Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib
Far.Az xəbər saytı

Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib


Brüsseldə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinin dəstəyi, Brüssel Azərbaycan Evinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü münasibətilə anım tədbiri keçirilib.

"Report"un Avropa bürosunun məlumatına görə, tədbirin əvvəlində Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Azərbaycanın Belçika Krallığındakı səfiri Məmməd Əhmədzadə 27 Sentyabr - Anım Gününün xalqımızın müasir tarixində xüsusi və dərin mənəvi əhəmiyyət daşıdığını vurğulayıb. Səfir Azərbaycanın tarixi Zəfərinin və ərazi bütövlüyünün bərpasının əsasında uzunmüddətli dövlətçilik siyasətinin, milli həmrəyliyin, habelə ölkənin siyasi, iqtisadi və müdafiə potensialının gücləndirilməsinin dayandığını qeyd edib.

Ermənistanın Azərbaycana qarşı 30 il davam etmiş hərbi təcavüzünün ağır nəticələrindən danışan diplomat bildirib ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün imkanları ərazi bütövlüyümüzün bərpası istiqamətində səfərbər edilib.

M. Əhmədzadə 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazisində dövlət suverenliyini tam bərpa etdiyini və bununla da, ərazi bütövlüyünün və suverenliyin bərpası prosesinin başa çatdığını bildirib. Diplomat, Azərbaycan tərəfindən tarixi ədalətin bərpası ilə yanaşı, regionda davamlı sülhün bərqərar edilməsi istiqamətində ardıcıl tədbirlərə, habelə Vaşinqtonda keçirilmiş sammitin tarixi nəticələrinə toxunub.

Daha sonra çıxışlarda şəhidlərin qəhrəmanlığı xüsusi qeyd olunub, qazilərə ehtiram ifadə edilib. Vurğulanıb ki, şəhidlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq, onların göstərdiyi şücaət və fədakarlıq gələcək nəsillər üçün örnək olacaq. Tədbir çərçivəsində 27 Sentyabr - Anım Gününə və Vətən müharibəsinə həsr olunmuş filmlər nümayiş etdirilib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər