"Dəmir yolu" küçəsindəki çətinliklər: "18 yaşı var, anası qucağında aparır"
Far.Az xəbər saytı

"Dəmir yolu" küçəsindəki çətinliklər: "18 yaşı var, anası qucağında aparır"


Sabunçu rayonunun Pirşağı qəsəbəsində, sakinlərin "Dəmir yolu" küçəsi kimi tanıdığı ərazidə bir sıra problemlər yaşanır. Sakinlərin sözlərinə görə, küçədə asfalt örtüyü yoxdur.

BakunTV-nin məlumatına görə, bu isə xüsusilə hərəkət imkanları məhdud sakinlərin gündəlik həyatını çətinləşdirir.

"Qonşunun 18 yaşlı qızı var. Anası onu qucağına alıb dəmir yolunun kənarı ilə aparmağa məcbur olur", - deyə sakinlərdən biri bildirib.

Sakinlər, həmçinin işıqlandırma və su təchizatı ilə bağlı da çətinlik çəkdiklərini deyirlər: "Yayın günündə qonşuların həyəti su ilə dolur. Su idarəsinə zəng edirik, gəlib müvəqqəti düzəldirlər. Onlar gedən kimi yenə eyni vəziyyət yaranır".

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Pirşağıda da qəsəbədaxili yolların asfaltlanması mərkəzləşdirilmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir.

Qeyd edilib ki, Pirşağı qəsəbəsinin "Dəmir yolu" küçəsində yolun təmiri ilə bağlı tədbirlərin dövlət investisiya proqramına əlavə edilməsi üçün RİH tərəfindən aidiyyəti üzrə məktubla müraciət olunub.

Qurumdan, həmçinin bildirilib ki, məişət tullantıları üçün konteynerlərin yerləşdirilməsi ilə bağlı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə, küçənin işıqlandırılması ilə bağlı "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsinin Sabunçu Təmir-Bərpa Sahəsinə, su xəttində yaranan problemlə əlaqədar isə Sabunçu Rayon Sukanal İdarəsinə məlumat verilib.

Oxşar xəbərlər

Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! marşrutların hərəkət sxemi...
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər