KOBİA: İndiyədək sahibkarlara 633 investisiya təşviqi sənədi təqdim edilib
Far.Az xəbər saytı

KOBİA: İndiyədək sahibkarlara 633 investisiya təşviqi sənədi təqdim edilib


Bu günədək Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi təqdim edilib.

Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, investisiya təşviqi sənədi almış 552 layihə fəaliyyətə başlayıb. İndiyədək 1,5 milyard ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 6 604 təsdiqedici sənəd verilib və sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 350,5 milyon ABŞ dolları məbləğində güzəşt əldə edilib.

Azərbaycanda 1 yanvar 2029-cu ilədək bir sıra strateji istiqamətlər üzrə layihələrə investisiya təşviqi sənədi verilir.

Bunlar:

- Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal layihələri;

- Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı üçün istifadə edilən avadanlığın istehsalı layihələri;

- Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;

- Tullantıların idarə olunması və təkrar emalı layihələri;

- Dəniz suyunun duzsuzlaşdırılması layihələri;

- Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən istehsal layihələri;

- 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft-qaz sənayesi müəssisələrinin istehsal layihələri;

- Azərbaycan Respublikasında istehsalı olmayan məhsulların yerli istehsalının təşkili layihələri;

- Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı (qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri;

- Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;

- Hərbi təyinatlı məhsulların istehsalı layihələri;

- Aqroparklarda həyata keçirilən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələri;

- Kənd təsərrüfatında istifadə olunan gübrələrin, pestisidlərin, toxum və yem məhsullarının istehsalı layihələri;

- Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması layihələri;

- Avtomatlaşdırılmış iqlimə nəzarət sistemləri ilə təchiz edilmiş dördüncü nəsil istixana komplekslərinin (minimum 3 hektar) yaradılması layihələri;

- Kənd təsərrüfatı təyinatlı texnikaların, habelə elevator, taxıl silosu, soyuducu anbar, çeşidləmə, saxlanma və qablaşdırma avadanlığının istehsalı layihələri;

- İnformasiya və kommunikasiya texnologiyaları üzrə sənaye məhsullarının istehsalı layihələri.

İnvestisiya təşviqi sənədi əldə edən layihələr sənədin verildiyi tarixdən etibarən 7 il müddətində torpaq və əmlak vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumu və ƏDV-dən azad edilir, mənfəət və ya gəlir vergisinə isə 50 % güzəşt tətbiq olunur.

Sahibkarlar investisiya təşviqi sənədi almaq üçün İqtisadiyyat Nazirliyinə və ya Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərən KOB evlərinə müraciət edə bilərlər. Sahibkarlar ətraflı məlumat üçün KOBİA 131 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, investisiya təşviqi mexanizmi 2016-cı ildən tətbiq olunur.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Bu günün valyuta məzənnələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər