"Qarabağ"a tanış rəqib "Tvente": Niderlandın şərqindən gələn təhlükə - TANITMA
Far.Az xəbər saytı

"Qarabağ"a tanış rəqib "Tvente": Niderlandın şərqindən gələn təhlükə - TANITMA


"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Niderlandın "Tvente" klubu 1965-ci ildə təsis edilib.

"Report"un məlumatına görə, Enshede şəhərini təmsil edən komanda ölkə futbolunda xüsusilə son 15-20 ildə önəmli yer tutan kollektivlərdəndir.

Klubun ən böyük uğuru isə 2010-cu ildə tarixində ilk dəfə Niderland çempionu olmasıdır. Həmin vaxt liqa matçlarında meydana çıxmasa da, Azərbaycan millisinin sabiq üzvü Vaqif Cavadov da bu komandanın formasını geyinib.

"Tvente"nin tarixində xüsusi yer tutan dövrdən biri 1970-ci illərin sonu və 1980-ci illərin əvvəlləridir. Komanda həmin dönəmlərdə Niderland çempionatının üst sıralarında qərarlaşıb, ölkə kubokunda və Avropa turnirlərində uğurlu çıxışla yadda qalıb.

Klubun ən parlaq dövrü isə 2000-ci illərin sonu və 2010-cu illərin əvvəllərinə təsadüf edir. 2003-cü ildə ciddi maliyyə problemləri ilə üzləşən "Tvente" sonradan toparlanaraq tarixinin ən böyük uğurlarını qazanıb.

2010-cu il klub tarixinin ən önəmli səhifəsidir. Kollektiv ingiltərəli baş məşqçi Stiv Maklarenin rəhbərliyi altında Erediviziyanın qalibi olub. "Tvente" çempionluğu son turda "NAC Breda" üzərində 2:0 hesablı qələbə ilə rəsmiləşdirib. Komanda, bundan əlavə, 1977, 2001 və 2011-ci illərdə ölkə kubokuna sahib çıxıb.

"Tvente" Avropa səhnəsində də kifayət qədər təcrübəyə malikdir. Komanda 2010/2011 mövsümündə tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edib. Həmin turnirdə niderlandlılar "İnter"lə (İtaliya) ev oyununda heç-heçə edib, həmçinin "Verder" (Almaniya) üzərində qələbə qazanıb.

Həmin mövsüm "Tvente" Avropa Liqasında da uğurlu çıxış edərək 1/4 finala qədər irəliləyib.

Daha yaxın tarixdə - 2024/2025 mövsümündə isə "Tvente" Avropa Liqasının pley-off mərhələsinə qədər yüksəlib.

Komandanın hazırkı baş məşqçisi Con van den Bromdur. Niderlandlı mütəxəssis 2025-ci ilin sentyabrında bu posta təyin olunub.

Onun rəhbərliyi altında "Tvente" 2025/2026 mövsümünü Erediviziyada 4-cü pillədə başa vuraraq Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb. Burada Macarıstanın "Ferentsvaroş" klubuna uduzan kollektiv yoluna UEFA Konfrans Liqasında davam edib. "Tvente"nin hazırkı idarəetmə strukturunda Dominik Şolten klubun baş icraçı direktorudur. Texniki direktor vəzifəsini isə 2026-cı ildən komandanın keçmiş futbolçusu və məşqçisi Erik ten Haq tutur.

Klubun Müşahidə Şurasına isə Dennis Şipper rəhbərlik edir. Komanda ev oyunlarını 30 min tamaşaçı tutumuna malik "Qrols Veste" stadionunda keçirir.

"Tvente"nin ən çox işlədilən ləqəblərindən biri "De Tukkers"dir. Bu ad klubun yerləşdiyi Tvente regionunun sakinlərinə verilən addan gəlir. Komandanı həmçinin "Trots van het Oosten" – "Şərqin qüruru" adlandırırlar. Klubun əsas rəngləri isə qırmızı və ağdır.

Heyətdə yerli futbolçularla yanaşı, Almaniya, Danimarka, İslandiya, Norveç, Əlcazair, Xorvatiya və Mərakeşdən olan legionerlər də var.

Qeyd edək ki, "Qarabağ" Niderland təmsilçisi ilə daha əvvəl iki dəfə Avropa Liqasının pley-off mərhələsində üz-üzə gəlib. 2009/2010 mövsümündə "Tvente" evdə 3:1 hesabı ilə qalib gəlib, Bakıda qolsuz heç-heçə etməklə növbəti mərhələyə adlayıb. 2014/2015 mövsümündə isə Bakıda 0:0, Enshededə isə 1:1 hesabı qeydə alınıb. Beləliklə, "Qarabağ" həmin vaxt qüvvədə olan səfər qolu üstünlüyü sayəsində turnirin qrup mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, "Qarabağ" "Tvente" ilə ilk matçını avqustun 20-də səfərdə keçirəcək. Cavab görüşü avqustun 27-də Bakıda baş tutacaq.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər