Bağçalı: Türkiyə və Azərbaycanın bir-birinə güvəninin qorunması türk dünyasının gələcəyi üçün önəmlidir
Far.Az xəbər saytı

Bağçalı: Türkiyə və Azərbaycanın bir-birinə güvəninin qorunması türk dünyasının gələcəyi üçün önəmlidir


Türk dövlətləri arasındakı münasibətlər kənardan formalaşdırılacaq siyasi layihələrə, geosiyasi hesablamalara və ayırıcı planlara endirilə bilməyəcək qədər dərin tarixi zəminə malikdir.

"Far.Az" xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının partiyasının Mərkəzi İdarə Şurasının toplantısından sonrakı yazılı açıqlamasında qeyd olunub.

Açıqlamada bildirilib ki, türk dünyasının gələcəyi müstəqil dövlətlərin suverenliyinə, qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa, etimada və qardaşlıq hüququna əsaslanır.

"Gələn həftə Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşü məhz bu tarixi məsuliyyətin və ortaq gələcək iradəsinin mühüm təzahürü olacaq.

Aydındır ki, türk dünyası öz gücünü qarşılıqlı etimad və həmrəylikdə tapmalıdır. Bu birlikdən narahatlıq duyanların gözləntiləri qardaş dövlətlərimizin ortaq iradəsi qarşısında reallaşa bilməyəcək", - MHP sədri qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan lideri İlham Əliyevə zəng edərək onu şəxsən Ankarada keçiriləcək zirvə görüşünə dəvət etməsinə toxunan D. Bağçalı bunun Türkiyə-Azərbaycan münasibətlərinin daşıdığı tarixi və strateji dəyərin qorunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

"Türkiyə ilə Azərbaycan arasındakı bağlar gündəlik siyasi proseslərin və müvəqqəti fikir ayrılıqlarının fövqündə dayanaraq ortaq tarix, dil, mədəniyyət, qarşılıqlı etimad və millətimizin könül birliyi üzərində yüksəlir.

Dövlətlər arasında fərqli qiymətləndirmələrin və həllini gözləyən məsələlərin ortaya çıxması, əlbəttə ki, mümkündür. Əsas məsələ bu problemləri qardaşlıq hüququna xələl gətirmədən, qarşılıqlı anlaşma və birbaşa dialoq yolu ilə həll etmək iradəsini nümayiş etdirə bilməkdir.

Türkiyə ilə Azərbaycanın bir-birinə duyduğu güvənin qorunması iki dövlət arasındakı həmrəyliyin davam etdirilməsi və türk dünyasının ortaq gələcəyinin qarantı baxımından vaz keçilməzdir", - D. Bağçalı bildirib.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər