Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü qeyd edilib
Far.Az xəbər saytı

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü qeyd edilib


1 oktyabr – Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı münasibətilə Baş Prokurorluqda tədbir keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyub.

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları ziyarət olunub.

Daha sonra Şəhidlər xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə gül dəstələri qoyub.

Baş Prokurorluğun inzibati binasında davam etdirilən tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Dövlət Himni səsləndirilib.

Tədbirdə Baş prokuror Kamran Əliyev çıxış edərək prokurorluq orqanlarında çalışan əməkdaşları və veteranları peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan Prokurorluğunun 108 illik inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələrdən danışıb.

Çıxış zamanı müasir Azərbaycan Prokurorluğunun formalaşmasında Heydər Əliyevin müstəsna xidmətləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi və institusional islahatların prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə verdiyi töhfələr xüsusi vurğulanıb.

Həmçinin, çıxışda ölkəmizdə hüquq və qanunçuluq institutlarının inkişafına, insan hüquq və azadlıqlarının qorunmasına, sosial və humanitar dəyərlərin təşviqinə göstərilən yüksək dövlət diqqətindən bəhs edilərkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətin də mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Tədbirdə son illərdə prokurorluğun maddi-texniki bazasının gücləndirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi, "Elektron Prokurorluq" informasiya sisteminin inkişaf etdirilməsi, işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin bərpası və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Sonra xidməti fəaliyyətlərində fərqlənmiş bir qrup prokurorluq əməkdaşının təltif olunması mərasimi keçirilib.

Prokurorluq veteranları çıxış edərək Azərbaycan Prokurorluğunun keçdiyi 108 illik şərəfli inkişaf yolundan, prokurorluq peşəsinin ənənələrindən və müxtəlif nəsilləri təmsil edən əməkdaşların qanunçuluğun təmin olunması istiqamətində fəaliyyətindən bəhs ediblər.

Tədbir çərçivəsində Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş "108 il – Qanunun keşiyində" adlı qısametrajlı sənədli film nümayiş etdirilib. Filmdə Azərbaycan Prokurorluğunun 108 illik tarixi, formalaşması və inkişaf mərhələləri, Heydər Əliyevin prokurorluq orqanlarının inkişafında rolu, müasir dövrdə həyata keçirilən hüquqi və institusional islahatlar, eləcə də müxtəlif nəsilləri təmsil edən prokurorluq əməkdaşlarının peşəyə münasibəti öz əksini tapıb.

Sənədli filmdə veteran və hazırda prokurorluq orqanlarında çalışan əməkdaşların "Prokurorluq sizin üçün nə ifadə edir?" sualına verdikləri cavablar vasitəsilə peşənin nəsillərarası varisliyi, dövlətə və qanuna sədaqət, ədalət və məsuliyyət anlayışları ön plana çəkilib.

Tədbirə yekun vurularkən prokurorluq əməkdaşlarının bundan sonra da qanunun aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, dövlətçilik ənənələrinin və ictimai maraqların qorunmasına layiqli töhfələr verəcəklərinə əminlik ifadə olunub.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını, Zəfər abidəsini ziyarət edib
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər