Məcnun Məmmədov: Azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb
Far.Az xəbər saytı

Məcnun Məmmədov: Azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb


Bu il ərzində işğaldan azad olunmuş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb.

"Report"un Qarabağa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov II Bal Festivalında jurnalistlərə açıqlamasında bildirib.

Nazir işğaldan azad olunmuş ərazilərdə arıçılığın inkişafı, bal istehsalının artırılması və kənd təsərrüfatı sahəsində görülən işlər barədə də danışıb. M.Məmmədov bildirib ki, festivalın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə bal istehsalını təşviq etmək, eləcə də Kəlbəcərdə istehsal olunan balın həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməkdir: "Builki festivalda 40-a yaxın stend qurulub, Azərbaycanın müxtəlif bölgələrindən, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yaradılmış kooperativlər 40-a yaxın fermer və arıçı iştirak edir".

Onun sözlərinə görə, bu il ilk dəfə diplomatik korpusun nümayəndələri də festivalda iştirak edib: "İnanırıq ki, bu, festivalın beynəlxalq arenada tanınmasına xidmət edəcək".

Nazir Azərbaycanda, xüsusilə Kəlbəcərdə arıçılıq ənənələrinin qədim olduğunu vurğulayıb. O bildirib ki, dövlət işğaldan azad olunan ərazilərə qayıdan əhaliyə arıçılığın inkişaf etdirilməsi və bal istehsalının artırılması istiqamətində dəstək göstərir: "Ümumilikdə Azərbaycanda son illərdə arı ailələrinin sayında ciddi artım müşahidə olunur. Hazırda ölkədə 30 min arıçı fermer və 800 minə yaxın arı ailəsi fəaliyyət göstərir".

Kənd təsərrüfatı naziri işğaldan azad olunmuş ərazilərdə taxıl istehsalının da artdığını bildirib: "İşğaldan azad olunmuş ərazilərdə 2025-ci ildə 61 min ton taxıl istehsal olunmuşdusa, bu il həmin göstərici 76 min tona çatıb. Ötən illə müqayisədə məhsuldarlıq da artıb. Ötən il orta məhsuldarlıq 12 sentner olduğu halda, bu il 19 sentner təşkil edib. Bu, əsaslı dəyişiklikdir".

Nazirin sözlərinə görə, dövlət dəstəyi və təşviq tədbirləri nəticəsində azad olunmuş ərazilərdə müasir suvarma sistemlərinin tətbiqi də genişlənib: "Artıq 3 min hektardan çox ərazidə müasir suvarma altında əkin həyata keçirilir. Bu da məhsuldarlığa ciddi müsbət təsir göstərir".

O, həmçinin kəndlərə köçürülən əhaliyə torpaq sahələrinin təhkim olunması prosesinin davam etdiyini söyləyib: "Hazırda Ağdamın üç kəndində torpaqların təhkim olunması ilə bağlı elan verilib və oktyabrın 1-dək müraciətlər qəbul olunur".

Nazir bildirib ki, həmin ərazilərdə tarixən əsas kənd təsərrüfatı istiqamətlərindən biri heyvandarlıq olub: "Burada əkin üçün ərazi o qədər də geniş deyil. Əsasən iri və xırdabuynuzlu heyvandarlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Yeni salınan kəndlərdə və kəndətrafı ərazilərdə yeni fermaların tikintisi üçün sahələr ayrılır. Fermerlər həmin ərazilərdə yeni fermalarını qura biləcəklər".

Nazirin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərə, xüsusilə Kəlbəcərə 2021-ci ildən etibarən hər il heyvan köçü həyata keçirilir. Bu il ərzində 400 mindən çox heyvanın köçürülməsi həyata keçirilib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirildi
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər