UN-Habitat İçərişəhərdə sakinlər və turistlər arasındakı balansı araşdırır
Far.Az xəbər saytı

UN-Habitat İçərişəhərdə sakinlər və turistlər arasındakı balansı araşdırır


BMT-nin Məskunlaşma Proqramı İçərişəhərdəki sakinlər və turistlər arasındakı həssas balansı araşdırır.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı ofisinin rəhbəri Anna Soave Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) 2-ci günü çərçivəsində təşkil olunan paneldə bildirib.

A.Soavenin sözlərinə görə, UN-Habitat yerli sakinlərin ehtiyacları ilə ziyarətçilərin tələbatları arasındakı həssas balansı qorumaq üçün İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə dialoqa başlayıb: "İçərişəhər Bakının tarixi məhəlləsidir. UN-Habitat-ın fəaliyyəti əsasən mənzil təminatı ətrafında cəmləşib. Beynəlxalq təcrübə göstərir ki, tarixi evlər yalnız qısamüddətli kirayə obyektlərinə və ya qonaq evlərinə çevrildikdə, bir çox sakin iqtisadi təzyiqlər səbəbindən oradan uzaqlaşmalı olur. Onlarla birlikdə ziyarətçilərin görməyə gəldiyi həmin canlı həyat mühiti də itir. Məkanların həqiqi dəyərini qorumaq istəyiriksə, bu məsələyə xüsusi diqqət yetirməliyik".

Ofis rəhbəri əlavə edib ki, bu problemlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin UN-Habitat-ın dəstəyi ilə həyata keçirdiyi Azərbaycanın Milli Şəhərsalma Siyasəti çərçivəsində ünvanlanır: "Sözügedən siyasət torpaq və mənzil təminatı, mobillik, iqtisadi inkişaf və investisiya kimi mühüm məsələləri uzunmüddətli məkan baxışı ilə bir araya gətirir".

O qeyd edib ki, turizmin inkişafında əsas məsələ gələn turistlərin sayından çox, onların baş çəkdikləri məkanlarda yaratdıqları dəyərdən ibarətdir: "Yəni onlar nə qədər qalırlar, nəyə investisiya qoyurlar, nəyə pul xərcləyirlər. Yeni dövlət proqramında kiçik və orta sahibkarlığın qeyd olunduğunu eşidəndə bunun çox vacib olduğunu düşünürəm. Dövlət-özəl tərəfdaşlığı da investisiyaların yatırılması üçün mühüm məsələdir".

Oxşar xəbərlər

Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
FHN "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər