Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək
Far.Az xəbər saytı

Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək


Məcburi köçkünlərin elektron bazasındakı məlumatların tam dəqiqləşdirilərək yenilənməsi tapşırılıb.

"Report" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli bölmə və nümayəndəliklərinin iştirakı ilə keçirdiyi Regional idarəetmə və status şöbəsinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclasda bildirilib.

Qeyd olunub ki, tədbirdə qurumun yerli bölmə və nümayəndəliklərinin rəhbərlərinə işin səmərəli qurulması, fəaliyyətin günün tələblərinə uygun təşkili istiqamətində zəruri tələb və tövsiyələr çatdırılıb. Mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyi vurğulanıb, məcburi köçkünlərin elektron bazasındakı məlumatların tam dəqiqləşdirilərək yenilənməsi tapşırılıb.

İclasda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, keçmiş məcburi köçkünlər arasında yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışla bağlı məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin mütəmadi davam etdirilməsinə dair göstəriş verilib.

Bu çərçivədə işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən həyata keçirilən müasir infrastruktur layihələri, Böyük Qayıdışın mərhələləri, məskunlaşma qrafiki və növbəlilik prinsipləri barədə sakinlərə dövri və rəsmi məlumatların mütəmadi olaraq çatdırılması üçün müvafiq materialların hazırlanması tapşırılıb.

Həmçinin diqqətə çatdırılıb ki, Dövlət Komitəsi yaradılmış elektron sistem vasitəsilə keçmiş məcburi köçkünlər arasında mütəmadi sorğular keçirir. İşğaldan azad olunmuş ərazilərə qayıtmaq istəyən şəxslərin ailə tərkibi, sağlamlıq vəziyyəti və peşə ixtisasları rəsmi qaydada qeydiyyata alınır. Bu məlumatlar azad edilmiş ərazilərdə tikiləcək mənzillərin sayının, məktəblərin və iş yerlərinin profilinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

Görüşdə məskunlaşma prosesinin və evlərin püşkatma yolu ilə paylanmasının rəsmi qurumların, media nümayəndələrinin və köçkün icmalarının iştirakı ilə tam şəffaf şəkildə icra edildiyi, Qarabağ və Şərqi Zəngəzura köçürülmə, sakinlərin və onların əmlakının təhlükəsiz daşınması və yerləşdirilməsinin dövlət vəsaiti hesabına həyata keçirildiyi vurğulanıb. Yerli struktur rəhbərlərinə vətəndaşların sosial şəbəkələrdə yayılan qərəzli və dəqiqləşdirilməmiş məlumatlardan uzaq durmaları üçün müvafiq maarifləndirmə işlərinin aparılması tapşırılıb.

İclas zamanı yerlərdə mövcud olan problemlər dinlənilib, onların həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda yerli bölmə rəhbərlərinə məcburi köçkünlərlə iş sahəsində qanunvericilikdə edilən yeniliklər barədə müraciət edən hər bir vətəndaşa ətraflı məlumatın verilməsi, ağır şəraitdə yaşayan məcburi köçkünlər haqqında məlumatların dəqiqliklə araşdırılaraq Komitəyə təqdim edilməsi və müraciətlərə baxılarkən qanunvericiliyin tələblərinin gözlənilməsi bir daha diqqətə çatdırılıb.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər