Məcnun Məmmədov: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib
Far.Az xəbər saytı

Məcnun Məmmədov: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib


Kəlbəcərdə arıçılığın inkişafı üçün 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib.

"Far.Az" xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov bunu Kəlbəcərdə keçirilən ikinci Bal Festivalında çıxışında deyib.

Nazir işğaldan azad edilmiş ərazilərdə arıçılığın inkişafı və bu istiqamətdə görülən işlər barədə məlumat verib. O, bildirib ki, Kəlbəcərdə keçirilən Bal Festivalı işğaldan azad edilmiş ərazilərdə aqrar sahənin dirçəldilməsi, yerli istehsalın təşviqi və rayonun iqtisadi potensialının nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

M.Məmmədovun sözlərinə görə, festivalda yalnız arıçılıq məhsulları təqdim olunmur, eyni zamanda fermerlərin əməyi, yerli istehsalın imkanları və kənd təsərrüfatının inkişaf potensialı nümayiş etdirilir: "Arıçılıq Azərbaycanın əsrlər boyu formalaşmış təsərrüfatçılıq ənənələrindən biridir. Sahə kənd təsərrüfatının mühüm istiqamətlərindən olmaqla yanaşı, xüsusilə bölgələrdə ailə təsərrüfatlarının gəlirlərinin artırılmasına və məşğulluğun genişləndirilməsinə xidmət edir".

Nazirin sözlərinə görə, son illər arıçılığın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti sahənin genişlənməsinə imkan yaradıb: "2018-2023-cü illərdə hər arı ailəsinə görə subsidiyanın ödənilməsi arıçıların fəaliyyətinə əlavə stimul verib. Həmçinin arıçılıqda istifadə olunan avadanlıq və texnikaların güzəşt tətbiq edilən texnikalar siyahısına daxil edilməsi istehsalçıların texniki imkanlarının yaxşılaşdırılmasına şərait yaradıb".

M.Məmmədov bildirib ki, görülən tədbirlər nəticəsində ölkədə arı ailələrinin və arıçılıq təsərrüfatlarının sayında əhəmiyyətli artım qeydə alınıb.

Nazir, həmçinin arıçılıq məhsullarının satışının təşviqi istiqamətində görülən işlərə toxunub. O qeyd edib ki, ötən il Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədarük və Təchizat ASC tərəfindən 25-ci Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçirilib. Tədbirdə ölkənin 30-dan çox regionundan 300-ə yaxın arıçı fermer iştirak edib və ümumilikdə 83,5 ton arıçılıq məhsulu satılıb.

Yarmarka çərçivəsində arıçılara məhsulların qablaşdırılması və brendləşdirilməsi istiqamətində də dəstək göstərilib. Bu tədbirlər arıçılıq məhsullarının daxili bazarda daha uğurlu təqdim olunmasına və gələcəkdə ixrac imkanlarının genişləndirilməsinə xidmət edir.

M.Məmmədov işğaldan azad edilmiş ərazilərin arıçılığın inkişafı üçün əlverişli təbii imkanlara malik olduğunu vurğulayıb. O bildirib ki, zəngin flora örtüyü və əlverişli təbii şərait həmin ərazilərdə arıçılığın inkişafı üçün böyük potensial yaradır.

Nazir qeyd edib ki, mövsümi arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərə köçürülməsinə 2021-ci ildən başlanılıb. Həmin il arıçılıq təsərrüfatlarının Laçın və Kəlbəcər rayonlarına mövsümi köçü həyata keçirilib: "2026-cı ilin mövsümi köç dövründə Kəlbəcər rayonu ərazisinə 3 396 fermerə məxsus 148 308 arı ailəsinin köçürülməsinə icazə verilib".

Məcnun Məmmədov qarşıda duran əsas hədəfin yerli arıçılıq məhsullarının keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq, Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək olduğunu bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər