Naxçıvan Azərbaycanın yeni regional arxitekturasında əsas dayaqlardan biridir
Far.Az xəbər saytı

Naxçıvan Azərbaycanın yeni regional arxitekturasında əsas dayaqlardan biridir


Prezident İlham Əliyevin Naxçıvana səfəri Azərbaycanın digər regionlarına səfərlərindən daha geniş siyasi və iqtisadi məna daşıyır. Naxçıvanın tarixi və geosiyasi mövqeyi, eləcə də Azərbaycanın dövlətçilik tarixindəki rolu onun yeni regional arxitekturada əhəmiyyətini daha da artırır.

Far.Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Far.Az-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Naxçıvan Azərbaycanın dövlətçilik tarixinin ən çətin dövrlərinin yaddaşını daşımaqla yanaşı, Vətən müharibəsindən sonra formalaşan yeni regional arxitekturanın əsas coğrafi dayaqlarından birinə çevrilir.

Naxçıvan Azərbaycanın yeni regional arxitekturasında əsas dayaqlardan biridir

"Azərbaycan tarixində elə ərazilər var ki, onların siyasi çəkisi coğrafi ölçülərindən qat-qat böyükdür. Naxçıvan məhz belə məkandır. 1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qaldığı zaman Naxçıvan blokadada yaşayan muxtar respublika olmasına baxmayaraq, dövlətçilik iradəsinin qorunduğu siyasi qalaya çevrildi", – deyə Zahid Oruc qeyd edib.

Deputat bildirib ki, Zəfərdən əvvəl Naxçıvanın əsas geosiyasi xüsusiyyəti blokadaya davam gətirməsi idisə, hazırda əsas xüsusiyyəti çoxşaxəli bağlantı yaratmaq potensialıdır.

Onun fikrincə, Vətən müharibəsində qazanılan Qələbənin mühüm nəticələrindən biri Azərbaycanın parçalanmış kommunikasiya coğrafiyasının yenidən birləşdirilməsidir.

Z.Oruc 2025-ci il avqustun 8-də Ağ Evdə imzalanan Birgə Bəyannamənin Naxçıvan üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz bağlantının təmin olunması məsələsi öz əksini tapıb.

"Azərbaycan tarixində ilk dəfə ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru bağlantısı məsələsi ABŞ Prezidentinin şahidliyi ilə Ağ Evdə imzalanan beynəlxalq siyasi sənədin predmetinə çevrildi. Ona görə də 8 avqust tarixi anlaşması gələcək fiziki birləşmənin hüquqi və siyasi başlanğıcıdır", – deyə o bildirib.

Milli Məclisin komitə sədri qeyd edib ki, proses artıq siyasi bəyanat mərhələsindən praktiki icra mərhələsinə keçir. Onun sözlərinə görə, TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında multimodal bağlantının yaradılmasını və bu xəttin Transxəzər ticarət yolunun mühüm halqasına çevrilməsini nəzərdə tutur.

Z.Oruc hesab edir ki, Naxçıvanın gələcək rolu yalnız nəqliyyatla məhdudlaşmayacaq. Onun sözlərinə görə, yeni bağlantılar enerji və rəqəmsal kommunikasiya infrastrukturu üçün də imkanlar yarada bilər.

"Beləliklə, Naxçıvan təkcə nəqliyyat marşrutu kimi deyil, enerji və rəqəmsal kommunikasiyanın əsas arteriyalarından biri kimi formalaşa bilər", – deyə deputat vurğulayıb.

O əlavə edib ki, Naxçıvanın Türkiyə istiqamətində yeni nəqliyyat bağlantıları Azərbaycanın Orta Dəhlizdə rolunu da gücləndirə bilər. Bu xətt Mərkəzi Asiyadan Anadoluya qədər fiziki bağlantının möhkəmlənməsinə və Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin iqtisadi əsaslarının genişlənməsinə xidmət edə bilər.

Z.Orucun fikrincə, Naxçıvanın yeni inkişaf modeli onun uzun illər davam edən təcrid vəziyyətindən regional iqtisadi sistemin mühüm mərkəzlərindən birinə çevrilməsini nəzərdə tutur.

"Bir zamanlar yolların bağlandığı Naxçıvan indi yolların kəsişdiyi Naxçıvana çevrilir", – deyə o bildirib.

Milli Məclisin komitə sədri Prezident İlham Əliyevin Naxçıvana səfərinin siyasi əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, səfər Naxçıvanın gələcək inkişafı ilə yanaşı, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi və Ermənistanla sülh prosesinin perspektivləri baxımından da mühüm əhəmiyyət daşıyır.

"Vətən müharibəsinin ən böyük nəticəsi Azərbaycan xəritəsində yalnız sərhədlərin dəyişməzliyinin təmin olunması olmadı. Qələbə nəticəsində qalib regional arxitektura formalaşır. Qarabağ və Şərqi Zəngəzur quruculuq və bağlantı məkanıdır. Məhz buna görə Prezident İlham Əliyevin Naxçıvana səfərinin siyasi mənası regionun gələcək iyirmi-otuzillik statusunu və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyini müəyyənləşdirməyə xidmət edir", – deyə Zahid Oruc əlavə edib.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər