bolqarıstanın xarici işlər naziri Velislava Petrova pilotsuz uçuş aparatının (PUA) Bolqarıstanın hava məkanına daxil olması ilə əlaqədar Ukraynanın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə (XİN) dəvət edib.

"Report" xəbər verir ki, bu barədə Bolqarıstan XİN-in məlumatında deyilir.

"İlkin təhlil göstərir ki, bu, böyük ehtimalla Ukrayna silahlı qüvvələrinin istifadə etdiyi "Mayya" yayındırıcı pilotsuz uçuş aparatıdır. Söhbət zamanı nazir Petrova Bolqarıstan tərəfinin ciddi narahatlığını ifadə edib və vurğulayıb ki, Bolqarıstanın hava məkanına hər hansı icazəsiz daxil olma yolverilməzdir", - məlumatda bildirilir.

Bolqarıstan tərəfi Ukraynaya müraciət edərək hadisənin baş vermə hallarının tam aydınlaşdırılmasına kömək edə biləcək bütün mövcud məlumatları təqdim etməyi xahiş edib. V.Petrova bildirib ki, gələcəkdə bu cür halların qarşısını almaq üçün lazımi tədbirlərin görülməsi Bolqarıstan üçün son dərəcə vacibdir. İki ölkənin səlahiyyətli orqanları arasında birbaşa və səmərəli rabitə kanallarının zəruriliyi vurğulanıb.

"Pilotsuz uçuş aparatının ölkə ərazisinə daxil olması ilə əlaqədar Bolqarıstan Rumıniya tərəfi ilə də əlaqə saxlayır. V.Petrova həmçinin Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərini insident və Bolqarıstanın gördüyü tədbirlər barədə məlumatlandırıb. Çərşənbə günü NATO müttəfiqləri arasında da bu məsələ ilə bağlı məlumat mübadiləsi gözlənilir", - Bolqarıstan XİN-dən qeyd edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər