Fərid Qayıbov: "İşğaldan azad olunmuş ərazilərdə idman yarışlarının arealı genişlənir"
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilən idman yarışlarının arealı ildən-ilə genişlənir.
"Report" xəbər verir ki bunu gənclər və idman naziri Fərid Qayıbov "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin açılış mərasimində deyib.
O, azad edilmiş torpaqlarda keçirilən turnirlərin əhəmiyyətini qeyd edib:
"Üçüncü dəfədir təşkil olunan yarış artıq ənənəyə çevrilib. Mingəçevir reqatası hər il keçirilir və azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır. Ölkə başçısının tapşırıqlarına əsasən bütün sahələr, həmçinin idman inkişaf edir. Qarabağın müxtəlif şəhərlərində yeni idman bölmələri açılır, həm yerli, həm də beynəlxalq yarışlar keçirilir. Bizi sevindirən hal odur ki, turnirdə artıq 12 ölkədən iştirakçılar var. Təşkilatçılığın səviyyəsi çox yüksəkdir. Bütün idmançılara uğurlar arzulayırıq və inanırıq ki, bu yarışlar növbəti illərdə daha da genişlənəcək. Ümid edirəm ki, gələcəkdə Avropa və dünya çempionatlarını da həm burada, həm də Mingəçevirdə keçirəcəyik".
Nazir azad edilmiş ərazilərdə idman infrastrukturunun qurulması istiqamətində görülən işlərdən bəhs edib:
"Bir çox federasiyalar artıq hər il beynəlxalq yarışlar keçirirlər. Velosiped, şahmat turnirləri var və yeni idman bölmələri açılır. Bütün federasiyalarla birlikdə bu sahəni daha da genişləndirməyə çalışırıq. Füzulidə idman zalı, Ağdamda stadion tikiləcək, digər rayonlarda da idman zallarının inşası planlaşdırılır. Bu obyektlər istifadəyə verildikcə yarışların arealı daha da artacaq".
F.Qayıbov su idmanı növlərinin inkişafı və yerli əhalinin bu sahəyə marağı barədə danışıb:
"Artıq azad olunmuş torpaqlarımızda üç su anbarında - Suqovuşan, Köndələnçay və Sərsəngdə bu yarışları keçirmişik. Sevindirici haldır ki, yarışlara çoxlu yerli uşaq və əhali toplaşır. Bu, həmin idman növünü burada daha da inkişaf etdirməyin mümkünlüyünü göstərir. Uşaqlar üçün təkcə bu idman növündə deyil, digər sahələrdə də yeni bölmələr açılmalıdır. Məktəblərimizdə yaxşı şərait var və uşaqlar oradakı zallardan istifadə edirlər".
Nazir su idmanı növləri üzrə yerli idmançıların çıxışına toxunub:
"Əvvəllər bu idman növü yalnız Mingəçevirdə idi. Artıq Bakıda da bölmələrimiz var. Azərbaycanda göllər və su anbarları çoxdur. Federasiya ilə birgə bu idman bölmələrinin digər rayonlarda da açılması planlaşdırılır. Yaxın gələcəkdə rəqabətin daha da artacağını izləyəcəyik".
F.Qayıbov Bakının böyük beynəlxalq yarışlara ev sahibliyi etdiyini xatırladıb:
"Bakı dünyanın idman paytaxtıdır. İlin əvvəlindən bir çox federasiyalar beynəlxalq yarışlar, dünya çempionatları və dünya kubokları keçiriblər. "Formula 1" üzrə Azərbaycan Qran-prisi yeni başa çatdı. Bir neçə gündən sonra Bakıda ilk dəfə üzgüçülük üzrə Dünya Kuboku start götürəcək. Ardınca cüdo və sumo üzrə dünya çempionatları təşkil olunacaq. Voleybol üzrə Avropa çempionatı da yeni bitib. Bütün idmançılarımıza uğurlar arzulayırıq".
Qeyd edək ki, "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













