Bakı aeroportu karbon idarəçiliyində növbəti mərhələnin prioritetlərini müəyyənləşdirir
Far.Az xəbər saytı

Bakı aeroportu karbon idarəçiliyində növbəti mərhələnin prioritetlərini müəyyənləşdirir


Heydər Əliyev Beynəlxalq Aeroportu, "Azərbaycan Hava Yolları" QSC (AZAL) və "QSI" şirkətinin birgə təşkilatçılığı ilə Hava Limanı Karbon Akkreditasiyası (Airport Carbon Accreditation – ACA) proqramına həsr olunmuş seminar keçirilib.

"Report" Bakı aeroportuna istinadən xəbər verir ki, regionda ACA proqramının 3-cü səviyyəsinə yüksələn ilk hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən seminarda növbəti akkreditasiya səviyyələrinə keçid tələbləri, AZAL-ın ESG (Ətraf mühit, sosial və korporativ idarəetmə) strategiyası çərçivəsində dekarbonizasiya hədəfləri və gələcək fəaliyyət istiqamətləri müzakirə edilib.

"QSI" şirkətinin baş direktoru Okay Kayhanlının təlimçiliyi ilə keçirilən seminarda karbon emissiyalarının sistemli monitorinqi, etibarlı məlumat mübadiləsi və tərəfdaşlarla birgə dekarbonizasiya tədbirləri əsas prioritetlər kimi müəyyənləşdirilib.

Xüsusi diqqət "Scope 3" çərçivəsinə daxil olan dolayı emissiyaların idarə edilməsinə və aeroport ekosisteminin əsas iştirakçılarının prosesə daha fəal cəlb olunmasına yönəldilib. Bu istiqamətdə aviaşirkətlər, yerüstü xidmət operatorları, yanacaq və enerji təchizatçıları, nəqliyyat şirkətləri və digər xidmət təminatçıları ilə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda enerji səmərəliliyinin artırılması və emissiyaların azaldılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 4,000-dən çox köhnə işıqlandırma qurğusunun enerji səmərəli alternativlərlə əvəz edilməsi və yeni işıqlandırma idarəetmə sistemlərinin tətbiqi nəticəsində ildə təxminən 1,2 GVt/saat elektrik enerjisinə qənaət olunur. Bu tədbirlər, eyni zamanda karbon emissiyalarının ildə təxminən 600 ton CO₂ azalmasına imkan verir.

2025-ci ildən "ISO 50001:2018" Enerji İdarəetmə Sisteminin tətbiqinə başlanılıb. Nəticədə 2025-ci ildə əvvəlki illə müqayisədə bir uçuşa düşən elektrik enerjisi istehlakı 2,3% azalıb.

Bununla yanaşı, Terminal 1-də Bina İdarəetmə Sistemi (BMS) yenilənib, işıqlandırma və havalandırma sistemlərinin daha səmərəli idarə olunması təmin edilib. Növbəti mərhələdə digər sistemlərin BMS-ə inteqrasiyası və bərpa olunan enerji layihələrinin genişləndirilməsi nəzərdə tutulur.

Həyata keçirilən tədbirlər Heydər Əliyev Beynəlxalq Aeroportunun karbon emissiyalarının mərhələli şəkildə azaldılması, enerji səmərəliliyinin artırılması və daha dayanıqlı aeroport ekosisteminin formalaşdırılması üzrə uzunmüddətli fəaliyyətinin tərkib hissəsidir. Hava limanı bu istiqamətdə sistemli işini davam etdirərək 2050-ci ilədək xalis sıfır emissiyaya nail olmaq üzrə uzunmüddətli hədəfinə doğru irəliləyir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Yüksələn işıq": REZA-nın fotosərgisi Heydər Əliyev Beynəlxalq Aeroportunda təqdim olunur
"Greentech Solutions", BP və tərəfdaşları Azərbaycanda ESG sahəsində ilkə imza atdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər