Almaniyanın yeni "siması": İqtisadi problemlər və Paşinyana verilən 25 min avro
Almaniya uzun illərdir Avropanın iqtisadi lokomotivi, sabitlik və demokratik dəyərlərin əsas müdafiəçilərindən biri kimi təqdim edilir. Amma reallıqda son illərdə bu ölkənin daxili və xarici siyasətində izlənən ikiüzlü və bir-birinə zidd olan xətt ciddi suallar yaradıb. İlk olaraq, qeyd edək ki, son illərdə iqtisadi artımı zəifləyən, enerji və sənaye böhranı ilə üzləşən, miqrasiya siyasəti fiaskoya uğrayan Almaniyada sağ-radikal qüvvələrin yüksəlişi, Ukrayna müharibəsini bəhanə edərək sürətli hərbiləşmə xətti tutulur. Bu isə onun beynəlxalq məsələlərdə tutduğu mövqe ilə kəskin ziddiyət təşkil edir. Üstəlik insan hüquqlarının, qaydalara əsaslanan dünya nizamının tərəfdarı kimi çıxış edən rəsmi Berlinin siyasətində geosiyasi və iqtisadi maraqlar getdikcə daha qabarıq görünür.
İqtisadi liderlik mifi dağılır
Son illərdə Almaniya iqtisadiyyatında yaranan problemlərin kökü daha dərindir. Uzun illər ərzində formalaşdırılan sənaye yönümlü iqtisadi model üstünlüklərini getdikcə itirir. Artımın (cari ildə 1.2 faiz proqnozlaşdırılır) əsas hissəsi dövlət xərcləri və investisiyaları hesabına formalaşır. Hesablamalara görə isə bu, artımın 70 faizini təşkil edəcək. Almaniyanın Federal Statistika İdarəsinin məlumatına görə, 2026-cı ilin iyulunda sənaye istehsalı əvvəlki ilin eyni ayı ilə müqayisədə 3,3 faiz azalıb, aylıq müqayisədə ümumi sənaye istehsalı 2,2 faiz geriləyib. Avtomobil sənayesində isə geriləmə 9.2 faiz təşkil edib. Bundan əlavə, avtomobil sənayesində ciddi ixtisarlar aparılır. Təkcə "Volkswagen" şirkəti 2025-ci ildə minlərlə işçini ixtisar edib. 2030-cu ilə qədər isə bu rəqəm 35 minə çatacaq. Bu, həm də Almaniyanın iqtisadi modelinin ölkədəki məşğulluğa "töhfəsi" deməkdir. Qısacası, Almaniyanın iqtisadiyyatı qlobal rəqabətə tab gətirə bilmir. Buna təsir edən amillər isə yüksək enerji və istehsal xərcləri, texnoloji keçid və Çinlə rəqabətdir.
Enerji böhranı
Almaniyanın son illər Rusiyadan enerji asılılığının azaldılması üçün atdığı addımlar sənayedə əks effekt verdi. 2022-ci il Rusiya-Ukrayna müharibəsindən sonra sənayedə istifadə olunan elektrik enerjisinin qiyməti 12 sentdən (1 kilovat saat) 50 sentə qalxdı. 2023-cü ildə isə enerji qiymətlərində ABŞ və Çinlə müqayisədə 3 dəfədən çox bahalaşma qeydə olunub. Bu da göstərir ki, dövlət enerji bahalaşmasını əsasən iqtisadiyyata ötürür. Digər tərəfdən isə rəqabəti qorumaq üçün bu xərclərin bir hissəsini büdcədən ödəyir. Bu isə siyasətin özündə paradoks olduğunu üzə çıxarır. Bu gün dünyada enerji siyasətinin ölkənin milli təhlükəsizliyi qədər vacib olduğunu nəzərə alsaq, Berlin hökumətinin yeni və daha ucuz alternativ enerji formalaşdırmadan belə bir addım atması başadüşülən deyil. Nəticədə dövlət indi bir tərəfdən yüksək enerji xərclərini iqtisadiyyatın üzərinə buraxır, digər tərəfdən isə sənayeni qorumaq üçün subsidiyalar, vergi güzəştləri və kompensasiya mexanizmləri tətbiq edir.
"İnsan hüquqları müdafiəçisi" maskasının düşməsi
Avropaya və dünyaya uzun illər özünü insan hüquqlarının, qaçqınların müdafiəçisi və liberal dəyərlərin əsas tərəfdarı kimi tanıdan Almaniyanın son illər apardığı miqrasiya siyasəti ciddi ziddiyətlər üzə çıxarıb. 2025-ci ildən sərhəd nəzarətini sərtləşdirən, sığınacaq imkanlarını məhdudlaşdıran, miqrantların ailə birləşməsini dayandıran, deportasiya mexanizmlərini genişləndirən Berlin hökuməti əsl simasını üzə çıxarıb. 2025-ci ildə Almaniyada ilk dəfə sığınacaq müraciətlərinin sayı 113 236-ya düşüb ki, bu da əvvəlki illə müqayisədə yarıdan çox azdır. 2025-ci ilin mayından 2026-cı ilin eyni ayına qədər isə 35 min miqrant Almaniya sərhədlərindən geri qaytarılıb. Bu da onu göstərir ki, Almaniya xarici siyasətdə müdafiə etdiyi insan hüquqları prinsipi ilə daxili miqrasiya siyasətində tətbiq etdiyi sərt tədbirlər arasında yaranan məsafə getdikcə böyüyür. "Amnesty International", "Human Rights Watch", UNHCR kimi beynəlxalq qurumlar Berlinin bu siyasətini dəfələrlə tənqid edib. Almaniya məhkəmələrində isə miqrantlarla bağlı işlərin sayında çox ciddi şəkildə artım müşahidə edilir.
AfD-nin yüksəlişi
Almaniya hökuməti iqtisadi problemləri həll etmək, enerji qiymətlərini aşağı salmaq, miqrasiya məsələsində yumşalma siyasəti izləmək əvəzinə, uzun müddət bir-birini tamamlamayan qərar verdiyi üçün siyasi mərkəzdə boşluq yaranıb. AfD isə bu boşluqdan və hökumətin siyasətinə artan narazılıqdan istifadə edərək, bunu siyasi üstünlüyə çevrilib. Almaniyanın tarixində siyasi və iqtisadi böhranın radikal siyasi qüvvələrin yüksəlişinə şərait yaratdığı və həmin qüvvələrin hakimiyyətə gəldikdən sonra ölkənin xarici siyasət kursunu köklü şəkildə dəyişdirdiyi artıq məlum tarixi faktdır. 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsindən sonra Almaniyanın xarici siyasəti ekspansionist və militarist istiqamətdə dəyişdi. 1939-cu ildə isə dünya müharibəsinə səbəb oldu. Düzdür, bu gün AfD fərqli proqram irəli sürsə də, məsələn, Ukraynaya hərbi yardımın dayandırılması, Rusiya ilə enerji əlaqələrinin bərpasını, Moskvaya qarşı sanksiyaların ləğvini tələb etsə də, sonrakı dövrlərdə hansı qərar verəcəyi şübhə altındadır.
Ermənistan reeksport üçün alətdir
Almaniyanın son vaxtlar Cənubi Qafqaz da fəallığının artması diqqətdən kənar qala bilməz. Berlin son illərdə İrəvanla siyasi, iqtisadi və digər sahələrdə əlaqələri genişləndirir, onun Aİ-yə inteqrasiyasını açıq şəkildə dəstəkləyir. 2024-cü ildə Almaniya ilə Ermənistan arasında ticarət dövriyyəsi 554 milyon avroya çatıb və Berlin İrəvanın Aİ daxilində ən mühüm ticarət tərəfdaşı kimi göstərilir. 2025-ci ilin dekabrında isə iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsini nəzərdə tutan birgə deklarasiya imzalanıb. Burada diqqət çəkən məqam odur ki, Berlinin İrəvanla yaxınlaşmasının əsas tərəfi Rusiya ilə bağlı iqtisadi reallıqlardır. Almaniya üzdə Rusiyaya qarşı sərt sanskiya siyasətinin əsas tərəfdarlarından olsa da, Ermənistan Aİ mənşəli malların Rusiyaya reeksportu üçün əsas kanal kimi istifadə olunur. Rəsmi rəqəmlərə görə, Ermənistanın Rusiyaya ixracı 2022-ci ildə təxminən 2,5 milyard dollara çatmışdısa, 2025-ci ildə bu göstərici 2,96 milyard dollar təşkil edib.2022-ci ildə ixracın 76 faizini reeksport təşkil edib. 2025-ci ildə də ixracın strukturunda reeksport xarakterli məhsulların əhəmiyyətli payı qalıb: əsas reeksport qruplarının yalnız üçü ümumi ixracın 35,2 faizini təşkil edib. Yəni Ermənistandan Rusiyaya gedən malların böyük hissəsi burada yox, Avropada, ən çox da Almaniyada istehsal edilir və Ermənistan üzərindən Rusiyaya satılır. Məhz burada Almaniyanın Rusiya siyasəti ilə Ermənistan siyasəti arasında maraqlı bir ziddiyyət ortaya çıxır. Berlin Moskva ilə iqtisadi əlaqələrin məhdudlaşdırılmasını və sanksiya rejiminin qorunmasını təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən birinə çevirib, eyni zamanda Ermənistanın Avropaya inteqrasiyasını və iqtisadi imkanlarının genişlənməsini dəstəkləyir. Halbuki Almaniyanın özünün maliyyələşdirdiyi ekspert platformasının məlumatları Ermənistanın Rusiya ilə ticarətində reeksportun mühüm rol oynadığını göstərir. Bu, avtomatik olaraq Almaniyanın Ermənistan üzərindən Rusiyaya sanksiyalardan yayınmağa şərait yaratdığını sübut edir.
"Geydirmə sülh mükafatı"
Sentyabrın 18-də isə Ermənistanın Baş naziri Nikol Paşinyana Hessen Sülh Mükafatı təqdim edildi. Əslində heç bir nüfuzu olmayan, beynəlxalq səviyyədə qəbul edilməyən, heç bir dövlət başçısının bu mükafat üçün yorta-yorta Almaniyaya səfər etmədiyi Hessen Sülh Mükafatı əslində Ermənistanın başının altına qoyulan yastıqdan, Berlinin Cənubi Qafqazla bağlı ikiüzlü siyasətindən başqa bir şey deyildi. Almaniya bildirir ki, bu mükafatı Nikol Paşinyana sülh səylərinə görə verib. Məsələ burasındadır ki, Azərbaycan- Ermənistan münasibətlərində sülhün formalaşması, sülhə doğru atılan addımlar məhz rəsmi Bakının təşəbbüsü ilə gerçəkləşib. Hələ bu yaxınlara qədər Qarabağ, Qarabağ ermənilərinin hüquqlarından dəm vuran, zaman-zaman revanşimz meyllərindən danışan erməni cəmiyyətinin hökumət başçısına sülh mükafatının təqdim edilməsi ikiüzlü siyasətdən başqa bir şey deyil. Azərbaycanın təşəbbüsləri, danışıqlar prosesi və birbaşa siyasi dialoq sülh gündəliyinin əsasını formalaşdırıb. Yəni, Cənubi Qafqazda sülhün memarı Azərbaycandır, Ermənistan deyil. Əslində Azərbaycanın bu tip mükafatlara qəti ehtiyacı da yoxdur. Çünki mənşəyi bəlli olmayan, tarixçəsi qalmaqalla dolu bu mükafat rəsmi Bakı üçün heç bir əhəmiyyət kəsb etmir. Misal çəkək, 2019-cu ildə Efiopiyanın Baş naziri Abiy Ahmedə bu mükafat verilsə də, 2021-ci ilin dekabr ayında geri alınıb. Bu da qurumun və mükafatın ciddiliyi barədə müxtəlif suallar doğurur. Üstəlik, Paşinyanın sevinə-sevinə mükafatı aldığı tədbirdə çıxış edən alman rəsmilərin əsas tezisi Ermənistanın Avropaya yaxınlaşması üzərində qurulub. Bu da o deməkdir ki, mükafat əslində Qərbə inteqrasiya kursuna görə verilib və siyasi dəstəkdir. Paşinyanı isə çox güman ki, maraqlandıran mükafatla birlikdə təqdim edilən 25 min avrodur.
Beləliklə, Almaniyanın Ermənistan siyasətində bir-birindən fərqli görünən iki xətt kəsişir: siyasi müstəvidə Berlin Ermənistanın Rusiyadan uzaqlaşaraq Avropaya inteqrasiyasını dəstəkləyir, iqtisadi müstəvidə isə Ermənistanın Rusiya ilə böyük ticarət əlaqələri və reeksport imkanları qalmaqda davam edir. Bu vəziyyət Almaniyanın Cənubi Qafqaz siyasətinin demokratiya və sülh ritorikası ilə deyil, Rusiya ilə geosiyasi rəqabət, regional təsir və iqtisadi maraqlar kontekstində qurduğunu sübut edir.
Kamil Məmmədov
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxda açıq ərazidə yanğın baş verib
-
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat
-
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib













