QHT-lər kibertəhlükəsizlik qaydaları, müdafiə üsullarını öyrəniblər
Far.Az xəbər saytı

QHT-lər kibertəhlükəsizlik qaydaları, müdafiə üsullarını öyrəniblər


Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) təşkilatçılığı ilə vətəndaş cəmiyyəti institutlarının rəqəmsallaşması və müasir texnologiyaların tətbiqinə həsr olunmuş "NGO Tech Talks" ekspertlərlə təcrübə mübadiləsi sessiyası keçirilib.

"Report" xəbər verir ki, tədbirdə vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri, informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə mütəxəssislər, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbirin moderatoru, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli müasir dövrdə qeyri-hökumət təşkilatlarının fəaliyyətində innovativ həllərin, informasiya təhlükəsizliyinin və texnoloji alətlərin rolunun artdığını vurğulayıb:

"Müasir dövrdə ictimai münasibətlərin sürətlə virtuallaşması və qlobal çağırışların dinamik xarakter alması vətəndaş cəmiyyəti institutları qarşısında ənənəvi fəaliyyət modellərindən kənara çıxmaq zərurəti yaradır. QHT-lərin uzunmüddətli institusional dayanıqlığı artıq yalnız maliyyə və ya insan resursları ilə deyil, ilk növbədə daxili idarəetmə proseslərinin rəqəmsallaşdırılması, böyük həcmli məlumatların (Big Data) təhlilinə əsaslanan qərarların qəbulu və effektiv kibertəhlükəsizlik mexanizmlərinin qurulması ilə ölçülür. İnnovativ alətləri, süni intellekt həllərini və çevik layihə idarəetmə sistemlərini mənimsəyən təşkilatlar cəmiyyətdə baş verən dəyişikliklərə daha sürətli reaksiya verir, ictimai hesabatlılığı və benefisiarlarla birbaşa təması gücləndirir, eyni zamanda böhran dövrlərində belə öz funksionallığını və ictimai etimadını itirmədən dayanıqlı inkişafını təmin edə bilirlər".

Tədbirdə əsas məruzə ilə çıxış edən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov "QHT-lər üçün praktiki kibertəhlükəsizlik qaydaları və kibertəhlükəsizlik yoxlama siyahısı (Cybersecurity checklist)" mövzusunda məruzə ilə çıxış edib.

O, gündəlik təşkilati fəaliyyətdə asanlıqla tətbiq edilə bilən sadə və effektiv həllərin vacibliyinə diqqət çəkərək, QHT-lərin üzləşdiyi əsas rəqəmsal riskləri real nümunələr əsasında təhlil edib:

"Resursların məhdudluğu kibertəhlükəsizliyə etinasız yanaşmağa əsas vermir. Əksinə, düzgün seçilmiş ilkin addımlar və rəqəmsal alətlər vasitəsilə ən mürəkkəb kibertəhdidlərin böyük bir hissəsini önləmək tamamilə mümkündür".

Rauf Cabarov təqdim etdiyi "Cybersecurity checklist" üzərindən QHT nümayəndələrinə addım-addım icra oluna biləcək praktiki tövsiyələr verib.

Xüsusilə vətəndaş cəmiyyəti institutlarını hədəf alan fişinq (phishing) və sosial mühəndislik hücumlarının aşkarlanma üsullarını real nümunələrlə izah edən icraçı direktor, saxta keçidlərin, şübhəli əlavələrin fərqləndirilməsi və böhran zamanı məlumat itkisinin qarşısını almaq üçün mütəmadi ehtiyat nüsxələnmə (backup) mexanizmlərinin qurulmasının vacibliyini qeyd edib.

Rauf Cabarov çıxışının yekununda AKTA-nın vətəndaş cəmiyyətinin rəqəmsal transformasiyasına və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə davamlı dəstək verməyə hazır olduğunu bildirib.

İnteraktiv formatda davam edən görüş iştirakçıların rəqəmsal alətlərdən istifadə, layihələrin idarə olunmasında texnoloji innovasiyaların rolu və kibermühafizə üzrə sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

QHT-lərin rəqəmsal bacarıqlarının artırılması istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər